Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-725/2021 20.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsində olan əşyaların çıxarılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-025B nömrəli torpaın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində olan daşınar əmlakların çıxarılması və həmin tikilidən istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun adına olan torpaq sahəsində oğlu Məhərrəmin ev tikərək yaşadığını, Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-025B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməin verildiyini, oğlu Fikrətin həmin torpaq sahəsində həyətin bir kənarında kiçik bir qeyri-yaşayış binası tikdiyini, həmin damda özünə aid əşyalarını saxladığını, o zamanlar qardaşların arası yaxşı olduğundan onun buna heç bir narazılıq etmədiyini, sonradan həmin damı qaraj kimi də istifadə etməyə başladıqlarını, lakin haliyyədə Məhərrəmlə Fikrətin arasında narazılıqlar baş verdiyini, onun dəfələrlə ondan həmin damı boşaltmasını istəsə də Fikrətin ona məhəl qoymadığını, Fikrətin Məhərrəmlə qonşu olduğundan maşınlarını orada saxladığını və damdan istədiyi kimi istifadə etdiyini, onun buna son qoymaq üçün həyəti hasara aldığını, lakin damın qapısı bağlı olduğundan hazırda ondan istifadə edə bilmədiklərini, Fikrətdən həmin damın sökülməsini və ya boşaldılmasını istəsə də heç bir nəticəsi olmadığını, bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Cavabdeh Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-025B nömrəli torpaın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində olan daşınar əmlakların çıxarılması və həmin tikilidən istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, həmin torpaq sahəsi onun atasına məxsus olsa da, həmin torpaq sahəsi üzərində özünə məxsus bir tikilinin və qaraj binasının olduğunu, onu həmin tikililərdən istifadə etməsinə atasının və qardaşının manelər yaratdıqlarını, eyni zamanda həmin tikiləri sökərək materiallarını götürmək istəsə də buna da atası və qardaşının manelər yaratdıqlarını, həmin tikililərdə olan daşınar əşyaları olsada, həmin əşyaları tikililəri sökəndən sonra götürəcəyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, JN-025B KOD 10215048 nömrəli həyətyanı sahə İddiaçı və X1 mülkiyyətinə verilib. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Gümüşlü kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və ailə üzvünün ümimi birgə mülkiyyətlərində olmağına baxmayaraq, iddiaçının qeyd etdiyinə görə həmin torpaq sahəsinin bir hissəsində tikilmiş qeyri-yaşayış sahəsində Cavabdeh məxsus daşınar əşyalar vardır ki, cavabdeh tərəfindən həmin əşyalar çıxarılmadığından mülkiyyətçi mülkiyyətində olan həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbində haqlı olduğundan iddia tələbi təmin olunmaqla Şərur rayon Gümüşlü kəndi ərazisində JN-025B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvünün mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar Cavabdeh tərəfindən çıxarılmaqla, həmin tikilidən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Mülkiyyətin müdafiəsi isə konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etlmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Gümüşlü kəndi ərazisində JN-025B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və ailə üzvünün mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsində olan daşınar əmlaklar Cavabdeh tərəfindən çıxarılmaqla, həmin tikilidən istifadəyə yaradılmış maneələr aradan qaldırılsın. İddia qaldırılarkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-725/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-725/2021
20.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver