Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-351/2022 11.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3620 manat və 57 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə həyat yoldaşından boşanmış, haliyyədə iki övladı ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. X1 2021-ci ildə sənədlərini ali məktəbə qəbul olmaq üçün vermiş və qabiliyyət imtanlarına düşmüşdür. Həmin vaxt atasının tanışı olan Şərur rayon Alışar kənd sakini Cavabdeh onlarda olan zaman Nihadın qabiliyyət imtihanlarına düşdüyünü öyrənib və onlara bildirib ki, qabiliyyət ödənişlidir. Qohumlarından və banklardan kredit götürərək, 5720 manat Rafiqə pul verib ki, məktəbin ödənişini etsin. Məktəblər açılandan sonra Rafiqdən pulu ödəyib-ödəmədiyini soruşduğu zaman onu aldatdığını öyrənib. Buna görə pulu geri tələb edəndə bəhanələr gətirərək onu 2021-ci ilin dekabr ayına kimi yola verib. Artıq Rafiqin onu tam olaraq aldatmasından əmin olduqdan sonra inzibati orqanlar müraciət edib. Müəyyən vaxtlarda Rafiq ona 2100 manat geri qaytarıb. Qalan 3620 manatını isə bu günə sabaha qaytaracağınına dair söz versə də sözünə əməl etməyib. Həmin pulu kredit götürüb. Atası yataq xəstəsidir və özü heç bir yerdə işləmir. İki övladı ilə birlikdə çox çətin keçinir, ona görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi iddiaçı ərizəsində cavabdeh tərəfindən aldadılaraq 5720 manat pul vəsaitinin ələ keçirildiyini göstərmiş və faktiki olaraq cavabdehin dələduzluq cinayəti törətməsi barədə məlumat vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi məlumatlara hüquqi qiymət verilməsi cinayət mühakimə icraatının predmetidir. Bununla bağlı iddiaçı daxili işlər orqanlarına müraciət etməlidir. Yalnız iddiaçının ərizəsində göstərilən hallara hüquqi qiymət verildikdən sonra, yəni cinayət mühakimə icraatı çərçivəsində dəymiş ziyanın müəyyən olunması və ödənilməsi, yaxud cinayət işi üzrə məhkəmənin ittiham hökmü qanuni qüvəyyə mindikdən sonra hökmlə müəyyən olunmuş vurulmuş ziyanın ödənilməsi ilə bağlı müstəqil iddianın qaldırılması mümkündür. Lakin iddiaçı aidiyyəti daxili işlər orqanlarına müraciət etməsi, əgər müraciət edibsə cinayət işinin başlanılması və ya rədd olunması barədə qərarın olubolmaması barədə məlumat verməmişdir. Buna görə də məhkəmə hazırkı vəziyyətdə iddianın məhkəmənin icraatına qəbul olunmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir. Buna görə də, iddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı tərəfindən Şərur Rayon Məhkəməsinə verilmiş iddia ərizəsini icraata qəbul etməkdən imtina edilsin. İddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 28.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-351/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-351/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver