Məhkəmə qərarları › İş №2(111)-225/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-225/2025

01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-225/2025 01.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X2 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı vəkil və nümayəndə vasitəsilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 10000 (on min) manat həcmində əsas borc məbləğinin, borcun 2 il 6 ay gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1300 (min üç yüz) manat cəriməni, cəmi 11300 (on bir min üç yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 123.9 manatın tutularaq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandıraraq qeyd etmişdir ki, ailəmi saxlamaq üçün tez-tez Türkiyə Respublikasına işləmək üçün gedirəm. 2022-ci ilin dekabr ayında həmin respublikadan qayıdanda yaxşı bir avtomobil almaq istəyirdim. Bu fikrimi məni tanıyan insanlara bildirmişdim. xx.xx.2023-cü il tarixdə tanıdığım İlkin adlı şəxs mənə zəng elədi və bildirdi ki, təzə VAZ 21214-007-52 (Niva) markalı avtomobilini təcili pulu ehtiyacı olan "Cavabdeh" adlı bir şəxs satmaq niyyətindədir. Mən ondan avtomobilə harada və necə baxacağımı soruşanda bildirdi ki, Naxçıvan şəhərində yerləşən "Sevgilim" adlı çayxananın önündə görüşək və orada baxaq. Getdim və təyin olunmuş yerdə avtomobilə baxdım, xoşuma gəldi, təklif etdim ki, adı yuxarıda çəkilən çayxanada əyləşib çay içək və qiyməti barədə razılaşaq. Əyləşdik, çay içdik, söhbət əsnasında yüklü avtomobillərinin (Tırlarının) gömrükdə saxlandığını, mallarının rüsumlarını ödəməyə imkanı çatmadığını və hətta elan səhifələrində satmaq niyyətində olduğu avtomobilinin qiymətini 15000 (on beş min) manata qoyduğunu, amma 10000(on min) manata təcili satmaq istədiyini bildirdi.Hüseynin səmimi söhbətinə görə vicdanım sızladı və 10000 (on min) manatı ona vermək istədiyimi və razılaşdığımız avtomobilində hələlik onda saxlanmasını təklif etdim. O isə dedi ki, gəl belə edək, mənə verəcəyin məbləğin əvəzinə sözügedən avtomobili sənə verim, 15 gün ərzində pulu qaytarmazsam, Niva sənindi və əlavə olaraq mənə köməklik etdiyin üçün sənə pay olaraq metlax verəcəm. Avtomobil atasının mülkiyyətində olduğundan və Hüseyn mənə etibarnamə verə bilməyəcəyinə görə atası İman Hüseynova zəng elədi. Atası gəldikdən sonra Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə getdik, mənə həmin nəqliyyat vasitəsinə dair sərəncəm hüquqlu etibarnamə verildi. Notariat Ofisindən çıxandan sonra onlara 6000 (altı min) manat pul verdim. Müəyyən zamandan sonra razılaşdığımız məbləğin 4000 (dörd min) manatı Hüseynə verəndə Türkiyəyə gedəcəyimi bildirdim. O da işlərinin arxasınca getməsi üçün nəqliyyat vasitəsinin hələlik onda qalmasını xahiş etdi və bildirdi ki, 15 gün sonra sən Türkiyədən gələndən sonra sənin pulunu verərəm və birlikdə gedib etibarnaməni ləğv etdirərik. Onun səmimiyyətinə inandığımdan razılaşdım. Daha sonra Türkiyə Respublikasına getdim, işlərim gecikdiyindən 15 gün sonra Hüseynə zəng vurdum, o isə pulu kimə verəcəyini soruşdu. Mən də qardaşım Əhmədov Vəliyəddinin nömrəsini və ünvanını ona verərək pulu ona çatdırmasını dedim. Türkiyədəki işlərimi bitirdikdən sonra Naxçıvana qayıtdım, qardaşıma zəng edərək Hüseynin ona verdiyi pulu gəlib götürəcəyimi bildirdim, qardaşım isə ona kimsənin zəng etmədiyini və pul verilmədiyini söylədi. Təkrar olaraq Hüseynə zəng etdim, pulun niyə verilmədiyini soruşdum, o isə, "3-5 gün səbirli ol pulunu artıqlamasıyla qaytaracağam" dedi. Ona inanaraq yenə gözləmək qərarına gəldim, Hüseyn yenə məni aldatdı, zəng edərək onunla görüşmək istədiyimi bildirdim, "Sevgilim" çayxanasında mənimlə görüşəcəyini bildirdi. Təyin olunmuş məkanda görüşdüyümüz zaman maddi imkanının (pulunun) olmadığını bildirərkən ondan Nivanın mənə verilməsini tələb etdim, o isə həmin avtomobilin mühərrikinin sıradan çıxdığını, 3 gün müddətində ustadan təhvil alacağını bildirdi. Daha sonra isə Hüseynlə məni tanış edən İlkinə zəng edərək başıma gələn hadisələri ona danışdım, İlkin isə sözügedən avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirlərək satıldığını və Hüseynin bir neçə nəfəri daha aldatdığını mənə söylədi. Naxçıvan şəhərində Hüseyn barəsində maraqlananda tanıyan hərkəs onun yalançı və dələduz olduğunu bildirdi. Aldadıldığımı biləndən sonra 05 mart 2023-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etdim. Bizi Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə çağıraraq ikimizdəndə izahat aldılar. Hüseyn izahatında mənə borclu olduğunu etiraf etdi, həmin borcu 2023-cü ilin avqust ayında qaytaracağını bildirdi, razılaşdım və həmin müddət çatanda yenə borcunu qaytarmadığı üçün zəng elədim, tezliklə (3-5 günə) qaytaracağını söylədi. Bu dəfə inanamadım ona və Daxili İşlər Nazirliyinə müraciət etdim, Hüseyni çağırdılar, pulu olmadığını bildirdi, qarşılığında torpaq verə biləcəyinə vəd verdi, torpaq sahəsinə getdik, baxdım, bəyəndim, torpaq sahəsini mənim adıma sənədləşdirməsini təklif edəndə həmin torpaq sahəsinin sənədlərinin də olmadığını, 2 aya düzəldə biləcəyini və mənimdə səbirli olub gözləməyimi söylədi. İki ay keçdikdən sonra bu vədlərində yalan olduğunu anladıqdan sonra yenidən Daxili İşlər Nazirliyinə müraciət etdiyimdə müraciətimin mülki xarakterli mübahisə olduğundan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Katibliyində işə tikildiyi, mülki qaydada iddia ərizəsi verərək pozulmuş hüquqlarımın məhkəmə qaydasında bərbasına dair tövsiyyələr olundu. İş üzrə 11 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahatında Türkiyədə işlədiyini, oradan gələndən sonra maşın almaq fikrinə düşdüyünü, İlkin adlı tanışı ona tanıdığı bir nəfərdə Niva olduğunu, onunla əlaqə saxlayıb maşına baxdıqlarını, onunla razılaşıb Notariusa getdiklərini, maşın atasının adına olduğundan atası gəlib etibarnamə verdiyini, Hüseyn gömrükdə işi olduğundan bir iki gün maşının onda qalmasını istədiyindən onunla razılaşdığını, Türkiyə gedib 10 gündən sonra gəldiyini, Hüseynlə əlaqə saxladığını, onun maşını Culfa şəhərindən olan bir nəfərə satdığını öyrəndiyini, Hüseyndən pulu tələb etdiyini, Hüsyeyn pulu olmadığını pulun əvəzinə torpaq təklif etdiyini, sonra torpağın sənədinin olmadığını dediyini, dəfələrlə zəng etdiyini, lakin cavab vermədiyini, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehin Naxçıvan MR DİN-in İstintaq və Təhqiqat İdarəsində verdiyi izahatında 8500 manat borcu olduğunu etiraf etdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında Cavabdeh izahatında iddiaçının ondan maşın almadığını, pula ehtiyacının olduğundan tanışı İlkinin Nüsrəddini məsləhət gördüyünü, faizlə pul verdiyini dediyini, çağırıb söhbət etdiklərini, faizlə 6000 manat pul verdiyini, onun da bir hissəsini qaytardığını, aralarında etibar yaransın deyə avtomobil üçün etibarnamə verdiyini, hal-hazırda borcu qaytarmaq imkanının olmadığını, vaxtında atasının adına olan evi də borc qarşılığında onun adına keçirmək istədiyini, amma razı olmadığını, Daxili İşlər Nazirliyində vermiş olduğu izahatını təsdiq etmədiyini, iddianın 6000 (altı min) manatını qəbul etdiyini, bu məbləğdə iddiaçıya borcunun olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6000 manat alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və cavabdehin qismən etirafedici izahatı ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı 6000 manat borcu vardır. Həmin borcu bu günə kimi qaytarmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın qalan hissəsinə münasibətdə qeyd edir ki, iddianın qalan hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və həmin hissə məhkəmə baxışında sübuta yetirilməmişdir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və sübutların siyahısına daxil edilmiş sənədlər iddianın tam təmin olunması üçün əsas deyildir və mötəbər sübut kimi qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında şifahi borc müqavilələrinin bağlandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin qüvvədə olan mətninə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri və cavabdeh tərəfindən ondan tələb edilən borc məbləğinin 6000 manat hissəsinin etiraf edilməsini və iddiaçının isə iddianın digər hissəsinə dair sübutlar təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla Cavabdeh 6000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 123,9 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65.78 manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6000 ( altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 65.78 (altmış beş manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar