Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-222/2021 28.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, iddiaçı X1, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 mülkiyyətində olan Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən evinin tərkib hissəsində yaşayış və istifadə hüququna kompensasiya yolu ilə - 2000 manat müqabilində xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən yerinin onun mülkiyyətində olduğunu, cavabdehlərin də həmin evdə yaşadıqlarını, birgəyaşayış qaydalarına əməl etmədiklərini, Şərur Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsi ilə onun öz yaşayış yerinə məcburi qaydada köçürülməsi tələbinin təmin olunması, onlarla birgə yaşamaq mümkün olmadığından onların yaşayış və istifadə hüququna kompensasiya yolu ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 30.04.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmədə qaldırdığı iddiada təklif etdiyi 2000 manat kompensasiya məbləğini artıraraq 3000 manat təklif etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı X2 izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq 1994-cü ildə qardaşı vəfat etdikdən sonra onun oğlu Təbriz, qardaşı arvadı Rahilə, atası, anası, bacısı, bacısının oğlu – hamısının birlikdə o evdə yaşadıqlarını, onun Təbrizə valideyn əvəzi olduğunu, övladı olmadığından özünü onlara həsr etdiyini, Təbrizə toy etdiyini, Təbriz evlənəndən sonra Türkiyəyə getdiyini, daha sonra anasının da ona heç bir xəbər vermədən çıxıb Türkiyəyə Təbrizin yanına getdiyini, anası vəfat edəndə onların yas mərasimində də iştirak etmədiklərini, Türkiyədən gəldikdən sonra Təbriz ilə iddiaçının bacısı arasında mübahisə olduğunu, bacısının ailəsi ilə barışıb evdən çıxıb getdiyini, ona qarşı da aşkar hörmətsizlik etdiklərini, o vaxtdan da aralarında soyuqluq yarandığını, həmçinin Təbrizin adına olan torpağı o balaca olarkən onların ehtiyaclarını ödəmək üçün Sərdar adlı şəxsə 3000 manata satdığını, Təbrizin indi o tarpağı da ona qaytartdırdığını, iddiaçının kredit götürərək Sərdarın pulunu qaytardığını və torpağı Təbrizə verdiyini, Təbrizin yenidən ondan pul alaraq torpağı həmin adama satdığını, bütün bu baş verənlərin onların birgə yaşamasını mümkünsüz etdiyini, öz evində yaşaya bilmədiyini, Şərur Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qətnaməsi ilə onun öz yaşayış yerinə məcburi qaydada köçürülmə tələbinin təmin olunduğunu, lakin münasibətlərin artıq birlikdə yaşaya bilməmə həddinə çatdığını, buna görə onun hazırda Naxçıvan şəhərində kirayə yaşamağa məcbur olduğunu, aldığı pensiyanın kirayə və komunal xərcləri ancaq ödədiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, doğulduğu vaxtdan həmin evdə yaşadığını, bibisinin həqiqətən də onların üzərində çox əməyi olduğunu, birgə yaşadıqları vaxt aralarında problem olmadığını, evləndikdən sonra Türkiyəyə getdiyini, sonra anasının da onların yanına gəldiyini, Türkiyədən qayıtdıqdan sonra aralarında problemlər yarandığını, iddiaçının onun anasına xoş olmayan ifadələr işlətdiyini, cavabdehlər barışmaq üçün bir neçə dəfə cəhd etsə də, iddiaçının buna razı olmadığını, indi onun təklif etdiyi kompensasiya məbləğinin çox aşağı olduğunu, onların isə başqa qalacaq yeri olmadığını, həmçinin bibisinin dediklərinə cavab olaraq bibisinin onların adına olan 5 put yeri Sərdara satdığını, Sərdarın isə 3 putun yerini, yəni 3000 manatı ona qaytardığını Halbuki həmin yerin ümumi dəyərinin 7500 manat olduğunu, başqa bir yerdə özlərinə ev tikməyə imkan verən məbləğdə kompensasiya almaq şərtilə iddiaçı ilə razılaşacağını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, 1989-cu ildə həmin evə gəlin köçdüyünü, 1994-cü ildə həyat yoldaşının dünyasını dəyişdiyini, yoldaşının ölümüdən sonra 2 uşağı və baldızları, qaynana-hamısının bir yerdə yaşadıqlarını, daha sonra Türkiyəyə getdiklərini, Türkiyədən qayıtdıqdan sonra digər baldızı ilə aralarında mübahisə olduğunu, o vaxtdan Qızxanımla aralarında soyuqluq yarandığını və onun evi tərk edib Naxçıvan şəhərində yaşamağa başladığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında və ona verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05.03.2020-ci il tarixli ******* nömrəli çıxarışından görünür ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə X1 adına **********53-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli 2(110)366/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətində olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(110)477/2011 nömrəli qətnaməsinin sürətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən iddiaçı X1 Şərur rayonunun Yuxarı Daşarx kəndində olan ümumi sahəsi 111,15 kv.m olan fərdi yaşayış evində yaşamağına yaradılmış maneələrin aradan qaldırılması və iddiaçı X1 həmin evə məcburi köçürülməsi qət edilmişdir. İş materiallarında olan olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 03/216 nömrəli rəyindən görünür ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan fərdi yaşayış evinin 24.06.2021-ci il tarixə olan bazar dəyəri 22000 manat, oxşar mənzilin kirayə haqqı 50 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir. Şərur Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli 2(110)-477/2011 nömrəli qətnaməsi ilə cavabdehlərin X1 fərdi yaşayış evində yaşamağına yaradılmış maneələrin aradan qaldırılması və iddiaçı X1 həmin evə məcburi köçürülməsi qət edilmişdir. Tərəflərin həmin evdə münaqişəli vəziyyətdə yaşadıqları işin mübahisəsiz halıdır. İddiaçı cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna əvvəlcə 2000, daha sonra isə 3000 manat kompensasiya yolu ilə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisəli evin bazar qiyməti 22000 manat, həmin ərazidə oxşar mənzilin kirayə haqqı 50 manat təşkil edir. Buna görə də məhkəmə təklif edilən 3000 manat kompensasiyanı ağılabatan hesab edir və iddianın təmin olunması qənaətinə gəlir. Çünki, bu kompensasiya ilə cavabdehlər oxşar şəraitli mənzil tutmaq və 5 ilədək müddətə özlərini yaşayış yeri ilə təmin etmək imkanına malik olacaqlar. Mülkiyyətçinin isə hazırda münaqişəyə görə faktiki istifadədən məhrum olduğu mülkiyyətindən sərbəst istifadə etmək hüququ təmin olacaqdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına görə məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüqunun olması ilə bağlı qüvvədə olan qətnamə olduğundan məhkəmə həmin şəxslərin istifadə hüqununun yaranması ilə bağlı normaları şərh etməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 fərdi yaşayış evində yaşamağa ehtiyacları olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehlərə kompensasiya ödənilərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Təklif olunan kompensasiya miqdarı ilə bağlı gəldiyi nəticəni məhkəmə aşağıdakı kimi əsaslandıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyini kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsinə olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin müəyyən hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Şərur Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(110)-222/2021 nömrəli qərardadı ilə obyektin qiymətləndirilməsi həyata keçirilmiş və bazar dəyərinin 22000 manat miqdarında olması müəyyən edilmişdir. Tərəflər fərdi yaşayış evində münaqişəli vəziyyətdə yaşadıqlarından, iddiaçı X1 öz mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ pozulduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının təklif etdiyi kompensasiya məbləği obyektin rəydə göstərilən bazar dəyərinə münasibətdə yetərli olduğundan cavabdehlərə 3000 manat kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə məhkəmə xərclərini nəzərdən keçirərək iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şərur rayonunun Yuxarı Daşarx kəndində 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111,15 kv.m olan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna iddiaçı X2 tərəfindən 3000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilsin. Məhkəmə xərci olaraq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-222/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-222/2021
28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver