Məhkəmə qərarları › İş №2(110)-656/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-656/2024

19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-656/2024 19.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir baş dananın qiyməti olan 1400 manat pulun, həmin pula münasibətdə əldə edəcəyi gəlir olaraq 300 manat və mənəvi ziyan olan 1000 manat olmaqla, ümumilikdə 2700 manat pulun, həmçinin ödənilmiş 47 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehi tanısa da münasibətlərinin olmadığını, təxminən 1 ay bundan əvvəl ona məxsus bir baş dananı kəsmək istədiyini, müştərilərin siyahısını belə hazırladığını, lakin, hesablamalarına görə ət artıq qalacağı üçün kəsmək fikrindən daşındığını, həmin bir baş dananı satmaq qərarına gəldiyini, bu zaman dananı kəsmək üçün qəssab Əfsəri çağırdığını, həmin zaman Əfsərin ona dananı satmaq üçün qohumu olan Teyyub adlı şəxsi çağıracağını bildirdiyini, həmin vaxtı cavabdehin mal-qara alıb-satmaqla məşğul olduğunu, buna görə də dananı cavabdehə satıb-satmayacağını dəqiqləşdirdikdən sonra Əfsərin həmkəndlisi olan cavabdehi çağırdığını, bir neçə dəqiqə sonra cavabdehin onların yaşadığı evin həyətyanı sahəsinə gəldiyini, onunla 1400 manat pul qarşılığında dananı ona satacaqlarına dair razılıq əldə etdiklərini, bundan sonra cavabdehin ondan dananın pulunun ödənilməsinə dair iki gün möhlət istədiyini, əti satıb pulunu gətirəcəyinə söz verdiyini, sonra cavabdehin dananı aparmaq üçün qazel çağırdığını, üzərindən 1 gün keçdikdən sonra cavabdehin onun atasına zəng edərək ziyana getdiyini, qiymətdə 200 manat aşağı düşməyini xahiş etdiyini, atasının isə onunla razılaşmadığını, pulu tam şəkildə ödəməli olduğunu bildirdiyini, bundan bir iki saat keçdikdən sonra cavabdehlə şəxsən telefon əlaqəsi saxladığını, cavabdehin ətin xarab olduğunu, sata bilmədiyini, xeyli ziyana düşdüyünü bildirdiyini, bundan sonra bir neçə gün gözləyib cavabdehin götürmüş olduğu öhdəliyini icra edəcəyini və ya hər hansı təkliflə ona müraciət edəcəyini düşündüyünü, lakin düşüncələrində yanıldığını, nəticədə cavabdehin yalançı və saxtakar olduğunu öyrəndiyini, belə ki, sonradan cavabdehin tək onu deyil bir neçə şəxsi də eyni qaydada aldadaraq onlardan inək və ya dana aldığını lakin pullarını ödəmədiyini, bundan sonra cavabdehlə əlaqə saxlayıb ona olan borcunu ödəməsini tələb etsə də bir nəticəsi olmadığını, cavabdehin ona olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, daha sonra tərəfindən məcburiyyət qarşısında qalaraq polis orqanlarına müraciət edildiyini, müraciətinin nəticəsində cavabdehlə aralarındakı mübahisənin mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, hansı ki ötən müddət ərzində cavabdehin qeyd olunan qanunazidd davranışı nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurduğunu, bu səbəbdən də bir baş dananın qiyməti olan 1400 manat pulun, həmin puldan əldə edəcəyi gəlir olaraq 300 manat və mənəvi ziyan 1000 manat olmaqla ümumilikdə 2700 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil izahatında iddianı müdafiə etdiklərini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, heyvanı Aralıq kəndindən götürüb Çərçiboğan kəndinə apardığını, heyvanın qiymətini 1400 manata razılaşdıqlarını, heyvanı kəsdikdən sonra pulunu verəcəyini, həmin gecə də saat 3-də heyvanı kəsdiyini, saat 6-da Naxçıvan şəhərində apardıqlarını, qəssaba verdikdən sonra qəssab heyvanın ciyərinin yararsız olduğundan 200 manat puldan kəsəcəyini bildirdiyini, bunu iddiaçıya da dediyini, oradan çıxdıqdan sonra qəssab ona zəng edərək X7 agentliyinin işçisi Sunay tərəfindən ətin yararsız olmasının deyildiyini və gedib əti götürməyini istədiyini, təkrar ora qayıtdığını, Sunay müəllim ətin yararsız olduğunu və əti götürməyəcəyi halda isə akt tərtib olunacağını və cərimə olunacağını bildirdiyini, onun da ətin hamısını götürüb rayona qayıtdığını, iddiaçıya zəng edib əti götürməyini desə də onu təhqir edib imtina etdiyini, onun həyətdə heyvan saxlamadığını, həmin gün də başqa heyvan kəsmədiyini, onun da əti Şərur Rayon Polis İdarəsinə gətirdiyini və bu barədə polisə məlumat verdiyini, polis idarəsində olanların da əti gördüklərini, onların da mal sahibinin əti qəbul etmirsə məhv etməyi tövsiyyə etdiklərini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə ət kəsilib Naxçıvan şəhərindəki qəssaba verildiyini, lisenziya ilə qanuni fəaliyyət göstərən qəssab Məmmədov Calalın onu çağıraraq ətdə saralma baş verdiyini bildirdiyini, onun da ətə baxış keçirdikdən sonra ətin yararsız olduğunu bildirdiyini, həmin vaxt ətin möhürsüz olduğunu, bir neçə gün bundan öncə yeni qayda müəyyən olunduğunu, yeni qaydaya görə ət kəsilən zaman baytar dəvət olunmalı və həmin baytar tərəfindən ətə möhür vurulmalı olduğunu, lakin cavabdehin bunu etmədiyini, onun da ətə baxış keçirdikdən sonra ətin yarasız olduğunu bildiyini, ona toxunulmazlıq aktı verdiyini, həmin vaxtı əti kənarlaşdırmalı olduğunu onlara izah etdiyini, qızdırma yolxucu xəstəlik olmadığından onun digər heyvanlara yayılması ilə bağlı hər hansı tədbir görülməli olmasını izah etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında xx.xx.2024-cü il tarixdə cavabdeh ona zəng vuraraq Naxçıvan şəhərinə ət apardıqlarını, ətin yararsız çıxdığını, ona görə də oradan əti geri qaytardıqlarını, Sunay müəllimin onun baxmağını onlara dediyini, bazar günü olduğunu, onun da əgər yararsızdırsa məhv edin dediyini, ona nümunə olaraq 2 kq ciyər və 2 kq ət gətirdiklərini, ətə baxan zaman saralma olduğunu gördüyünü, həmçinin ciyərin isə böyümüş vəziyyətdə olduğunu, cavabdeh X1 ətin yararsız olduğunu və ətə toxunulmazlıq akt verdiyini, 2024-ci ilin 16 mayında yeni qaydauyğun olaraq ətə kəsildiyi yerdə möhür vurulmalı olduğunu, bu hadisə də may ayının 19-u olduğu üçün vətəndaşlar məlumatlı olmadığını, qızdırma xəstəliyinin 3-14 gün arası davam etdiyini, müalicə edildiyi zaman da sağaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində və verilən suallara cavabında Teyyubla Xələc kəndinə heyvan almaq üçün getdiklərini, bu zaman cavabdehə zəng gələrək Aralıq kəndində satılıq dana olduğunu, həmin dananın da “qat-qatı” bağladığını, yəni mədəsindən qida keçmədiyini bildirdiklərini, həmin yerə getdiklərini və tərəflər dananı 1400 manat almaq barədə razılaşdıqlarını, həmin gecə də heyvanı Teyyubgilin həyətində kəsdiklərini və onun maşını ilə Naxçıvan şəhərinə apardıqlarını, qəssaba verdikdən sonra o ciyərin yarasız olduğu üçün puldan 150-200 manat düşəcəyini dediyini, onalar ordan çıxıb Əliabadda olan zaman Teyyuba zəng gəldiyini və X3 ətin yarasız olduğunu, 3-6 min manat arası cərimə olunacağını bildirdiklərini, həmin yerə qayıtdıqlarını və onlara əti məhv etmələrini bildirdiklərini, həmin vaxtı elə Teyyub iddiaçıya zəng vurub bu barədə məlumat verdiyini, telefonda onların mübahisəsi çıxdığını, əti gətirdikdən sonra alqı-satqıda vasitəçilik etmiş Əfsərə də əti göstərdiklərini, o da aparıb özünə verməyi dediyini, bundan sonra əti Şərur Rayon Polis İdarəsinə apardıqlarını, bu barədə rəisə məlumat verdiklərini, sonra onların 2 kq ciyər və 2 kq əti baytara aparıb göstərdiklərini, baytar da həmin ətin qidaya yarasız olduğunu bildirdiyini, oradan isə əti aparıb Dəmiryolunun yanındakı əmisinin itlərinə tökdüklərini, həmçinin sonra Aralıqlı Hüseynalı həkimlə danışan zaman o həmin heyvanı qızıdrma xəstəliyinə görə müalicə etdiyini və boynundan iynə vurduğunu bildirdiyini, həmin vaxtı başqa mal almadıqlarını, heyvanın aparılmasında onun iştirak etmədiyini, qəssaba əti nisiyə verdiklərini, əti geri alarkən öz torbalarındakı əti götürdüklərini bildimişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində və verilən suallara cavabında qardaşı ona zəng vuraraq Naxçıvan şəhərinə ət aparacağını, Vüqarın yorğun olduğunu, onun maşınını sürməyini istədiyini bildirdiyini, onun da razılaşdığını, maşını sürürdüyünü, onun, qardaşı Teyyubun və Vüqarın əti aparıb Naxçıvan şəhərindəki qəssaba verdiklərini, həmin vaxtı əlavə 2 ədəd də quzunun ətini apardıqlarını, Əliabadda olan zaman qardaşına zəng gələrək ətin yarasız olduğunu bildirdiklərini, ora qayıtdıqlarını və Sunay müəllim onlara əti məhv etməklərini dediyini, onlar da oradan gətirib əti mal sahibinə geri qaytarmağı təklif elədiklərini, onun da qəbul etmədiyi üçün əti itlərə atdıqları bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında ididaçı ilə iş yoldaşı olduqlarını, 2 ay bundan əvvəl Hümbətin dana satdığını bildirdiyini, həmçinin həmin dananın ”qat-qatı” bağlı olduğunu dediyini, onun da bunu cavabdehə bildirəndə cavabdeh də, problem yoxdur mənlikdir dediyini, onun bu işdə sadəcə vasitəçilik etdiyini, ona ətin yarasız çıxmasına görə zəng vurduqlarını, onun da heyvanı diri aparmısan əgər istəmirdinsə diri aparıb özünə verərdin dediyini, həmin vaxtı saat 1-də əti gətirib ona göstərdiklərini, həmin vaxt ətin neçə saat isti maşında qaldığını, həmin vaxt Teyyubun başqa heyvan kəsməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında həmişə Vüqargil onun itlərinə heyvanların bağırsaq və digər atılası hissələrini gətirib atdıqlarını, həmin vaxtı da ona itlərə ət atdığını bildirəndə heç bir etiraz etmədiyini, uzaqda olduğunu üçün nə qədər ət atdığını bilmədiyini, həmin yerə ertəsi gün gedəndə yerdə malın qabırğalarının, ayaq sümüklərinin olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh aralarında heyvanın alqı-satqı üzrə şifahi olaraq müqavilə bağlayıblar. İddiaçının bir baş iribuynuzlu heyvanı 1400 manata cavabdehə satması və cavabdehin heyvanı kəsib satdıqdan sonra iddiaçının pulunu qaytarması barədə razılığa gəliblər. Cavabdeh isə əti qəssaba verən zaman X9 Agentliyi tərəfindən malın qızdırması olduğu üçün ətin yarasız olduğunu və ətə “toxunulmazlıq aktı” verildiyi müəyyən olunmuşdur. Həmçinin Şərur rayon DAİM-in baytarı tərəfində ətə baxış keçirilmiş və ətin qidaya yarasız olduğu öz əksini tapmışdır. Cavabdeh bu barədə iddiaçı ilə razılığa gələ bilmədiyindən cavabdeh tərəfindən ət məhv edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, hazırda iddiaçının tələbinin heç bir qanuni əsası yoxdur. Belə ki, iddiaçı cavabdehə satılan malın qüsurları barədə düzgün məlumat verməmişdir. Bu iş üzrə tərəflərin izahatları və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddianın rədd olmaması ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər heyvanları və quşların alqı-satqısına dair paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddısinə əsaəsn əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı ona əldən çıxmış faydanın və maddi və mənəvi zərər vurulmasının nədə ifadə olunmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar