Məhkəmə qərarları › İş №2(111)-298/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-298/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-298/2023 12.12.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1350 manat borcun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 33.50 manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhər dördyol ticarət mərkəzində 17 № mağazada işləyir. 9 aprel 2023-cü il tarixdə Cavabdeh ondan 1800 manatlıq (Altus 370) soyuducusu götürmüşdür. Birinci ay ərzində 50 manat, sonrakı 4 ay 100 manat ödəniş etdikdən sonra ümumilikdə 1350 manat borcu qalmışdır. Hərbi hissədən işdən çıxdıqdan sonra ona pul verməkdən imtina etmiş, ona edəcək ödənişi verməkdən boyun qaçırmışdır. Cavabdehə dəfələrlə telefon ilə zəng etsə də, telefon zənglərinə cavab verməmiş, borcu ödəməkdən boyun qaçırmış və buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, Cavabdeh sonuncu dəfə avqust ayı ödəniş etdiyini, zənglərinə cavab vermədiyini, buna görə də məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirərək 1350 manat borcun cavabdehdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Onunla telefon vasitəsilə əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edildikdə, iş üzrə cavabdeh Bakı şəhərində olduğuna görə məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, iddianı qəbul etdiyini, təmin olunmasına etirazının olmadığını bildirmişdir. Bununla bağlı müvafiq telefonoqram tərtib olunmuşdur. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrlü hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan Cavabdeh məxsus AD ******* nömrəli hərbi qulluqçunun şəxsi vəsiqəsinin arxasında Cavabdeh tərəfindən 09 aprel 2023-cü il tarixdə yazılmış və imzalanmış əlyazmada o, yəni “Cavabdeh 4 yol ticarət mərkəzi mağaza № 17 İddiaçı soyuducu götürdüm, 1800 manat dəyərində. Ayda 100 manat olmaqla ödəyəcəm” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 33.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı dəyəri 1800 manat dəyərində soyuducu almış, hər ay 100 manat olmaqla ödəməyi öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, cəmi 450 manat pul ödəmiş və nəticədə 1350 manat borcu yaranmışdır. Hazırda da İddiaçı Cavabdeh 1350 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği, habelə dövlət rüsumu qismində ödədiyi 33.5 manat məbləğində pulu tələb edir. Cavabdeh tərəfindən də iddiaçının tələbi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və ondan 1350 manat məbləğində borc və ödənilmiş 33.5 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,5 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1350 manat məbləğində borc və 33.5 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində pul və iş üzrə ödənilmiş 33.5 (otuz üç manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 1383.5 (min üç yüz səksən üç manat, əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar