Məhkəmə qərarları › İş №2(110)-122/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-122/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-122/2024 24.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh adına qeydə alınmış Şərur rayon Dərvişlər kəndində yerləşən JN-168-A, JN-168-A1, JN-168-A2 nömrəli dövlət aktları əsasında verilmiş 2,12 ha (24466,77 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə ona çatan payın naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, Cavabdeh ilə 1989-cu ildə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan dörd uşaqlarının doğulduğunu, uşaqların yetkinlik yaşlarına çatdıqlarını, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, birgə nikahda əldə etdikləri əmlaka məhkəmə qətnaməsi ilə ½ pay müəyyən olunduğunu, Şərur rayon Dərvişlər kəndində yerləşən JN- 168-A, JN-168-A1, JN-168-A2 nömrəli dövlət aktları əsasında verilmiş 2,12 ha (24466,77 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh adına qeydə alındığını, həmin torpaqlara ½ pay müəyyən olunsa da naturada bölünmədiyini, öz payına düşən hissəni satmaq istədiyini, lakin rəsmi bölgü olmadığına görə sata bilmədiyini, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsində qeyd olunan halları təsdiqlədiyini, torpaq sahəsinin faktiki olaraq bölündüyünü, plan-sxeminə əsasən birinci əraziyə düşən torpaq sahəsini istədiyini, öz torpaq sahəsini icarəyə verdiyini, cavabdehlə razılaşa bilmədiklərini, cavabdehin onlarla danışmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan JN-168-A, JN-168-A1, JN-168-A2 nömrəli, kod 10205018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarından görünür ki, Şərur rayon Dərvişlər kəndində yerləşən 2,12 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli AZ-l № 221966 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2021-ci il tarixdə pozularaq 23 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 92/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Şərur rayon Arpaçay kəndində yerləşən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********83-10301 nömrə ilə qeydə alınmış 1745,32 kv.m torpaq sahəsi və üzərindəki ümumi sahəsi 225,30 kv.m olan fərdi yaşayış evi və Şərur rayon Dərvişlər kəndində yerləşən JN-168-A, JN-168-A1, JN-168-A2 nömrəli dövlət aktları əsasında verilmiş 2,12 hektar (21166,77 kv.m) kənd təsərüffatı təyinatlı torpaq sahələri Cavabdeh və X2 tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan payları bərabər qaydada müəyyən olunsun və ½ (ikidə bir) hissə Cavabdeh mülkiyyətində saxlanılmaqla ½ (ikidə bir) hissəsinə X1 payı müəyyən olunması qət edilmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 794 nömrəli rəyindən görünür ki, Şərur rayonu Dərvişlər kəndində ümumi paylı mülkiyyətdə olan 2,12 ha (24466,77 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrılıqda ½ paylara ayrılması texniki cəhətdən mümkün olduğu mümkündür və bu barədə plan sxem tərtib olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayon Dərvişlər kəndində yerləşən 2,12 ha torpaq sahəsi birgə nikah dövründə mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Şərur Məhkəməsinin qətnaməsi ilə ər-arvadın birgə nikah dövründə əldə olunan torpaq sahəsinə ½ payları müəyyən olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən ½ (ikidə bir) hissə payın naturada təcrid sahələr şəklində ayrılması texniki baxımdan mümkün sayılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayon Dərvişlər kəndində yerləşən JN-168-A, JN-168-A1, JN-168-A2 nömrəli dövlət aktları əsasında verilmiş 2,12 ha (24466,77 kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıya çatan ½ (ikidə bir) hissə pay naturada ayrılmalıdır. Payın ayrılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 794 nömrəli rəyinin torpaq sahəsinin bölünməsinə dair plan sxemi əsasında aparılmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib iddiaçının məhkəmə xərclərinin ödənilməsi ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Mülki-Prosessual Məcəllənin 119.4-cü maddəsinə əsasən ödənilmiş Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 40 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh adına qeydə alınmış Şərur rayon Dərvişlər kəndində yerləşən JN-168-A, JN-168-A1, JN-168-A2 nömrəli dövlət aktları əsasında verilmiş 2,12 ha (24466,77 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ½ (ikidə bir) hissə pay Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 794 nömrəli rəyin torpaq sahəsinin bölünməsinə dair plan sxemi əsasında birinci hissələri naturada ayrılaraq İddiaçı verilsin. Şərur rayon Arpaçay kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı, mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 40 (qırx) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar