Məhkəmə qərarları › İş №2(111)-269/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-269/2023

07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-269/2023 07.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qurbanov X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1283 (min iki yüz səksən üç) manat pulun və dövlət büdcəsinə köçürülmüş 33 manat rüsumunun cavabdeh X3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh 2003-saylı hərbi hissədə zabit olaraq xidmət edir. Özü kiçik ticarətlə məşğul olur və özünə məxsus ərzaq dükanı işlədir. Cavabdehlə münasibətləri normal olduğundan, həm də cavabdeh ailəli olduğundan ərzaq mağazasından fərqli ay və günlərdə ərzaq məhsulları götürsə də, pulunu ödəməmişdir. Cavabdehlə münasibətləri yaxşı olduğundan hər dəfə ərzağa olan borcu istəməkdən utanmışdır. Bir müddət götürdüyü ərzaqların pulunu ödəsə də, yerdə qalan 1283 manat borcu qaytarmamışdır. Cavabdeh qalan borcu tələb etdiyində, hər dəfəsində əmək haqqını aldıqdan sonra borcunu ödəməyi söz versə də, bu günə qədər qalan borcunu ödəməmişdir. Bununla bağlı xidmət etdiyi hərbi hissə komandirinə şifahi müraciət etsə də, heç bir köməklik göstərilməmişdir. Bundan sonra məcbur qalıb məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı məhkəməyə teleqram göndərərək iddia tələbini müdafiə etdiyini, yolun uzaqlığı ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəbini üzrsüz hesab edib hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş 21 vərəqdən ibarət “Cavabdeh” və qeyrilərinin adı və qarşısında məbləğlər göstərilən kserosurətlərdə Cavabdeh adı qeyd edilmiş və adının qarşısında müxtəlif məbləğlər göstərilmişdir. İş materiallarında olan Cəlilabad RPŞ tərəfindən 01 may 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qurbanov X2 rayon Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 33 (otuz üç) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə iddiaçı Cavabdeh onun işlətdiyi ərzaq mağazasından fərqli ay və günlərdə ərzaq məhsulları götürməsini, həmin aldığı ərzaq məhsullarının dəyərinin qaytarılmamasını və ərzaq məhsullarının nisyə alğı-satqısı nəticəsində ona 1283 (min iki yüz səksən üç) manat borcu olduğunu göstərsə də, borcun olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə sübut kimi əlavə olunmuş “Cavabdeh” ad, soyad və rəqəmlər yazılmış əlyazmalar iş üzrə sübut kimi qəbul oluna bilməz. Çünki, həmin əlyazmalar cavabdehin iddiaçıya borclu olmasını təsdiq etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar