Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-142/2023 07.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 1785 (min yeddi yüz səksən beş) manat borcun və iş üzrə ödənilmiş 37.85 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qarabağlar kəndində ticarətlə məşğul olaraq dəyirman işlədir və un, taxıl məhsullarının satışı ilə məşğuldur (VÖEN **********). 2022-ci ilin noyabr ayında Qarabağlar kənd sakini Cavabdeh müraciət edərək ondan 1785 (min yeddi yüz səksən beş) manatlıq nisyə taxıl götürmüş və pulunu bir həftə sonra verəcəyinə dair söz vermişdir. Lakin bu günə kimi Kaməddin həmin pulu qaytarmamışdır. Dəfələrlə borcun qaytarılması üçün ona müraciət etsə də, borcu qaytarmaq istəmir və hərdən bir bəhanə ilə məsuliyyətdən yayınır. Ona görə də Cavabdeh pulun alınıb ona verilməsi üçün məhkəməyə müraciət edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə izahat verən iş üzrə İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq edərək Kəngərli rayon Qarabağlar kəndində dəyirman işlətdiyini və un, taxıl məhsullarının satışı ilə məşğul olduğunu, qeyd etdiyi həmin məhsulları nisyə də satdığını, borclular çox olduğundan dövlətdən götürdüyü krediti qaytarmaqda çətinlik çəkdiyini, 2022-ci ilin noyabr ayında Cavabdeh 1785 manatlıq arpa verdiyini və Kaməddinin arpanı nisyə alaraq 10 günə pulunu qaytaracağına söz verdiyini, lakin üstündən uzun müddət keçdiyinə baxmayaraq pulu qaytarmadığını, hər dəfə bir bəhanə ilə yayındığını, ona görə də pulun alınması ilə bağlı məhkəməyə müraciət etdiyini, bu faktı şahidlərin də təsdiq etdiyini göstərərək Cavabdeh 1785 manat borcun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 ifadəsində Qarabağlar kəndində İddiaçı işlətdiyi dəyirmanda fəhlə işlədiyini, 2022-ci ilin noyabr ayında Qarabağlar kənd sakini Cavabdeh dəyirmana gəldiyini və nisyə arpa istədiyini, bu haqda Məmiş müəllimə bildirdiyini, Kaməddinin pulu 10 günə kimi qaytaracağını söylədiyini, razılaşdıqdan sonra arpanı Kaməddinin gətirdiyi həmkəndlisi Şahid1 məxsus “Qazel” markalı maşına yüklədiyini, apardığı arpanın təxminən 1800 manat pul tutduğunu, həmin müddətdən sonra götürdüyü arpanın pulunu qaytarmadığını göstərdi. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 ifadəsində Qarabağlar kəndində yaşadığını, özünə məxsus “Qazel” markalı maşınının olduğunu, 2022-ci ilin noyabr ayında Qarabağlar kənd sakini Cavabdeh ona müraciət edərək Məmiş əminin dəyirmanından arpa alacağını bildirib, onun maşınıyla arpanı aparmaqlarını xahiş etdiyini, Kaməddinlə birlikdə dəyirmana getdiklərini və maşına xeyli arpa yüklədiklərini, həmin vaxt Kaməddinin Məmiş əmiyə pul vermədiyini göstərdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı və Cavabdeh 1785 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və şahid ifadələri ilə təsdiq olunur ki, Rzayev X1 Məmiş Əziz oğlu ilə şifahi nisyə alqı-satqı müqaviləsi bağlamaqla ondan 1785 manatlıq arpa almış, müəyyən edilmiş məbləği 10 günə qaytaracağını söz vermiş, lakin bu günə kimi qaytarmamşdır. Ona görə də İddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında müəyyən edilmiş qaydada şifahi olaraq nisyə alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi pozmuş, lazımınca icra etməmiş, yəni iddiaçıdan nisyə aldığı əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş və əsassız olaraq varlanmışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən öhdəlik üzrə əşyanın dəyəri olan müəyyənləşdirilmiş 1785 manat pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən pul məbləğini nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1785 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 37.85 manat məbləğində dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1785 (min yeddi yüz səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qaldırılarkən ödənilmiş 37.85 (otuz yeddi manat, səksən beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-142/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-142/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver