Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-193/2025 11.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh MMC-dən torpaq sahəsindən istifadə etmək üçün onun əvvəlki vəziyyətinə, yəni əkin biçinə yararlı vəziyyətə gətirilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə verilmiş iki hissədən ibarət, ümumilikdə 1.12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh MMC-nin vəsaiti hesabına istifadə etmək üçün yararlı vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə iki hissədən ibarət, ümumilikdə 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu barədə JN-0162 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsindən 2008-ci ilə kimi istifadə etmiş, yəni həmin torpaq sahəsinə taxıl əkmiş, 2 ton taxıl götürmüşdür. Həmin taxılı satıb ailəsini dolandırmışdır. Lakin 2008-ci ildə Sədərək-Naxçıvan magistralında Cavabdeh MMC tərəfindən aparılmış təmir tikinti işləri ilə əlaqədar mülkiyyətində olan 162C nömrəli 5720 kv.m torpaq sahəsi onun etirazına baxmayaraq əvvəlcə qazılaraq münbıt torpaq qatı götürülmüş, sonra isə köhnə asfalt qırıntısı həmin torpaq sahəsinə tökülmüşdür. Həmin torpaq sahəsindən 2 ton taxıl götürürmüş, ildə 1100 manat qazanc əldə edirmiş. 2008-ci ildən bu günədək ona 15000 manat zərər dəymişdir. Torpaq sahəsinə tökülmüş asfalt qırıntılarının təmizlənməsi ilə bağlı tələb etsə də, bu tələbi təmin olunmamışdır. Bununla da onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq mərhum olunmuşdur. Həmçinin qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli Ekspert rəyinə əsasən paylı mülkiyyət hüququ əsasında ona məxsus olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 1,2 ha torpaq sahəsinin iddia olunan 0,57 ha-nın 1-1,5 m hündürlüyündə torpaq qatı qazılaraq götürülmüş və həmin yerə asfalt-daş qırıntılar, və digər tullantılar tökülmüşdür. Həmçinin qeyd edilmişdir ki, ərazinin münbit əkin qatı və strukturu pozulduğundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün tam yararsızdır. Həmin torpaq sahəsi ondan istifadə edə bilməsi üçün əvvəlki vəziyyətinə qaytarılmasını, yəni əkin-biçinə yararlı hala gətirilməsini istəyir. Mülki işin icraatı zamanı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbi bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi etirazında bildirmişdir ki, İddiaçı1, iddiaçının vəkili Vəkil, iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İddiaçı4, İddiaçı2 və Allahverdiyeva (Nağdəliyeva) Əminə Hüseyn qızının iştirakları ilə, İddiaçı1 Cavabdehnə qarşı kompensasiya tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(108)-23/2025 nömrəli qanuni qüvvəyə minmiş qərardadı mövcuddur. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı varsa, həmin mübahisə üzrə təkrar iddia qaldırılması yolverilməzdir. Konstitusiya Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli qərarında da vurğulanır ki, eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən, təqdim olunan iddianın eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə əvvəlki məhkəmə qərarı ilə artıq həll olunduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin mülki işin icraatı zamanı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbi bağlı xx.xx.2025-ci tarixdə məhkəməyə göndərdiyi etirazında bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 (bundan sonra "İddiaçı") cavabdeh "xxxx" MMC-yə (bundan sonra "Cavabdeh") qarşı mülkiyyətində olan torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi tələbinə dair 2(111)-193/2025 №-li mülki iş mövcuddur. İddiaçı iddia ərizəsində AR MM-nin 1096 və 1097-ci maddələrinə istinad edərək torpaq sahəsinə vurulmuş ziyanın cavabdeh tərəfindən aradan qaldırılmasını tələb etmişdir. AR MM-nin 1097-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin, diqqətə çatdırmaq istəyir ki, zərərin əvəzinin tələb edilməsi üçün müəyyən edilmiş iddia müddəti də mövcuddur və bu müddətin keçməsi ilə mülki iddia hüququ itirilir. Həmçinin, iddiaçı tərəfindən irəli sürülmüş "torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması" tələbi, mahiyyət etibarilə restitusiya tələbidir. İddiaçı bu dəfə əvvəlki qərarda uğursuzluqla nəticələnmiş kompensasiya tələbini dəyişərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Bu tələb restitusiya xarakterli tələb olduğundan yenə də, eyni hüquq pozuntusuna əsaslanır və iddia müddətinə tabedir. Qanunvericilikdə restitusiya tədbirləri də ümumi iddia müddətləri çərçivəsində nəzərdən keçirilir. Restitusiya tələbi mahiyyət etibarilə pozulmuş hüquq üçün nəzərdə tutulmuş təzminatdır, ümumiyyətlə deliktə görə şəxsi və əmlak hüquqları pozulduqda onlar ilk növbədə restitusiya, bu mümkün olmadıqda isə pulla kompensasiya edilir. Göründüyü kimi də iddiaçı bu dəfəki iddiasını deliktə əsaslandırmış və delikt nəticəsində dəymiş zərərin restitusiya edilməsini tələb etmişdir. Bu tələb də əmlak hüququ pozuntusu olaraq iddia müddətinə tabedir. O ki, qaldı iddia müddətinə tabe olmayan mülki hüququ pozuntusuna bu tamamilə mülkiyyətdə olan əşyanın vindikasiyası ilə bağlı tələblərə şamil edilir. MM-də də görüldüyü kimi iddia müddəti şamil edilməyən əmlak tələbləri aşağıdakılardır: -şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; -əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; - fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; - mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; - dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; - bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Lakin bu işdə iddiaçı torpaq sahəsi üzrə mülkiyyət hüququnu saxlamış, yalnız sahənin fiziki vəziyyətinə dəymiş zərəri əsas gətirərək tələb irəli sürmüşdür. Ona görə də, iddiaçının iddia əsasını dəyişərək iddia müddətindən yan keçməyə cəhd etməsi yenə uğursuzdur və iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir. Hüquqi əsaslandırma: Ərizədə qeyd olunmuş işin hallarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra "MM") 373-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ümumi iddia müddətini ötürmüşdür. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmçinin, MM-in 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “2008-ci ildə Sədərək-Naxçıvan magistralında “Arkoz İnşaat Şirkəti" MMC tərəfindən aparılmış təmir-tikinti işləri ilə əlaqədar müülkiyyətimizdə olan 162C nömrəli 5720 kv.m torpaq sahəsini mənim etirazıma baxmayaraq əvvəl qazaraq münbit torpaq qatı götürülmüş və sonra köhnə asfalt qırıntısı həmin torpaq sahəsinə tökülmüşdür". Bununla da iddiaçı, 2008-ci ildə əmlakına zərərin vurulması ilə hüququnun pozulduğunu etiraf etdiyindən, iddia müddətinin axımı məhz həmin tarixdən başlanır. Belə olduğu halda, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən iddia verilənədək 16 (on altı) il müddət keçdiyindən, iddiaçı 10 illik ümumi iddia müddətini ötürmüş hesab edilir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin "köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin plenum qərari, xx.xx.2023). Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı qeyd etmək istəyir ki, İddiaçı1 01 iyun 2023-cü il tarixində Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və cavabdeh "xxxx" MMC-dən mülkiyyətində olan torpaq sahəsinin yararsız hala salınması ilə əlaqədar kompensasiya ödənilməsi tələb etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Hakim qətnaməni aşağıdakı kimi əsaslandırmışdır ki, "Həmçinin məhkəmə iddia müddəti keçməsəydi belə iddianın hüquqi taleyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 tərəfindən mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin məhz Cavabdeh tərəfindən yararsız hala salınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir." Həmçinin, diqqətə çatdırmaq istəyir ki, 1-ci instansiya məhkəməsi iddianı sadəcə iddia müddəti keçməsi əsası ilə rədd etməmiş, həmçinin işi mahiyyəti üzrə araşdırmış və iddianın sübuta yetirilmədiyi qənaətinə gələrək iddianı təmin etməmişdir. Belə olan halda iddianın əsasının dəyişdirilərək yenidən məhkəməyə müraciət edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxılması istisna etmir. Hüquqi əsaslandırma : AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-c il tarixli qərarı ) Belə ki, "res judicata" prinsipi əsasən, məhkəmə qərarları mübahisənin həllində yekun sayılmalı, təkrar mühakiməyə yol verilməməlidir. Bu, hüquqi sabitlik və məhkəmə qərarlarının aliliyinin təminatıdır. Şəhər məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir və eyni predmet üzrə başqa məhkəmədə təkrar iddia qaldırmaq qeyri-mümkün sayılmalıdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istədiyi digər bir məsələ ondan ibarətdir ki, iddiaçı Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və işin gedişində könüllü sürətdə şikayətdən imtina etdiyi üüçün apellyasiya icraatına xitam verilmişdir. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. (AR MPM 369.1. m) Qeyd edilməlidir ki, iddiaçı bu iş üzrə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə daha əvvəl Naxçıvan Şəhər Məhkəməsində müvafiq iddia ilə çıxış etmiş, lakin Naxçıvan MR Ali Məhkəməsində iddiasını könüllü surətdə geri götürmüş və məhkəmə bu səbəbdən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4.-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermişdir. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və bu hal prosessual hüquqi nəticələr doğurmuşdur. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər, eyni predmet və eyni əsas üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğu halda, həmin iddianın təkrarən qaldırılması yolverilməzdir və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi çərçivəsində bir mübahisənin bir dəfədən artiq məhkəmə baxışına çıxarılması hüquq mühafizə mexanizmlərinin sabitliyini pozur və sui-istifadə riski yaradır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsini əsas tutaraq İddiaçı1 "xxxx" MMCyə qarşı mülkiyyətində olan torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi tələbinə dair 2(111)-193/2025 №-li mülki iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə İddiaçı1 iddia ərizəsində göstərilən halları təsdiq etdiyini, 2008-ci ildə Sədərək-Naxçıvan magistralında aparılmış təmir tikinti işləri ilə əlaqədar Cavabdeh MMC tərəfindən onun etirazına baxmayaraq ona və ailə üzvlərinə məxsus olan 5720 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qazılaraq münbit torpaq qatının götürüldüyünü, sonra isə köhnə asfalt qırıntılarının həmin torpaq sahəsinə töküldüyünü, beləliklə həmin torpaq sahəsinin yararsız vəziyyətə salındığını, hazırda ona məxsus torpaq sahəsindən istifadə edə bilmədiyini bildirərək həmin torpaq sahəsinin Cavabdeh MMC-nin vəsaiti hesabına əkin- biçinə yararlı vəziyyətə gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələbinə uyğun izahat verərək mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh MMC-nin vəsaiti hesabına əkin biçinə yararlı vəziyyətə gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmədə iştirak edən İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, 2008-ci ildə Sədərək-Naxçıvan magistralında aparılmış təmir tikinti işləri ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı1 və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkin-biçinə yararsız hala gətirildiyini, bu halın məhkəmə-bioloji ekspertizasının rəyi, bu barədə tərtib olunmuş akt və aktı tərtib etmiş şahidlərin izahatları ilə də öz təsdiqini tapdığını, həmçinin iddia mülkiyyət hüququnun pozulması əlaqədar olduğundan iddiaçının tələbinə iddia müddətinin tətbiq olunmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiklərini, iddiaçılara məxsus olan torpaq sahəsinin Cavabdeh MMC tərəfindən yararsız hala gətirilməsini təsdiq edən sübutların olmadığını, həmçinin iddia müddətinin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında 2008-ci ildə Sədərək-Naxçıvan magistralında aparılmış təmir tikinti işləri ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı1 və ailə üzvlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əkin-biçinə yararsız hala gətirildiyini, bu barədə tərtib edilmiş akta özünün imza etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar izahat verərək Şahid1 izahatında göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan JN-0162, KOD 10800038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 Kəngərli rayon Xok kəndində ailə üzvləri - X2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə birlikdə kənd təsərrüfatı təyinatlı 1,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 702425 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 04 avqust 2017-ci ildə ölmüşdür. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli nikah akt qeydindən çıxarışa əsasən X3 ilə X4 arasında 10 mart 2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan X7, Şahid2, Şahid1 və X5 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı1 torpaq islahatı keçirilərkən verilmiş pay torpağı, Naxçıvan-Sədərək yol çəkilişi zamanı "xxxx" MMC tərəfindən qazılaraq torpağı götürülüb tikinti üçün işlədilmiş və həmin torpaq tamamilə əkinə yararsız hala salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2024-cü il tarixli, 7/583 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Paylı mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 1,2 ha pay torpaq sahəsinin iddia olunan 0,57 ha-nın 1-1,5 m hündürlüyündə torpaq qatının qazılaraq götürülmüş və həmin yerə asfalt-daş qırıntıları və digər tullantılar tökülmüşdür. Ərazinin münbit əkin qatı və strukturu pozulduğundan kənd təsərrüfat məhsullarının istehsalı üçün tam yararsızdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(078)-9/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Arkoz İnşaat Şirkəti" MMC-dən X6 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən mülkiyyətlərinə verilmiş Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin yararsız hala salındığından əldən çıxmış faydaya görə 15000 (on beş) min manat kompensasiyanın və dövlət rüsumu olaraq ödədiyi 135 (yüz otuz beş) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə mahiyyəti üzrə baxaraq tələb üzrə iddia müddətinin keçməsi və iddiaçının mülkiyyətində olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 162C nömrəli, 5720 kv.m torpaq sahəsinin məhz Cavabdeh tərəfindən yararsız hala salınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsinə əsaslanaraq İddiaçı1 Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini və iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən ümumilikdə 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0162 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 2008-ci ildə Sədərək-Naxçıvan magistral yolu yenidən bərpa edilərkən Cavabdeh MMC tərəfindən aparılmış təmir tikinti işləri ilə əlaqədar həmin torpaq sahəsi iddiaçının etirazına baxmayaraq əvvəlcə qazılaraq münbıt torpaq qatı götürülmüş, sonra isə köhnə asfalt qırıntısı həmin torpaq sahəsinə tökülmüşdür. Bununla da iddiaçılar onlara məxsus olan Kəngərli rayon, Xok kəndi ərazisində yerləşən 1,2 ha pay torpaq sahəsinin 0,57 ha hissəsi olan torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşlar. Qeyd edilən hallar tərəflərin məhkəmə verdiyi izahatlarla, şahid ifadələri və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktla və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hazırkı tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.... Göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” 23 may 2025-ci il tarixli Qərardadında qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıların Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnu məhdudlaşlaşdırılmasının aradan qaldırmaq barədə tələbi onların qanunla qorunan marağıdır və onlar qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı halda iddianın predmetini iddiaçının mülkiyyət hüququndan istifadədən məhrum edilməsi nəticəsində Cavabdeh MMC-nin vəsaiti hesabına mülkiyyətin yararlı vəziyyətə gətirilməsini tələb etmək hüququ təşkil edir. Əmlakın bərpa edilməsi, yəni onun yararlı vəziyyətə gətirilməsi yolu ilə tələb iddianın obyekti olmaqla qanunla müəyyən edilmiş üsullarından biridir. Belə ki, mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsinin müxtəlif üsulları nəzərdə tutulmuşdur: naturada bərpa (zədələnmiş və ya məhv edilmiş əmlakın bərpası, eyni növlü və eyni keyfiyyətli digər əmlakın verilməsi), pul kompensasiyası və s. Mülki Məcəllənin 1115-ci maddəsində zərər vurulmuş şəxsə zərərin əvəzinin hansı üsulla ödənilməsini (naturada və ya vurulmuş zərərin əvəzinin pul kompensasiyası ilə ödənilməsi yolu ilə) işin hallarına uyğun olaraq müəyyənləşdirmək səlahiyyəti məhkəməyə aid edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılara vurulmuş zərərin cavabdeh tərəfindən pul əvəzinin (kompensasiyanın) verilməsi üsulu ilə mümkün olmadığından (Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(078)-9/2024 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdehnə qarşı kompensasiya tələbinə dair iddiası rədd edilmişdir) zərərin əvəzinin ödənilməsinin digər üsulunu - qanunvericilikdə nəzərdə tutulmuş prosessual vasitələrdən istifadə edilməklə cavabdeh tərəfindən əmlakın bərpası, yəni onun yararlı vəziyyətə gətirilməsi yolu ilə mübahisə həll edilməlidir. Məhkəmə iş üzrə cavabdehin etirazında göstərilənlərlə əlaqədar qeyd edir ki, iddiaçının Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı tələbində iddianın predmetini “kompensasiya” təşkil edir ki, hazırkı işdə tələbin predmeti mülkiyyətin yararlı vəziyyətə gətirilməsidir. Hər iki tələbin əsasını mülkiyyət hüququndan istifadədən məhrum edilmə (məhdudlaşdırma) təşkil etsə də, predmetlər fərqlidir. Ona gərə də məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır və hazırkı iş üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0. və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən iddiaçılara verilmiş ümumilikdə 1.12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.57 hektar hissəsi istifadə edilməsi üçün Cavabdeh MMC-nin vəsaiti hesabına yararlı vəziyyətə gətirilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı1 tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 100 manatlıq hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun artıq ödənilmiş 35 manatlıq hissəsi isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə verilmiş iki hissədən ibarət ümumilikdə 1.12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.57 hektar hissəsi istifadə edilməsi üçün Cavabdeh MMC-nin vəsaiti hesabına yararlı vəziyyətə gətirilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı1 ödənilsin. İddiaçı tərəfindən 15 aprel 2025-ci il tarixli ********** nömrəli qəbz əsasında ödənilmiş dövlət rüsumunun 35 manatlıq hissəsi özünə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-193/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-193/2025
11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver