Məhkəmə qərarları › İş №2(110)-166/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-166/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-166/2023 20.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndə-vəkili Vəkil1, iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, Cavabdeh1, Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli MN №0055615 saylı çıxarışa əsasən qeydiyyata alınmış 0,157 ha həyətyanı torpaq sahəsinin alınması üçün ödədiyi 10500 manat pulun Cavabdeh1, X3 adına olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ya həmin torpaq sahəsinə görə 4500 manat pulun isə Cavabdeh2, hüquqi yardım almaq üçün ödədiyi 500 manat vəkil qonorarı və dövlət rüsumu olaraq ödədiyi 135 manat, cəmi 635 manat pulun və maddi zərər olaraq əldən çııxmış fayda qismində bu günə həmin həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bazar qiyməti ilə dəyərinin fərqini və ya manatla ekvivalentini müştərək olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli MN №0055615 saylı çıxarışa əsasən Şərur rayon Zeyvə kəndində Cavabdeh2 adına qeydiyyata alınmış 0,157 ha həyətyanı torpaq sahəsinin alınması üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödədiyi 10500 manat, hüquqi yardım almaq üçün ödədiyi 500 manat vəkil qonorarı və dövlət rüsumu olaraq ödədiyi 135 manat olmaqla cəmi 11135 manat pulun və maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin həyətyanı torpaq sahələrinin bazar qiyməti ilə dəyərinin fərqini müştərək olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onun xeyrinə ödənilməsi və qalan 4500 manat pulun əvəzinə etibarnamə əsasında onun istifadəsində olan Şərur rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən xx.xx.1999-cu il tarixli JN- 1872 saylı Dövlət aktı ilə həmkəndliləri X3 adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpa sahəsinin Şərur rayon 1 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə X5 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi daxilində baxılaraq qətnamə qəbul olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2018-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə Şərur rayon Zeyvə kəndində Cavabdeh2 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixli MN №0055615 saylı çıxarışa əsasən qeydiyyata alınmış 0,157 ha həyətyanı torpaq sahəsini 15000 manata qiymətləndirərək 10500 manat nağd pul, qalan 4500 manat pulun əvəzində isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verməklə satın aldığını, aralarında olan razılaşmaya əsasən Şərur rayon 1 saylı Notariat Kontorunun binasına xüsusi notarius X4 iştirakı ilə 10500 manat pulu Cavabdeh1, qalan 4500 manat pulun əvəzinə Zeyvə kənd ərazisində həmkəndliləri X3 adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid sənədləri etibarnamə ilə birlikdə Cavabdeh2 verdiyini, pulu hər iki cavabdehin birlikdə sayaraq qəbul etdiyini, həmin vaxt Cavabdeh2 arvadı Türkiyə Respblikasında olduğundan torpaq sahəsini adına rəsmiləşdirə bilmədiklərini, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə həmin həyətyanı torpaq sahəsini qardaşı Cavabdeh1 yanında Şərur rayon 1 saylı Notariat Kontorunda 50 illik etibarnamə ilə onun istifadəsinə verdiyini, arvadı Türkiyə Respblikasından qayıtdıqdan sonra həyətyanı torpaq sahəsini onun yanında sənədləşdirəcəyini bildirdiyini, həmin torpaq sahəsinin 2018-ci ildən bu günə kimi onun istifadəsində olması Şərur rayon Zeyvə kənd Bələdiyyəsi və Şərur rayon Zeyvə kənd İƏDN tərəfindən verilmiş arayışlarda özəksini tapdığını, bu müddət ərzində dəfələrlə cavabdehlərə razılaşmanı xatırladaraq həmin həyətyanı torpaq sahəsini onun adına rəsmiləşdirməyi tələb etsə də hər vasitə ilə yayındıqlarını, bununla cavabdehlərin onu əhəmiyyətli dərəcədə ziyana salaraq mülkiyyətindən istifadəyə manelər törətdiklərini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq kənddə Səməddinin torpaq sahəsi satdığını eşitdiyini, onunla danışıb 15000 manata razılaşdıqlarını, torpağın Ələddinin adına olmasının sənədləşmə zamanı məlum olduğunu, belə ki notariusa gedən zaman torpağın Ələddinin adına olduğunu bildiklərini, Səməddinin notariusa gələndə Ələddini də gətirdiyini və torpağın onun adına olduğunu dediyini, danışıqların Səməddinlə olduğunu, 2016-cı ildə notariusa gedəndə Ələddinin yoldaşı burada olmadığından sənədləşmə işlərini apara bilmədiklərini, notariusun binasında 10500 manat pulu Ələddinin yanında Səməddinə verdiyini, 4500 manatlıq torpağın sənədlərini isə etibarnamə ilə Ələddinə verdiyini, iki qardaşın öz aralarında əlbir olub bunu dandıqlarını, Ələddinin adına keçirdiyi həmin torpaq sahəsini isə Zeyvə kəndində yaşayan həmkəndlisi X2 aldığını, Səməddinin Ələddinə pul verdiyini görmədiyini, torpaq ona satılan vaxtı Ələddinin orada olduğunu və heç bir etiraz etmədiyini, həmin vaxtı Ələddinin heç nəyi mübahisələndirmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil1 izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, iki qardaşın əlbir olduqlarını, ona görə də pulun müştərək qaydada tutulması, torpaq sahəsi üzrə alqı-satqı müqaviləsinin etibarsız sayılmasının lazım olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında və verilən suallara cavabında torpaq sahəsini 2012-ci ildə Aboya 2200 dollara satdığını, 2016-cı ildə Abonun etibarnamə ilə həmin torpaq sahəsini Ələddinə verdiyini, 2019-cu ildə isə Abonun ona satılan torpağı Ələddinin adına keçirməyi bildirdiyini, beləliklə də həmin torpaq sahəsini Ələddinin adına keçirdiyini, Ələddindən pul almadığını, torpağı satmadığını, necə ki, Abo Ələdinin adına keçirməyi ondan istəyəndə heç bir problem olmadısa, əgər, bu gün Abo müqavilənin ləğv olunmağını tələb edirsə, onun tələbini dəstəklədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında və verilən suallara cavabında həmin torpağın Aboya satıldığını, Abo ilə Səməddinin alış-veriş etdiklərini və öz aralarında razılaşdıqlarını, çünki o torpağın Səmədinin olduğunu, aqrar islahat zamanı səhvən onun adına işləndiyini, lakin faktiki Səməddinin istifadə etdiyini, sənədləşmə zamanı torpağın öz adına olduğunu bildiyini, pulların hamısının Səməddinə verildiyini, Abonun 10500 manatı Səməddinə verdiyini, X2 öz adına keçirilən torpağa görə isə özünün 4500 manatı evdə ailəsinin yanında Səməddinə verdiyini, özünün Əliyə pul vermədiyini, həmin yerin 2016-cı ildə alındığını və ona etibarnamə verildiyini, Səməddinin onun haqqını heç vaxt vermədiyini, onun adıma olan torpaqları öz adına keçirdərək mənimsədiyini, Səməddinin ona 30000 borcu olduğunu, onun 15000 manatını verərsə torpağı Abonun adına keçirəcəyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, pulların hamısının Səməddinə verildiyini, 10500 manat Abonun, 4500 manatı isə onların Səməddinə verdiklərini, həmin torpaq sahəsinin Səməddinin olduğunu və özünün istifadə etdiyini, alqı-satqı zamanı həmin torpaq sahəsinin özlərinə aid olduğunu bildiklərini, onların torpaqlarını satıb pulunu Səməddinin götürdüyünü, Səməddinin onların haqqını heç vaxt vermədiyini, iki qardaşın şərikli olaraq yanacaq doldurma məntəqəsi aldığını, lakin sonradan Səməddinin onu oğlunun adına rəsmiləşdirdiyini, özünün qayınatasıgillə birlikdə yaşadıqlarını, onların bütün əziyyətlərini çəkdiklərini, qayınatası sağlığında özünə məxsus 60 min manat dəyərində olan antik maşını oğluna verəcəyini bildirdiyini, lakin Səməddinin oğlu DTX-da işlədiyindən maşını keçmiş DTX rəisi, sonra Daxili işlər naziri olmuş Fazil Ələkbərova hədiyyə etməsini tələb etdiyini, qayınatası da məcbur qalaraq onu bağışladığını, buna görə indi də haqqlarını tələb etdiklərini, Səməddin onlara 15 min manat verəcəyi halda adlarına olan torpağı Abonun adına sənədləşdirilməsinə razılıq verəcəklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin 20 il onun istifadəsində olduğunu, aqrar islahatlar zamanı həmin torpaq sahəsinin səhvən qardaşı Ələddinin adına keçdiyini, balaca qardaşı Natiqin adına olan torpaq sahəsinin isə onun adına keçdiyini, torpaq sahəsi yarasız olduğundan etiraz etdiyini, ona yeni bir torpaq sahəsi verdiklərini, həmin torpaq sahəsini sonradan satdığını, Abonun mübahisəli torpaq sahəsinin ona aid olduğunu bildirəndə ona Ələddinin torpağı olduğunu bildirdiyini, həmin vaxtı Ələddinin Türkiyədə olduğunu, bunu Ələddinə bildirəndə gəlib torpağı satacağını bildirdiyini, böyük qardaş kimi danışıqlarda iştirak etdiyini, danışıqlarda Ələddin, Abo və özünün iştirak etdiyini, başqa heç kim yox olmadığını, torpaqla bağlı danışıqların qardaşının həyətində olduğunu, həmin vaxtı Abonun 10500 manat pulu onun yanında Ələddinə verdiyini, Ələddin ilə Abonun öz aralarında razılaşdıqlarını, özünün notariusa getmədiyini, onların öz işlərini həll etdiklərini, yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin əvvəlcə bələdiyyə mülkiyyəti olduğunu, 1995-1997-ci illərdə məntəqəni tikdiyini, 2018-2019-cu ildə yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsini oğlunun adına rəsmiləşdirdiyini, hal-hazırda yanacaq doldurma məntəqəsinin ferma kimi istifadə olunduğunu, fermanın Ələddinə heç bir aidiyyəti olmadığını, maşın məsələsinə gəldikdə isə atasının mülkiyyətində olan avtomobilini keçmiş Daxili işlər naziri Fazil Ələkbərova hədiyyə olaraq bağışladığını, qardaşı Ələddinin isə həmin maşını oğluna vermək istədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 izahatında iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında İddiaçı və Cavabdeh2 2016-2018-ci ildə 2 dəfə notariusda olduqlarını, 2016-cı ildə X8 torpağını etibarnamə ilə Ələddinə verdiyini, 2018-ci ildə Ələddinin yoldaşı burada olmadığından Ələddinin öz adına olan torpaq sahəsini Aboya 50 illik etibarnamə ilə verdiyini, pulun verilməsini görmədiyini, həmin vaxtı qəbulda olan işçinin rəhmətə getdiyini, Cavabdeh2 və İsmayılov Əli arasında bağlanan alqı-satqı müqaviləsində göstərilən məbləği tərəflərin dediyi kimi qeyd etdiklərini, neçəyə satıldığını bilmədiyini, o zaman 5500 manatdan yuxarı olan məbləği banka depozit qoymaq üçün göndərdiklərini, az olan məbləğlərin tərəflərin bildirdiyinə görə yazıldığını, etibarnamə verən tərəfin gəlməyinin vacib olduğunu, Səməddinin orada olub-olmadığını bilmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli MN №0055615 saylı çıxarışdan görünür ki, Şərur rayon Zeyvə kəndində yerləşən 0,157 hektar həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AR-l № 279600 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Şərur rayon Zeyvə kəndində yerləşən 0,157 hektar həyətyanı torpaq sahəsini 50 illik etibarnamə əsasında İddiaçı istifadəsinə vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-l № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1 rayon Düdəngə kəndində yerləşən 0.54 ha torpaq sahəsini 3000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Zeyvə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 121 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə Cavabdeh2 adına verilmiş 0,16 ha torpaq sahəsini 2018-ci ildən İddiaçı istifadə edir. İş materiallarında olan Şərur rayon Zeyvə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 15 nömrəli arayışdan görünür ki, Cavabdeh2 adına verilmiş 1570 kvm torpaq sahəsi 2018-ci ildən 50 illik etibarnamə əsasında İddiaçı istifadəsinə verilmişdir və 2018- 2022-ci illər üçün həmin torpaq sahəsinə aid kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında torpaq alqı-satqısı ilə bağlı danışıqlar olmuş, şifahi razılaşma əldə olunmuş, Aqrar İslahat Komissiyasının qərarı ilə Cavabdeh2 adına qeydə alınmış Şərur rayon Zeyvə kəndində yerləşən 0,157 hektar həyətyanı torpaq sahəsi ilə bağlı sərəncam verməsi üçün Cavabdeh2 2018-ci ildə İddiaçı 50 il müddətinə etibarnamə vermiş və torpağı onun istifadəsinə vermiş, lakin alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin iş üzrə üçüncü şəxs X5 əvvəllər Aboya şifahi razılaşma ilə satdığı Şərur rayon Düdəngə kəndində yerləşən 0.54 ha torpaq sahəsini İddiaçı göstərişi ilə alqı-satqı müqaviləsi əsasında 3000 manata Cavabdeh2 mülkiyyətinə vermişdir. Sonradan Cavabdeh2 qardaşı Cavabdeh1 ilə aralarındakı mübahisə səbəbindən iddiaçıya verdiyi 50 illik həmin etibarnaməni ləğv etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı torpağın 15000 manata alınmasına razışladıqlarını, 4500 manatlıq torpaq verdiyini, qalan 10500 manat pulu nəğd formada Cavabdeh1 Notariat orqanında verdiyini bildirmiş, Cavabdeh1 isə həmin pulun ona deyil onun yanında qardaşı Ələddingilin həyətində məhz Ələddinə verildiyini bildirmiş, Ələddin isə həmin pulun ona deyil qardaşı Səməddinə verildiyini, adına keçirilən torpağın dəyəri olan 4500 manatı isə Səməddinə öz evlərində verdiyini bildirmişdir. Bu qeyd olunan hallarla bağlı tərəflər sübut təqdim etməmişlər. Göründüyü ki, cavabdehlər hər ikisi 10500 manat pulun iddiaçıdan alındığını təsdiq etsə də, pulun məhz cavabdehlərdən hansına verilməsi iddiaçı tərəfindən sübut oluna bilməmişdir. Həmçinin iddia tələbinin X5 ilə Cavabdeh2 arasında torpaq sahəsinin satmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, burada İddiaçı subyektiv hüqunun pozulmasını və müqavilənin etibarsızlığının qanuni əsaslarına dair sübutlar təqdim etməmiş, üçüncü şəxs X5 isə işə mahiyyəti üzrə baxılanadək müstəqil tələb irəli sürərək alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirməmişdir. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən belə qənatə gəlir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və beləliklə iddianın qanuni əsası kimi istinad edilə biləcək Mülki Məcəllənin əsassız varlanma və əqdlərin etibarsızlığı ilə bağlı normalarını tətbiq etmək mümkün olmadığından iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar