Məhkəmə qərarları › İş №2(111)-10/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-10/2023

30.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-10/2023 30.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh boğaz inəyini səhlənkarlıqla öldürməsi nəticəsində ona vurduğu 1200 (min iki yüz) manat maddi zərər və dövlət rüsumu olaraq ödəmiş olduğu 32 manat olmaqla ümumilikdə 1232 (min iki yüz otuz iki) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Kəngərli rayon Böyükdüz kənd sakini olaraq həmin kənd də yaşayır. Böyükdüz kəndində özünə məxsus təsərrüfatında mal-heyvan saxlayaraq ailəsini dolandırır. 2022-ci ilin aprel ayından 3 baş inəyini otarması üçün həmkəndlisi Cavabdeh ilə danışaraq inəklərini onun naxırına qatmışdır. Aylıq naxır haqqı olaraq 1 inəyə görə Hüseynə 15 manat pul ödəyirdi. Bu da ümumilkdə 45 manat edirdi. İndiyədək də hər ayın 10-da pensiyasını alan kimi naxırçının haqqını vaxtında verirdi. Naxırçı Hüseynə əvvəllər də onun mallarını otararkən 2 dəfə xəbərdarlıq da etmişdir ki, işinə məsuliyyətlə yanaşıb təhlükəli yerlərdə malları oturmasın. Çünki əsas dolanacaq yeri mal-qaradır. Bu il, yəni 23 sentyabr 2022-ci il tarixdə saat təxminən 2100-də görmüşdür ki, inəklərindən boğaz olanı gəlməyib, digər 2-si gəlibdir. Buna görə də naxırçı Hüseynin evinə gedib boğaz inəyinin gəlmədiyini bildirmək istəyərkən Hüseynin oğlu Quliyev Amin ona “səndən başqa birinin də inəyi gəlməyib” bildirmişdir. O evə qayıdaraq fənər götürüb Hüseyn və onun oğlu Aminlə birlikdə inəyi axtarmağa getmişdir. Bacardıqları qədər kənd naxırının otladığı yerlərə baxmış, lakin tapa bilmədiklərindən təxminən saat gecə 2400 radələrində evlərinə qayıdıb gəlmişlər və razılaşmışlar ki, axtarmaqlarını səhərə saxlasınlar. Səhər iki inəyini naxıra qatıb dallarınca inəyini axtarmağa getmiş, naxırın otladığı yerə çatmağına az qalmış naxırçılardan birinin ona zəng vurub “inəyi tapmışıq, lakin inək dərin kanala düşüb ölüb” demişdir. O, onların dediyi yerə çatdıqda inəyin təxminən 5-6 metr dərinlikdə olan kanala düşüb öldüyünü, boğaz inəyinin zərbədən içalatının çölə töküldüyünü görmüş, inəyin şəkilini çəkib kanaldan çıxmışdır. Həmin yerdə mal-heyvan otarmaq üçün təhlükəli yer olduğundan naxırçı Hüseyndən “nəyə görə belə yerdə malını otarıb səhlənkarlıq edərək boğaz inəyimi tələf etdiyini” soruşmuş və ona vurduğu maddi ziyanı ödəməsini istəmişdir. Naxırçı Hüseyn də ona “heç bir pul ödəməyəcəm, get işinlə məşğul ol, yoxsa başına oyun açaram” demiş və bugünədək də ona dəyən ziyanı ödəməmişdir. Boğaz inəyinin naxırçı Hüseynin səhlənkarlığı səbəbindən ölməsi nəticəsində ona 1200 (min iki yüz) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı izahatında 2022-ci ilin aprel ayından başlayaraq özünün 3 baş inəyini otarmaq üçün həmkəndlisi Cavabdeh ilə razılaşdıqlarını, hər inək üçün Hüseynə ayda 15 manat olmaqla 45 manat pul verdiyini, hər ay vaxtı-vaxtında Hüseynə 45 manat ödəniş etdiyini, Hüseynin inəkləri səhər aparıb axşam gətirdiyini, 23 sentyabr 2022-ci ildə yenə də inəkləri otarmaq üçün Hüseynin naxırına ötürdüyünü, lakin axşam inəklərdən birinin gəlmədiyini, Hüseyngilin evlərinə getdiyini və bu barədə ona xəbər verdiyini, Hüseynin oğlu Aminlə bir qədər axtardıqdan sonra qayıdıb “birdən inək gələr deyə” yola baxdığını, lakin inəyi yenə görə bilmədiyini, axşam Hüseynin oğlu Aminin maşını ilə Amin, çoban Hüseyn və yeznəsi Rauf ilə birlikdə inəyi axtarmağa getdiklərini, həmin gün gecə saat 12:00-01:00-dək inəyi axtardıqlarını, lakin tapa bilmədiklərini, yalnız 24 sentyabr 2022-ci il tarixdə səhər saat 07-08 radələrində 1 baş 6-7 yaşında olan boğaz inəyinin 4-5 metrlik kanala düşmüş vəziyyətdə ölüsünü tapdıqlarını, inəyin cavabdehin səhlənkarlığı ucbatından öldüyünü, ekspert rəyi ilə razı olduğunu bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək iddiaçının üç baş inəyini otardığını, həmin gün hava qaralanda çoban yoldaşı Raufun Bəhruzun inəklərindən birinin gəlmədiyini dediyini, oğlunun maşını ilə birlikdə gecə saat 01:00-dək inəyi axtardıqlarını, lakin tapa bilmədiklərini, səhər açılarkən çoban yoldaşı Raufun həmin inəyi tapdığını və ona zəng edərək inəyin öldüyünü ona bildirdiyini, iddiaçının mobil telefonla ölmüş inəyin şəkillərini çəkdiyini, bu barədə polisə məlumat verdiyini və sonra da məhkəməyə verdiyini, lakin məsələnin həll ilə bağlı iddiaçının onunla heç bir danışıq aparmadığını və ona heç bir razılaşma təklif etmədiyini, inəyin 6-7 yaşında yox daha yaşlı olduğunu, əgər cavabdehin inəyi tapılmasaydı özünün günahkar ola biləcəyini, inəyi ölü vəziyyətdə tapılıb verildiyindən bu işdə özünün günahkar olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində Hüseyn ilə birlikdə növbə ilə malları otardıqlarını, bir gün malı otarıb gəldikdən sonra iddiaçı Bəhruz ona malının naxırdan gəlmədiyi barədə zəng elədiyini, sonra isə Hüseynə zəng vurduğunu və Hüseyn, onun oğlu Amin və Bəhruzla birlikdə malı axtarmağa getdiklərini, gecə saat 12:00-dək inəyi axtardıqlarını, lakin tapa bilmədiklərindən geri qayıtdıqlarını, malları növbə ilə otardıqlarından səhər Hüseynin mala getdiyini və ona “get malı axtar, mən də gəlirəm” dediyini, malı səhər saat 5-6 radələrində tapdığını, inəyin su vurulan 1 metr məsafədə olan su yuyulan yerə, yəni-arxa düşdüyünü gördüyünü, həmin yer qəmişlik olduğundan axşam inəyi görə bilmədiklərini, inəyin qarnının eşiyə tökülmədiyini, orada Bəhruzun sadəcə Hüseyn ilə “mənim malımı ver, əgər verməsən səni polisə verəcəyəm” barədə söhbət etdiyini, Hüseyn isə cavabında vermirəm dediyini bildirdi. İş materiallarına əlavə olunmuş Böyükdüz kənd baytar icraçısı X3, Böyükdüz kənd baytar icraçısı X4 və Böyükdüz kənd sakini İddiaçı iştirakı ilə tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli akta əsasən 17 sentyabr 2022-ci il tarixdə İddiaçı məxsus 3 (üç) baş i/b malına onun tövləsində dabax xəstəliyinə qarşı peyvənd aparılmış, 23 sentyabr 2022-ci ildə Böyükdüz kənd naxırçısı Cavabdeh çöldə mal otararkən İddiaçı 1(bir) baş i/b dişi inəyi ölmüşdür. Həmin ölmüş mala iynə vuran zaman onun təxmini diri çəkisinin 300 (üç yüz) kloqram, köklük dərəcəsinin isə orta olmasını müşahidə etmişlər. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Baytarlıq Şöbəsinin 26 oktyabr 2022-ci il tarixli 49 nömrəli məktubuna əsasən Böyükdüz kənd fərdi baytarlıq məntəqəsinin həkimi X1 aldıqları məlumata görə İddiaçı təsərrüfatında olan 1 (bir) baş 6-7 yaşındakı dişi inəyin təxmini orta diri çəkisi 300 kloqramdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 394 nömrəli rəyinə əsasən 6- 7 yaşında diri çəkisi təxminən 300 kq təşkil edən, 1 baş dişi inəyin orta bazar qiyməti nəzəri olaraq 975 (doqquz yüz yetmiş beş) manat müəyyən olunmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini, ekspertiza rəyini iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq hər birinin aylıq zəhmət haqqı 15 manat olmaqla 3 baş iribuynuzlu heyvanı cavabdehin otarması ilə bağlı razılığa gəlinmiş, iddiaçı hər ay üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə göstərdiyi xidmət qarşılığında hər ay pul ödəmiş, cavabdeh isə öz öhdəliyini lazımınca yerinə yetirməyərək iddiaçıya məxsus 3 baş iribuynuzlu malı 23 sentyabr 2022-ci il tarixdə otarmaq üçün çölə aparsa da, onlardan birini iddiaçıya qaytarmamış, bu barədə ona heç bir məlumat verməmiş, axtarış nəticəsində həmin 1 baş inək 24 sentyabr 2022-ci ildə otlaq sahəsində ölü vəziyyətdə tapılmışdır. Bununla da o, işinə məsuliyyətsiz yanaşaraq səhlənkarlıq etmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh tələf olmuş heyvanın ölü də olsa tapıldığına əsaslanaraq dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək ehtiyatsızlıq üzündən işini kifayət qədər vicdanla icra etməmiş, nəticədə iddiaçının bir baş malının tələf olmasına səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh dəymiş ziyanla bağlı mülki məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı iş üzrə qeyd olunan hallar iddiaçının və cavabdehin izahatları, şahid ifadəsi, ekspert rəyi və tədqiq olunmuş sübutlarla təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən dəymiş ziyanın ödənilməsi tələbini nəzərdən keçirib, o cümlədən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 394 nömrəli rəyinə əsasən 6-7 yaşında diri çəkisi təxminən 300 kq təşkil edən, 1 baş dişi inəyin orta bazar qiyməti nəzəri olaraq 975 (doqquz yüz yetmiş beş) manat həcmində müəyyən olunduğunu əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 975 manat pul tutulmalıdır. İddia qalan hissədə öz təsdiqini tapmadığından rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 26 (iyirmi altı) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 975 (doqquz yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi - 26 (iyirmi altı) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar