Məhkəmə qərarları › İş №2(111)-167/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-167/2023

11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-167/2023 11.08.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 44440 (qırx dörd min dörd yüz qırx) manat borcun və iş üzrə ödənilmiş 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xok kəndində ticarətlə məşğul olur. Özünə məxsus ərzaq mağazası var. Mağazada mobil nömrələrə aid ödəniş kartlarını da satır. Həmin ödəniş kartlarını ona Kəngərli rayon Qabıllı kəndindən olan Cavabdeh gətirirdi. Ödəniş kartlarını gətirmək üçün Razi əvvəldən ondan pul alır, sonra isə kartları gətirib həm ona verirdi, həm də özü satıb sonra pulunu verirdi. 2022-ci ilin dekabr və 2023cü ilin yanvar aylarında da Razi ödəmə kartı gətirmək üçün ondan ümumilikdə 44440 manat pul almışdır. Bundan sonra yayınaraq ödəmə kartlarını gətirməmiş və onun telefon zənglərinə də cavab verməmişdir. Dəfələrlə borcun qaytarılması üçün Razinin arxasınca düşsə də, borcunu qaytarmaq istəməmişdir. Ona görə də ondan pulun alınıb verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək bildirmişdir ki, 3 ilə yaxındır ki, Cavabdeh ilə alver edir. Razi Xok kəndindəki ona məxsus olan mağazada satmaq üçün mobil nömrələrə aid ödəniş kartları alıb gətirirdi. Son 6-7 aya qədər Razidən heç bir narazılığı olmamış, həmişə pul alıb ödəniş kartlarını gətirmişdir. 2022-ci ilin dekabr ayında və 2023-ü ilin yanvar ayında Razi ödəmə kartı gətirmək üçün ondan ümumilikdə 44440 manat pul almış, lakin ödəmə kartlarını gətirməmişdir. Pulunu qaytarması üçün dəfələrlə Raziyə müraciət etmiş, hətta pulun yarısının ona aid olmadığını desə də, Razi pulu qaytarmamışdır. Razi hər dəfəsində müxtəlif bəhanələr gətirmiş, gah borcu qaytarmaq üçün özünə məxsus olan avtomobili satacağını demiş, gah da ki, atası Şükürov Seyfəli və Şahid3 ilə birlikdə onun yanına gələrək pulu qaytarmaq üçün möhlət istəmişdir. Lakin bu günədək ona heç bir ödəniş etməmişdir. Hətta Raziyə başqasından aldığı borcu qaytarması üçün heç olmasa pulun yarısını qaytarmasını, qalan hissəsini isə aybaay maaşını alıb ödəməsini demiş, lakin Razi hər dəfə müxtəlif bəhanələrlə yayınaraq pulu qaytarmamışdır. Həmçinin iddiaçı izahatında tələb etdiyi pulun yarısını 26 dekabr 2022-ci ildə, digər hissəsini isə 15 yanvar 2023-cü ildə götürdüyünü, ümumilikdə 2023-cü ilin yanvar ayının 26-dək cavabdehin 57650 manat məbləğində borcu olduğunu, 25 yanvar 2023-cü il tarixdə özünün Raziyə olan 13350 manat borcunu sildikdən sonra Razinin 44300 manat borcu qaldığını və əlavə olaraq ona məxsus olan mağazadan 140 manat dəyərində ərzaq götürdüyündən ümumilikdə ona 44440 manat borcu olduğunu, bütün bunların onunla telefon danışıqlarını əks etdirən səs yazısı ilə də təsdiq olunduğunu, səs yazılarının 2023-cü ilin aprel ayına aid olduğunu, hətta səs yazısında onun gətirəcəyi pulun borcunu ödəməyəcəyini bildirdiyini göstərərək həmin məbləğin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir, 2-3 ildir ki, iddiaçı ilə alver etmişdir. İntiqamın mağazasında satması üçün Naxtel və Azercell mobil nömrələrinə aid konturları şəhərdən alıb gətirdiyini, sonuncu dəfə 2022-ci ilin dekabr ayında onunla alış-veriş etdiklərini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazılarının 2023-cü ilin yanvar ayına aid olduğunu və İntiqamla telefon danışıqlarını əks etdirən səsin özünə məxsus olduğunu bildirmişdir. Həqiqətən də İntiqamın dükanından 140 manatlıq nisyə ərzaq götürmüş və yekun olaraq borcunun 44440 manat olmuşdur. Həmin borcun xeyli hissəsini bu ilin aprel ayınadək iddiaçıya ödəmiş, həmin borcdan İntiqama cəmi 3800 manat borcu qalmışdır. Lakin İntiqama qeyd edilən borcdan ödəmələri barədə və eləcə də pulun alınıb-verilməsi ilə bağlı sənədləşmə aparmamışlar. Buna görə də sübutlarının olmadığını bildirmiş və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yaz aylarında axşam evdə istirahət edərkən Razi ona zəng vurmuş, saçını kəsdirəcəyindən onunla birlikdə getməsini istəmiş və onunla razılaşmışdır. Maşınla yolda hərəkət edərkən Razi ona İntiqam adında bir nəfərin atası ilə görüşmək istədiyini, lakin görüşərsə problem olacağını bildirmişdir. Yolda olarkən İntiqamın avtomobili ilə qarşılaşmışlar və bu zaman İntiqam avtomobildən əsəbi şəkildə enmişdir. İntiqamın yanında olan Seyid adlı bir şəxs Raziyə “danışın razılaşın” fikrini bildirmişdir. Söhbət zamanı İntiqamdan “Razinin sənə nə qədər borcu var” deyə soruşmuş, İntiqam isə cavabında “dostundan soruş, özü sənə desin” demişdir. Söhbət etdikdən sonra isə çıxıb getmişlər. Qayıtdıqları zaman Razidən borcunun nə qədər olduğunu soruşmuş, lakin Razi çəkindiyindən ona borcun məbləğini deməmiş, yalnız Razi ilə birlikdə məhkəmə bildirişini götürdükdə borc məbləğini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir, Cavabdeh ilə birlikdə isə Daxili qoşunlarda xidmət etmişdir. Razinin İntiqama 44440 manat borcu olmuş və bu borc kontur alverindən yaranmışdır. Razi ona bir neçə dəfə İntiqamın borcla bağlı şikayət etmək üçün iş yerinə gələcəyini bildirmiş və ondan İntiqamla danışıb iş yerinə gəlməsinə mane olmasını xahiş etmişdir. Eyni zamanda Razi ona “pulunun Qazaxlı Əli adında bir nəfərin aldığını, Bakıda polis işləyən dayısının köməyi ilə həmin adamdan pulunu alacağını və bununla da İntiqama borcunu qaytaracağını” demişdir. O da Raziyə “İntiqamın özü ilə danış, razılaşın” fikrini bildirmişdir. X3 borcunun 24000 manatını ödəyəcəyini və qalan borcu da hər ay maaşla ödəyəcəyini söyləmişdir. Razi dəfələrlə müxtəlif bəhanələr gətirmiş, gah kənddəki evi satacağını, gah da heyvan alıb-satmaqla İntiqamın borcunu ödəyəcəyini, hətta bir dəfə avtomobilini 13000 manata satıb borcun yarısını qaytaracağını demişdir. Razi ondan atası ilə İntiqamın danışmasına mane olmasını istəmiş, İntiqamla söhbət etdikləri zaman növbəti 1-ci gün pulu qaytaracağı barədə söz vermiş, belə bəhanələr davam etsə də, ödəniş etməmişdir. Son dəfə isə Razi, atası və özü İntiqamın yanına getmiş və orada Razi borcun yarısını bu ilin oktyabrında, qalan yarısını isə yanvar ayında ödəyəcəyini İntiqama bildirmişdir. Lakin İntiqam razılaşmadığından tez bir zamanda avtomobili satıb pulun bir yarısını, digər yarısını isə bankdan kredit götürərək qaytaracağını demişdir. Bütün bunlara baxmayaraq Razi borcunu hələ də qaytarmadığından İntiqam məhkəməyə müraciət etmiş, İntiqamın iddiası bağlı Razinin iş yerinə məhkəməyə çağırılması barədə məhkəmə bildirişi gəldikdən sonra Razinin işdən azad olunduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərmiş, Razi ona dəfələrlə “kənddə müştərin olarsa İntiqamın mağazasından kontur götürüb gələrsən” demişdir. Son dəfə təxminən bir il bundan əvvəl Razi ona 1700 manat pul verib dükana gətirməsini istəmiş, o da pulu aparıb İntiqamın dükanına qoymuş, oradan çıxandan sonra isə Razi ona yenidən zəng edərək İntiqamın ona pul verəcəyi üçün dükana qayıtmasını istəmişdir. Dükana qayıtdıqda İntiqam ona 1500 manat pul verərək Raziyə çatdırılmasını xahiş etmişdir. Sonradan Razi və İntiqamla əlaqəsi olmamış və Razinin İntiqama olan borcun miqdarı barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Cavabdeh atasıdır, təxminən bir ay bundan əvvəl axşam saat 7-8 radələrində evdə olarkən Mirabbas və Razi işləri olduğu üçün Xok kəndinə getməli olduqlarını demişlər və onlarla birlikdə İntiqamın mağazasına getmişdir. Əvvəlcə İntiqam onu tanımamış və hətta onu qəbul etməmişdir. Oğlunun İntiqama borcu olmasından əvvəlcədən xəbəri olmamış, yalnız çölə çıxan zaman Mirabbas ona oğlunun İntiqama borcu olduğunu bildirmişdir. Pulu olmadığı barədə İntiqamla danışmış, bununla da avtomobili sataraq və kredit götürərək borcu qaytaracağını söyləmiş, həmçinin oğlundan soruşduqda isə onun İntiqama cəmi 3800 manat borcu olduğunu qeyd etdiyini bildirmişdir. Məhkəmə baxışının gedişində iddiaçı tərəfindən təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan telefon danışığının səs yazısı olan CD dinlənilmiş, telefon danışığında iş üzrə Cavabdeh iddiaçıya 44440 manat borcunun olduğunu inkar etməmiş, həmin məbləğin yarısını bir dəfəyə, geri qalanını isə hissə-hissə ödəyəciyini bildirmişdir. Telefon danışığı dinlənildikdən sonra iş üzrə cavabdeh həmin səsin ona məxsus olduğunu, telefon danışığında iddiaçıya 44440 manat borcunun olduğunu təsdiq etdiyini, lakin həmin borcu qaytardığını, qaytarmağına dair hər hansı bir sübutunun olmadığını bildirmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ilə şifahi borc müqaviləsi bağlamaqla ondan borc pul alaraq ödəniş kartları alıb satacağı və pulu qaytaracağı barədə razılaşmışdır. Sonuncu dəfə cavabdeh 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında Naxtel və Azercell mobil nömrələrinə aid konturların mağazada alınıb-satılması üçün iddiaçıdan ümumilikdə 57650 manat pul götürmüş, ödəniş kartları gətirməmişdir. İddiaçının isə cavabdehə 13350 manat olan borcu olduğu nəzərə alınmaqla cavabehin iddiaçıya cəmi 44300 manat borcu qalmışdır. Eyni zamanda bu müddət ərzində cavabdeh iddiaçının mağazasından 140 manat məbləğində nisyə ərzaq almışdır. Beləliklə də cavabdehin iddiaçıya 44440 (qırx dörd min dörd yüz qırx) manat pul borcu yaranmışdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi pozmuş və borcunu qaytarmamış, bununla da iddiaçının cavabdehdən borcun qaytarılması ilə əlaqədar tələb etməkdə haqlı olmuşdur. Bu hallar tərəflərin izahatı, Şahid3 və iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında telefon danışığını əks etdirən audio yazı ilə təsdiq olunur. İş üzrə iddiaçı borcun qaytarılması barədə məhkəməyə müraciət etmiş, cavabdeh 2023-cü ilin yanvar ayında iddiaçıya 44440 manat borcunun olduğunu təsdiq etmiş, lakin həmin borcun çox hissəsini aprel ayınadək qaytardığını, yalnız həmin borc dan 3800 manat qaldığını etiraf etmişdir. Cavabdeh borcun 44440 manat borcundan 3800 manat qaldığını bildirsə də, borcun iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, iddiaçıya borcun ödənilməsini əsaslandırdığı hallara dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh qeyd olunan pulu İddiaçı verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə sübut təqdim etməli və bu halı sübuta yetirməlidir. Çünki, artıq bəyan etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür. Lakin bunu sübut edə bilmir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 44.440 (qırx dörd min dörd yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 223,32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar