Məhkəmə qərarları › İş №2(110)-415/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-415/2021

27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-415/2021 27.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan “Mersedez Benz” markalı ** DZ *** nömrəli qeydiyyat nişanlı avtomaşının texpasportu ilə birlikdə tam işlək vəziyyətdə cavabdehdən alınıb ona verilməsinə, avtomobil olmadığı halda, satıldığı halda və yaxud xarab vəziyyətdə olduğu halda avtomobilin dəyəri olaraq 12500 (on iki min beş yüz) AZN manatının və iddia ərizəsinə ödədiyim dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) AZN manatın, ümumilikdə 12530 (on iki min beş yüz otuz) AZN manatın Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində mülkiyyətində olan “Mersedez Benz” markalı ** DZ *** nömrəli qeydiyyat nişanlı avtomaşınını saz vəziyyətdə 06.11.2013-cü ildə cavabdehə Cəlilabad rayon 1 saylı notariat ofisinin 1042 reyestr nömrəli etibarnaməsiylə verdiyini, onun mülkiyyətində olan avtomobili etibar etdiyi şəxsdən geri tələb etsə də nəticəsinin olmadığını, bundan əlavə sözü gedən avtomobillə müxtəlif tarixlərdə yol hərəkəti qayda pozuntularına yol verildiyini, bundan sonra onun telefon vasitəsi ilə birbaşa cavabdehin özündən avtomobilin qaytarılmasını tələb etdikdə sonuncunun avtomobili qaytarmayacağını bildirdiyini, bu da onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsit edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olduğunu, bu səbəbdən avtomobilinin avtomobilin olmadığı halda dəyərinin cavabdehdən məhkəmə qaydasında alınıb ona qaytarılması və cavabdeh tərəfindən yol hərəkəti qayda pozuntularına yol verildiyini üçün yazılan cərimələrin onun tərəfindən ödənilməsini istədiyini bildirərək mülkiyyətində olan “Mersedez Benz” markalı ** DZ *** nömrəli qeydiyyat nişanlı avtomaşının texpasportu ilə birlikdə tam işlək vəziyyətdə cavabdehdən alınıb ona verilməsinə, avtomobil olmadığı halda, satıldığı halda və yaxud xarab vəziyyətdə olduğu halda avtomobilin dəyəri olaraq 12500 (on iki min beş yüz) AZN manatının və iddia ərizəsinə ödədiyim dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) AZN manatın, ümumilikdə 12530 (on iki min beş yüz otuz) AZN manatın Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27.10.2021-ci il tarixdə məhkəmə iclas katibinin mobil nömrəsinə zəng edərək, mülki işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə teleqram vurmaq üçün poçtda olduğunu, lakin sistem işləmədiyi üçün hələlik teleqram vura bilmədiklərini, problem aradan qalxan kimi məhkəməyə teleqram vuracağını, bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclas katibi tərəfindən bununla bağlı telefonoqram tərtib edilərək iş materiallarına əlavə edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş, lakin 27.10.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq 27.10.2021-ci ildə olan məhəkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini, iddiasını müdafiə etdiyini,nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan TURBO.AZ maşın alqı-satqı saytından çıxarışlardan görünür ki, buraxılış ili eyni olan, eyni markalı avtomobillərin qiyməti həmin saytda 12000-12600 manat dəyərindədir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06.11.2013-cü il tarixli, 1042 reyestr nömrəli etibarnamə ilə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh verdiyi NO-1(Cəlilabad), 7E-1042 nömrəli 06.11.2013-cü il tarixli 1042 reyestr nömrəli etibarnaməyə xitam verilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün "xxxx" ASC-nin Abşeron filialı vasitəsilə dövlət büdcəsinə 30 manat pul ödəmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(110)- 415/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizas Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli 260 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İstehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 modelli minik avtomobilinin nəzəri hesablama yolu ilə orta bazar qiyməti 12300 (ok iki min üç yüz) manat həcmində müəyyən olunmuşdur. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(110)-415/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06.11.2013-cü il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisində 1042 reyestr nömrəli etibarnamə ilə Cavabdeh istifadəsinə verilmişdir. Sonra isə iddiaçı tərəfindən həmin etibarnamə ləğv edilmiş və cavabdehdən avtomobilin qaytarılmasını dəfələrlə tələb etsədə cavabdeh isə avtomobili qaytarmamışdır. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçıların tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı mülki iş üzrə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir və həmin nəqliyyat vasitəsi Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır; - 365.1 və 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Məhkəmə yuxarıda qeyd edilənlərin yekunu olaraq bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texnikipasportu lə birlikdə tam işlək vəziyyətdə alınaraq İddiaçı qaytarılmalı, nəqliyyat vasitəsi olmadığı halda, satıldığı halda və ya xarab vəziyyətdə olduğu halda isə onun dəyəri olan 12300 (on iki min üç yüz) manat pul alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) dövlət rüsumunun 0.40 manatı iddiaçıya aid edilməli, 29.60 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360- cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan istehsal ili 1999-cu il olan “Mersedez Benz” markalı C 180 model ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texnikipasportu ilə birlikdə tam işlək vəziyyətdə, nəqliyyat vasitəsi olmadığı halda, satıldığı halda və ya xarab vəziyyətdə olduğu halda isə onun dəyəri olan 12300 (on iki min üç yüz) manat pul alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29.60 (iyirmi doqquz manat altmış qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar