Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-998/2022 17.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı nümaynədəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)- 559/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********67-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Muradova X1 şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı 6000 manat kompensasiya verməklə Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini və onun həmin fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində olan Mingəçevir şəhəri, ünvan 2 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən cavabdehin çıxarılması və yaşayış sahəsinin boşaldılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zaman idiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, ünvan 2 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən cavabdehin çıxarılması və yaşayış sahəsinin boşaldılmasına dair tələbini, cavabdehə 6000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması formasında dəyişdirərək, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərdi ki, Cavabdeh iddiaçının doğma bacısıdır. iddiaçının Mingəçevir şəhərində qeydiyyatı olmadığından, aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı Mingəçevir şəhəri, ünvan 2 ünvanda, 0,04 ha həyətyanı torpaq sahəsini cavabdehin adına almış və orada öz vəsaiti hesabına ümumi sahəsi 184,75 kv.m, yaşayış sahəsi 75,62 kv.m, yardımçı sahəsi 109, 13 kv.m olan iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evi cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə, Mingəçevir şəhər 2 saylı Notariat kontorunda, 4Ə395 nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* saylı Bağışlama müqaviləsi əsasında təmsil etdiyi şəxsə bağışlanmış və bundan sonra həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə təmsil etdiyi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, **********67-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Təmsil etdiyi şəxs cavabdehi müvəqqəti olaraq həmin evə buraxsa da, cavabdeh bu günədək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayır, təmsil etdiyi şəxs və onun ailə üzvləri ilə mübahisə və münaqişə yaradır, kommunal xərclərin ödənilməsində iştirak etmir, dəfələrlə xəbərdarlıqlaq etməyinə baxmayaraq, könüllü olaraq evdən də çıxmaq istəmir. Əksinə, təmsil etdiyi şəxsə qarşı məhkəmədə əsassız iddialar qaldırır, onu məhkəmə çəkişmələrinə cəlb edir, onu və ailə üzvlərini hədələyir və təhqir edir. Cavabdeh “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bağışlamadan imtina və əmlakın geri qaytarılması” tələbi ilə iddiaçıya qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti isə təmin edilməmişdir. Cavabdehin təmsil etdiyi şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşaması, təmsil etdiyi şəxsin mülkiyyət hüquqlarını pozur. Buna görə də təmsil etdiyi şəxs mülkiyyətində olan yaşayış sahəsinə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Bununla belə təmsil etdiyi şəxs cavabdeh doğma bacısı olduğuna görə humanistlik nümayiş etdirərək, mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsini adi qaydada deyil, cavabdehə 6000 manat məbləğində kompensasiya verilməklə tələb edir. Hesab edir ki, təmsil etdiyi şəxsin təklif etdiyi kompensasiya məbləği cavabdehin Mingəçevir şəhərində eyni şəraitli evdə 3 ildən artıq müddətə kirayədə yaşaması üçün yetərlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı tərəfindən verilmiş iddia tam əsasızdır. Belə ki, kiçik oğlu Muradlı Fərid ağır astma xəstəsidir və bu səbəbdən də əsgərliyə aparılmamışdır. Digər oğlu Muradlı Üzeyir isə İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş və beynindən zədə almış və sağ gözü tamamilə görmə qabiliyyətini itirmişdir. O özü isə ağır Penfikus xəstəliyindən əziyyət çəkir. Bütün bunlara baxmayaraq, bacısı Stella tələb edir ki, onlar mənzili boşaltsınlar. Eləcə də iddiaçının təklif etdiyi 6.000 manat kompensasiya məbləği onun və ailə üzvülərinin özləri üçün yaşayış sahəsi əldə etmələri və yaxud eyni şəraitli yaşayış sahəsində 1 ildən artıq müddətə kirayədə yaşamaları üçün olduqca azdır. Çünki hazırkı vaxtda Mingəçevir şəhərində iddiaçının mülkiyyətində olan fərdi yaşayış oxşar şəraitli evlərinin kirayə haqqı 400-500 manat təşkil edir. İddiaçının Mingəçevir şəhərində evlərin kirayə haqqı ilə bağlı təqdim etdiyi arayışlar isə reallığı əks etdirmir. Eləcə də onun hazırda heç bir yaşayış sahəsi yoxdur. Çünki mülkiyyətində olan fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Həmin vaxt isə iddiaçı mübahisəli evdən daima istifadə etməsinə etiraz etməyəcəyinə və yaxud evdən çıxan zaman ona mənzil və ya fərdi yaşayış evi alacağına şifahi vəd vermişdir. O da bacısı olduğuna görə iddiaçıya inanmışdır. Hazırda isə iddiaçı ona çox az miqdarda kompensasiya təklif edir. Bu isə hazırkı şəraitdə onun küçədə qalması deməkdir. Belə olan halda o, kiçik bir otaq almaq üçün iddiaçıdan ona 25000 manat kompensasiya ödənilməsini tələb edir. Əks halda, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh isə iddiaçının doğma bacısıdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatdadır və iddiaçı və ailə üzvləri ilə birlikdə orada yaşayır. Aralarında olan narazılığa görə iddiaçı Cavabdeh ilə birlikdə yaşamaq istəmir. İddiaçı 6000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz edərək 25000 manat məbləğində kompensasiya verilməklə onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini tələb edir. Mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Mingəçevir şəhəri, Samux küçəsi, 90/62 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir, yəni iddiaçı mülkiyyətçidir. Cavabdeh isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malik olan şəxsdir. İddiaçı ilə cavabdeh arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir. Ona görə də məhkəmə həmin halı işin mübahisələndirilən halı kimi qəbul edir və tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Bununla belə mübahisənin həlli zamanı cavabdehin də qanunla qorunan əsaslı mənafeləri nəzərə alınmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh doğma bacı olmaqla, mübahisəli evdə yaşamış, əvvəlcə mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuş, sonradan cavabdeh həmin fərdi yaşayış evini əvəzssiz olaraq iddiaçıya bağışlamışdır. Doğrudur, hazırda cavabdehin mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasa da, onun həmin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ vardır və həmin hüquq əmlak hüququ olmaqla yanaşı, istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırda cavabdehin mülkiyyətində və istifadəsində daşınmaz əmlak olmadığına görə mübahisəli fərdi yaşayış evi cavabdehin yeganə yaşayış sahəsidir. Belə olan halda iddiaçının təkilif etdiyi 6.000 manat kompensasiya məbləği, cavabdehin və ailəsinin müəyyən müddət daxilində başqa yerdə mübahisəli fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutaraq, iddiaçı tərəfindən iddia təklif edilən 6.000 manat kompensasiya məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni kompensasiya muqabilində mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 6000 manat məbləğdə kompensasiya hazırkı vaxta mülkiyyətində və istifadəsində heç bir yaşayış sahəsi olmayan cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə başqa yerdə əvvəlki mənzilə xas olan şəraitdə yaşaması üçün yetərli hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehin mənzildən istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi üçün ona 6000 manat məbləğində kompensasiya təklifi yetərlilik baxımından əsaslı hesab edilə bilməz. Ona görə ki, təklif onunan kompensasiya məbləği cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddətdə başqa yerdə əvvəlki evə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi üçün kifayət deyildir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)-559/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd olunmuş, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********67-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Muradova X1 şəhəri, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan kirayə qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 120-130 manat, Nizami küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 120-130 manat, M.Maqomayev küçəsində mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 130-150 manat, Sağ sahil qəsəbəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 80-100 manat, Ş.İ.Xətai küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 100-120 manat olaraq qiymətləndirilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işdəki dəlil və sübutlardan görünür ki, iddiaçı kompensasiya şəklində konkret məbləğ təklif etməklə cavabdehin istifadə hüququna xitam verilməsini və onun evdən çıxarılmasını tələb etmişdir. Həmçinin görünür ki, iddiaçı kompensasiya məbləğini müəyyən edərkən konkret fakta əsaslanmışdır. Yəni Mingəçevir şəhəri üzrə kirayə qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli rəyə istinad etmişdir. Qətnamədən görünür ki, iddiaçının təqdim etdiyi bu kompensasiya məbləğinin Mingəçevir şəhəri üzrə reallığa uyğun olub-olmamadığı və reallıqda hansı miqdarda kompensasiya verilməsinin daha ədalətli olması barədə məhkəmə tərəfindən hər hansı mövqe bildirilməmişdir. Eyni zamanda məhkəmə qətnamədə cavabdehin mülkiyyətçi olmadığını və mübahisəli yaşayış sahəsindən hər hansı paya hüququnun olmadığını qeyd etsə də, faktiki cavabdehin tələb etdiyi kompensasiya məbləğinə də münasibət bildirməmiş, tərəflər arasındakı mübahisənin ədalətli həll edilməsi məqsədilə, kompensasiyanın ədalətli miqdarının nə qədər olmasını və bu məbləğin iddiaçının ödəməyə razı olub-olmamasını aydınlaşdırmamışdır. Bununla da məhkəmə tərəflər arasındakı mübahisəni həll edərkən həm MM-nin 228-ci maddəsinin tələblərinə, həm də yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında göstərilən möqeyinə əməl etməmişdir. Ona görə hə hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün hallar aydınlaşdırılmamışdır. Məhkəmə Mingəçevir şəhəri üzrə faktiki kirayə mənzillərin və ya fərdi yaşayış evlərinin aylıq və ya illik məbləğləri, ümumiyyətlə cavabdehin müəyyən müddət uyğun şəraitli mənzildə yaşaması üçün hansı miqdarda vəsaitin tələb olunduğu ilə bağlı konkret dəlil və sübutlara əsaslanmamış, yalnız cavabdehin tələb etdiyi məbləğə istinad etsə də, həmin məbləği də əsaslı hesab etməmişdir. Qanunvericiliyin tələblərinə görə məhkəmə özü ədalətli kompensasiya məbləğinin miqdarını hazırkı bazar qiymətinə uyğun müəyyənləşdirib onu iddiaçıya təklif etməli olduğu halda, bunu etməmişdir. Belə ki, məhkəmə qanunun bu göstərişinə əməl edib, iddiaçının təklif etdiyi məbləğlə müqayisədə daha ədalətli və əsaslı kompensasiyanın məbləğini müəyyən edib və bu məbləği ödəməli olmasını iddiaçıya təklif etmiş olsaydı, bu mübahisə həll edilmiş olardı. Çünki, cavabdeh də artıq bezdiyini və iddiaçı ilə birlikdə yaşamağın mümkün olmadığını bildirmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi haqqında 13 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümaynədəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, kompensasiya məbləğinin artırıb 10000 manat ödəmək istəmələri barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)-559/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının nümayəndəsinin 10000 manat kompensasiya ödəmək istəməsi ilə razı olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qərarlar: “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazarqiymətinə uyğun olaraqmüəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)-559/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən istifadə hüququna xitam verilməsinə kifayət edəcək kompensasiya məbləğini müəyyən etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına kompensasiyanın həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, kompensasiyanın həcmini artıraraq 10 000 (on min) manat kompensasiya verməklə Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan verməməsi qənaətinə gəlsə də, buna uyğun gələn məbləği qətnaməsində müəyyən etməmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına kompensasiyanın həcminin artırılması barədə ərizə təqdim etməkdə haqlı olmuşdur. Eyni zamanda, hazırki iş üzrə Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 10.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət edərkən istifadə hüququna xitam verilməsinə kifayət edəcək kompensasiya məbləğini müəyyən etməməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, qətnаmə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)-559/2022 saylı qətnaməsi ləğv olunmalı, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməli, İddiaçı tərfindən Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Mingəçevir şəhəri, ünvan 2 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(051)-559/2022 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərfindən Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Mingəçevir şəhəri, ünvan 2 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə istifadə hüququna xitam verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-998/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-998/2022
17.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver