Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-24/2022 21.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Hundai Sonata” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 3420 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsində Cavabdeh 03.12.2013-cü il tarixdə idarə etdiyi “Hundai Eksel” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək yol-nəqliyyat hadisəsi törədərək “Hundai Sonata” markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyya vasitəsinə zərər yetirdiyini, İddiaçı Sığorta Şirkətinin öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Hundai Sonata” markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3420 (üç min dörd yüz iyirmi) manat sığorta ödənişi həyata keçirdiyini, 03.12.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqlarının yarandığını, Cavabdeh mülkü hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş 3420 manat məbləğində pulun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı olduğunu hesab etdiyini qeyd edərək Cavabdeh “Hundai Sonata” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyanın əvəzi olaraq 3420 manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iş materialında olan 04.08.2021-ci il tarixli ərizəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinə” iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzürlü səbələrdən iştirak edə bilməyəcəklərini, ona görə də mülki iş üzrə keçiriləcək bütün məhkəmə (hazırlıq və baxış) iclaslarının onları iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh 21.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş prosessual müddətin qurtarmasına dair vəsatətində İddiaçı Sığorta Şirkətinin “subroqasiya qaydasında pul tələbinə dair” Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı müştərisinə ödədiyi 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pulu ondan tutaraq, onların hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini, yol-nəqliyyat hadisəsinin 03 dekabr 2013-cü ildə baş verdiyini, bu müddət ərzində ondan rəsmi qaydada pul tələb etmədiklərini, ona görə də, bu məbləğin ödənilmədiyini, hadisədən artıq 9 ilə yaxın vaxt keçdiyini qeyd edərək, bütün qeyd olunanları nəzərə alaraq, İddiaçı Sığorta Şirkətinin “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsini prosessual müddətin qurtarmasını nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir . Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini və cavabdehin vəsatətini iş materialında olan sübutlara əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 25.01.2014 tarixli 003406 nömrəli sığorta aktından görünür ki, X2 məxsus ** NC *** dövlət qeydiyyat nişanlı “Hundai Sonata” markalı avtomobilə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3420 (üç min dörd yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan 29.01.2014-cü il tarixli, 440 saylı Ödəniş tapşırığına əlavənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 3420 (üç min dörd yüz iyirmi) manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 21.01.2014-cü il tarixli zərər aktından görünür ki, ** NC *** dövlət qeydiyyat nişanlı “Hundai Sonata” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3420 manatdır. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışdan görünür ki, Hundai Eksel” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir, hadisə baş verdiyi an həmin nəqliyyat vasitəsi Cavabdeh tərəfindən avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AB N 023374 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** NC *** dövlət qeydiyyat nişanlı “Hundai Sonata” markalı avtomobil X2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AA N 390268 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KA *** dövlət qeydiyyat nişanlı “Hundai Eksel” markalı avtomobil X7 məxsusdur. İş materiallarında olan 23.08.2016-cı il tarixli, **********3 nömrəli Avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hundai Eksel” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 13.01.2013-cü il tarixdən 12.01.2014-cü il tarixədək avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 05.07.2021-ci il tarixli, O-AP-20212855 nömrəli Pretenziyanın (xəbərdarlıq məktubunun) surətindən görünür ki, Cavabdeh 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində vəsaiti 7 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsini, ödəmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən tərtib olunmuş 05.12.2013-cü il tarixli 1600 nömrəli aktın surətindən görünür ki,1974-cü il təvəllüdlü Cavabdeh məhkəmə-tibi müayinəsi bədəni üzərində aşkar olunmş xəsarətlər-alt çənədə İ-İİ-İİİ-İV dişlərin travmatik laxlaması, sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi, alt dodağın selikli qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmişdir., müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraya aid olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Abşeron RPŞ tərəfindən 03.12.2013cü il tarixdə baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Abşeron RPŞ-nin 17.12.2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh 03.12.2013-cü il tarixdə Abşeron rayon X9 bölməsinə verdiyi izahatında 2009-cu ildə Ülviyyə Həsənova ilə ailə qurduğunu, onun bir azyaşlı oğlu olduğunu, Ülviyyə ilə ailə münasibətləri pozulduğuna görə onun Ülviyyənin ondan ayrılıb atası evinə getdiyini, onların üç ildir ki, ayrı yaşadıqlarını, onun sürücülük hüququ olduğundan “Elit” LTD-də taksi sürücüsü işlədiyini, hazırda avtomobilinin olmadığını, onun 03 dekabr 2013-cü ildə saat təxminən 18 radələrində yaşadığı Ramana qəsəbəsində olan zaman kafelərin birində axşam yeməyi yeyən zaman bir neçə qədəh spirtli içki olan araq da içdiyini, onun bundan bir neçə il qabaq Pirşağı kəndində yaşayan tanışı Rəhimlə görüşmək istədiyi üçün dostu Cümşüddən Hundai-Aksent markalı avtomobili alıb onun dalınca getdiyini, onun idarə etdiyi avtomobilin idarə olunmasına görə heç bir sənədinin olmadığını, onun tanışını tapa bilmədiyi üçün geri qayıdanda avtomobili saatda təxminən 60 kilometr sürətlə hərəkətdə olan zaman Məhəmmədi yolu ayrıcına çatdıqda qabağına bir ağ rəngli Hundai markalı minik avtomobilin çıxdığını, onun idarə etdiyi avtomobilə tormoz etsə də lakin buna baxmayaraq hadisənin qarşısını ala bilməyib qarşısına çıxan avtomobilin arxa tərəfi ilə toqquşduğunu, həmin hadisə nəticəsində onun alt dişlərindən xəsarət aldığını, həmin hadisə zamanı avtomobildə tək olduğunu və kənara fikir vermədiyindən həmin hadisənin şahidlərinin kim olması barədə heç nə deyə bilmədiyini bildirmişdir. İş materiallarında olan X1 03.12.2013-cü il tarixdə Abşeron rayon X9 bölməsinə verdiyi izahatında onun öz ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşadığını, onun sürücülük hüququ olduğundan 29 noyabr 2013-cü ildə ağ rəngli Hundai Sonata minik markalı ** NC *** nömrəli avtomobil alıb öz şəxsi işləri üçün idarə etdiyini, onun 03 dekabr 2013-cü ildə dostu İlkinlə təzə aldığı Hundayi Sonata minlik markalı ** NC *** nömrəli avtomobil ilə Abşeron rayon Mehdiabad qəsəbəsində yaşayan iş yoldaşı Əli ilə görüşüb biraz söhbət etdikdən sonra evinə getmək üçün idarə etdiyi avtomobildə İlkinlə birlikdə Məhəmmədi kəndindən gəlib Pirşağı-Zabrat yoluna çıxıb gedən zaman arxadan sahibini tanımadığı bir ağ rəngli Hundai Neksia markalı avtomobilin onun idarə etdiyi avtomobili arxadan vurduğunu, onların avtomobildən yerə düşdükdə onların avtomobilini arxadan vuran avtomobilin sürücüsünün tək olduğunu və ona yaxınlaşdıqda ondan spirtli içkinin qoxusunun gəldiyini bildiyini, sözün əsl mənasında onun avtomobilini arxadan vuran avtomobilin sürücüsünün sərxoş olduğunu bundan sonra hadisə yerinə polislər gəldiyini, hadisə baş verən zaman kənarda minik avtomobili dayandığını gördüyünü, lakin həmin avtomobillərin nömrələrinə fikir vermədiyi üçün və sahiblərini tanımadığı üçün bu barədə heçnə deyə bilməyəcəyini, həmin hadisə nəticəsində onun və avtomobilində olan İlkinin bədənində heç bir xəsarətinin olmadığı üçün tibbi ekspertiza müayinəsindən keçmək istəmədiklərini bildirmişdir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsisinin 14.12.2021-ci il tarixli, 128-984498 nömrəli məktubundan görünür ki, Cavabdeh əməlində İXM-nin 151.2-ci maddəsi ilə cinayət işinin başlamasının rədd edilməsi barədə qərarı Abşeron RPİ DYPŞ-nə daxil olmamış və Abşeron RPİ DYPŞ-də qeydiyyata alınmamışdır. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, X3 mülkiyyətində olan “Hundai Sonata” markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyya vasitəsini Pirşağı-Zabrat yolu ilə idarə edərkən Cavabdeh idarə etdiyi “Hundai Eksel” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə onu arxadan vuraraq zədələmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin AR Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsisinin məktubundan görünür ki, Cavabdeh əməlində İXM-nin 151.2-ci maddəsi ilə cinayət işinin başlamasının rədd edilməsi barədə qərar Abşeron RPİ DYPŞ-nə daxil olmamış və Abşeron RPİ DYPŞ-də qeydiyyata alınmamış və beləliklədə onun barəsində hər hansı inzibati tənbeh tədbiri görülməmişdir. İş materialında "xxxx" MMC tərəfindən tərtib olunmuş 21.01.2014-cü il tarixli zərər aktından görünür ki, ** NC *** dövlət qeydiyyat nişanlı “Hundai Sonata” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3420 manatdır və 25.01.2014 tarixli 003406 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 məxsus ** NC *** dövlət qeydiyyat nişanlı “Hundai Sonata” markalı avtomobilə vurulmuş ziyana görə 3420 (üç min dörd yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçı subroqasiya hüququndan istifadə edərək cavabdehdən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. - 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia müddətinin tətbiq olunması barədə ərizədə müvafiq tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır, ona görə də iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 373.2-ci maddəsinə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Beləliklə də, məhkəmənin qənaətinə görə iddiaçının vurulmuş ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququ olsa da, iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, hazırki mülki iş üzrə iddia müddətinin axımı iddiaçının sığorta ödənişinə dair subroqasiya hüququnun yarandığı andan hesablanmalıdır. İş materiallarından görünür ki, sığorta hadisəsi 03.12.2013-cü il tarixdə baş vermiş, iddiaçı tərəfindən baş vermiş sığorta hadisəsinə dair sığorta aktı isə 25.01.2014 cü il tarixdə tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışdan görünür ki, sığorta şirkətinin 04.12.2013 tarixli müraciəti əsasında Abşeron RPŞ tərəfindən hadisə baş verdiyi an həmin nəqliyyat vasitəsi Cavabdeh tərəfindən avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə edilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı hazırki mülki iş üzrə Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda idarə etməsi barədə məlumatlı olsada, zamanında subraqasiya hüququndan istifadə etməmiş, mülki qaunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Ona görə də məhkəmə mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-24/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-24/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver