Məhkəmə qərarları › İş №2(110)-558/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-558/2020

21.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-558/2020 21.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizı ilə məhkəməyə müraciət edərək ərizəsində Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, halhazırda iddia tələbini dəqiqləşdirərək mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndində yerləşən 0.072 ha həyətyanı torpaq sahəsinin bir hissəsində yerləşən köhnə tikilinin Cavabdeh tərəfindən sökülərək, həmin torpaq sahəsinin istifadəsinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonu 2 saylı Dövlət Notariat Kontorunda 4Ə-186 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsini Cavabdeh səlahiyyətli nümayəndəsi Nümayəndə vasitəsi ilə aldığını, həmin torpaq sahəsini Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində **********02 reyestr nömrəli MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirildiyini, mülkiyyətinə olan torpaq sahəsi üzərində təxminən 1940-cı illərdə tikilmiş 1 otaq və 1 dəhlizdən ibarət ümumi sahəsi 60 m2 olan cavabdehin valideynləri tərəfindən inşa olunmuş köhnə tikili olduğunu, cavabdehin həmin evi torpaq satıldıqdan sonra dərhal söküləcəyinə söz versə də buna əməl etmədiyini, dəfələrlə Cavabdehla evin sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsini boşaldılmasını tələb etsə də cavabdehin onun tələbinə məhəl qoymadığını, bunula da onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olduğunu, belə olan halda cavabdehə aid olan köhnə tikilinin sökülməsi və mülkiyyətindən məcburi qaydada çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etməli olduğunu qeyd edərək, onun mülkiyyətində olan Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamədə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, həmin torpaq sahəsinin onun anasına məxsus olduğunu, həmin torpaq sahəsi üzərində anasına məxsus 1 otaq və 1 dəhlizdən ibarət köhnə tikilinin olduğunu, onun satdığı 0.072 ha torpaq sahəsinin bir qisminin həmin tikilinin altına düşsə də, həmin torpaq sahəsi ölçülərkən ölçünün düz hesablanmadığını, həmin torpağın sənədlərinin düzgün tərtib edilmədiyini, həmin torpaq sahəsinin təqribən 0.080 ha yaxın olduğunu, satdığı torpaq sahəsinin sərhəddinin həmin tikilinin qarşısına düşdüyünü, ona görə də həmin evi sökməyə ehtiyac olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, **********02 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışdan görünür ki, Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin 310 nömrəli, xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinə aparılmış, İddiaçı adına verilmiş **********02 reyestr nömrəli planı və ölçüdə göstərilən parametrlər İddiaçı və Cavabdeh iştirakı ilə naturada ölçülərək hər iki vətəndaşa göstərilmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0,072 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmağına baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsində yerləşən köhnə tikili Cavabdeh tərəfindən sökülmədiyi üçün mülkiyyətçi mülkiyyətində olan həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Həmçinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin mütəxəssisinin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinin yerində müayinə və tədqiq zamanı da bu hal bir daha öz təsdiqini tapmışdır. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbində haqlı olduğundan iddia tələbi təmin olunmalıdır. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mülkiyyətin müdafiəsi konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə X2 Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir; 148.2-ci maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, hazırki vəziyyətdə mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərin qanunsuzluğu barədə hər hansı hal mövcud deyil, iddiaçının mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrinin məzmunu hüquqi qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddia tələbinin əsassız olmasını bildirərək həmin torpaq sahəsi ölçülərkən ölçünün düz hesablanmadığını, həmin torpağın sənədlərinin düzgün tərtib edilmədiyini, mübahisə predmeti olan torpaq sahəsində olan tikilinin iddiaçıya satdığı torpaq sahəsinin üzərində olmadığını bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 10 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etlmədiyindən, ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Cəlilkənd kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.072 ha həyətyanı torpaq sahəsinin bir hissəsində yerləşən köhnə tikili Cavabdeh tərəfindən sökülərək, həmin torpaq sahəsinin istifadəsinə olan maneələr aradan qaldırılsın. İddia qaldırılarkən İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar