Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-418/2022 05.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subraqasiya qaydasında pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınması nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyana görə ödənilmiş 796,10 manat pulun və 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “DAEVVO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 796,10 manat siğorta ödənişi həyata keçirmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına və avtomobili idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin mülki hüquq pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş 796,10 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, yol-nəqliyyat hadisəsini Bakı şəhərində törətdiyini, onunla bağlı cinayət işinə baxıldığını, cəzasını çəkdiyini, sözügedən avtomobilin onun səhvi ucbatından zədələnmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(007)-33/2016 saylı məhkəmə hökmünün sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 4 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, lakin dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 031362 nömrəli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan görünür ki, zədələnmiş avtomobilə dəymiş zərər 1725 manat həcmindədir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 022322 nömrəli sığorta aktından görünür ki, sığrotalanmış “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 796,10 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 6352 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən 1097,10 manat sığorta ödənişi edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh idarə etdiyi “DAEVVO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş və cinayət törətmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Toyota Prado” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 796,10 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh barəsində Bakı şəhər Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ittiham hökmündə mülki iddia öz əksini tapmamışdır. Ona görə də məhkəmə göstərilən məbləğin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu zərərə görə 796,10 manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 796,10 manat (yeddi yüz doxsan altı manat on qəpik) və iddiaçı tərəfindən ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-418/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-418/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver