Məhkəmə qərarları › İş №2(110)-471/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-471/2022

21.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-471/2022 21.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhhərəm oğluna və Cavabdeh2 qarşı mənzildən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh1 Məhhərəm oğlunun və arvadı Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X9 və X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan evindən yaşayış və və istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası 5 övladının olduğunu, hamısının evlənərək ayrıldığını, özlərinə aid ayrıca evinin olduğunu, əri X4 vəfat edəndən sonra ondan qalan miras əmlakı oğlu Fuad ilə birlikdə faktiki qəbul edərək yaşadıqlarını, aralarında olan miras mübahisəsinə məhkəmədə baxılaraq özü və oğlu Fuadın mirası qəbul etmələrinin təsdiq olunduğunu, həmin qərar əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, oğlu Fuadın işi Naxçıvan şəhərində olduğundan orada yaşadığını, özü də yaşlı olduğundan onunla birlikdə yaşadığını, ona görə də həmin evi sataraq Naxçıvan şəhərində ev almaq istədiyini, lakin böyük oğlu Cavabdeh1 Məhhərəm oğlu ailə üzvləri ilə birlikdə həmin evdə qeydiyyatda olduqlarından evi ilə əlaqədar hər hansı qərar verə bilmədiyini, Neymətin özünün evləri və illlərdir faktiki yaşadıqları evləri olsa da, indiyədək onun evində qeydiyyatda olduqlarını, bu barədə dəfələrlə müraciət etsə də bir nəticəsi olmadığını, ona görə də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərdiyi halları təsdiq etmiş, böyük nəvəsini 3 yaşı olanda Neymət və onun ailəsi onların yaşadıqları evdən çıxdıqlarını, cavabdehlərdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq qardaşını və onu ailə üzvlərinin 10 ildən çoxdur ki, həmin evdən çıxdıqlarını, qardaşının özünə məxsus evi olduğunu, Neymətin ata mülkünün satılmasını istəmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 Məhhərəm oğluna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə sənədlərini şəxsən qəbul etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında Neymətin təxminən 13 il bundan əvvəl, yəni 2009-2010-cu illərdə ünvan 1 ünvanında yerləşən evdən çıxdığını, onun ünvan 2nun atası Məhərrəmin 2018-ci ildə vəfat ediyini, onun ölümündən sonra İddiaçı və oğlu Nümayəndə həmin mənzildə yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında Neymətlə əvvəl qonşu olduğunu, orada 2 il qaldıqlarını, 10 ildən çoxdur ki, ünvan 1 ünvanında yerləşən evdən çıxdığını, atası Məhhərəm kişinin sağlığında qazelini satdığını, özünə ev alması üçün satdığı qazelin pulunu oğlu Neymətə verdiyini, lakin Neymətgilin çıxıb Bakıya getdiklərini, atası öləndə onun dəfninə belə gəlmədiyini, onun öz evi olduğunu dəqiq bildiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Şərur şəhər mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 838 nömrəli arayışdan görünür ki, ünvan 1-də Nümayəndə, Cavabdeh1 Məhhərəm oğlu, Cavabdeh2, X9, X5 qeydiyyatda durur. İş materiallarında olan Şərur Şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 833 nömrəli arayışından görünür ki, İsmayılov X7 şəhəri, M.Müşviq küçəsi 04, mənzil 06 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin çıxarışından görünür ki, ünvan 1 mülkiyyət hüququ ilə İddiaçı və Nümayəndə adına xx.xx.2020-ci il tarixdə **********55-05101-093008 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 549/2019 nömrəli qətnaməsindən görünür ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestrində X1 adına ünvan 1-də yerləşən 2 otaqlı mənzil birgə nikah dövründə qazanıldığından həmin mənzilə İddiaçı ½ payı müəyyən olunsun. X1 həmin mənzildə olan ½ payından ibarət əmlakın yalnız İddiaçı və Nümayəndə tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən olunması qət edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı X4 ilə birgə nikahı dövründə alınmışdır. X2 ölümüdən sonra Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin mənzilə İddiaçı ½ payı müəyyən olunmuş və X1 həmin mənzildə olan ½ payından ibarət əmlakın yalnız İddiaçı və Nümayəndə tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən olunmuşdur. Mübahisəli mənzil dövlət reyestrində İddiaçı və Nümayəndə adına qeydə alınmışdır. İddiaçı həmin evdə qeydiyyatda olan cavabdehlərin evin satılmasına razılıq verməmələri səbəbindən mülkiyyət hüquqlarının pozulduğunu bildirərək cavabdehlərin mənzildən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Şahid ifadələri və yazılı sübutlar əsasında müəyyən olundu ki, cavabdehin ailəsi ilə birlikdə uzun illərdir qeyd olunan mənzildə yaşamır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 30.4-cü məddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş üzrə İddiaçı və Nümayəndə ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisi olmaları işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli plenum qərarında göstərilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda həmçinin qeyd olunur ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsi şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. İşin faktiki hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edərkən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Məhhərəm oğlu və Cavabdeh2 İddiaçı və Nümayəndə ünvan 1 ünvanında yerləşən evdə yaşayış və və istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib iddiaçının məhkəmə xərclərinin özünə aid edilməsi ilə bağlı xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, MPMin 119.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 Məhhərəm oğlu və arvadı Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X9 və X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən və İddiaçı və Nümayəndə mülkiyyətində olan evdə yaşayış və və istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar