Məhkəmə qərarları › İş №2(111)-41/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-41/2025

07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-41/2025 07.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul borcunun və iş üzrə ödənilmiş 47 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kənd sakini Cavabdeh 2022-ci il tarixdən tanıyır. Kaməddin karate müəllimi olduğundan oğlunu karate dərsi alması üçün onun yanına göndərmişdir. 08 dekabr 2024-cü il tarixdə Kaməddinə 2600 manat dəyərində 2 baş iri buynuzlu mal satmış, Kaməddin isə hazırda imkanı olmadığından 10-15 gün içində pulu ödəyəcəyini bildirmişdir. Oğlunun müəllimi olduğu üçün ona güvənib bunu qəbul etmişdir. 27 dekabr 2022-ci il tarixdə Kaməddin ondan yenə də 2100 manat dəyərində 6 baş iri buynuzlu mal satın almaq istəmişdir. Ona əvvəlcədən aldığı 2 baş malın pulunu ödədikdən sonra gəlib istədiyi 6 baş malı apara biləcəyini bildirmişdir. Lakin evə getdikdən sonra öyrənmişdir ki, Kaməddin oğluna zəng edərək yalandan ona deyib ki, “Mən atanla danışmışam, atan isə mənə deyib ki, get malları götür". Oğlu isə müəlliminin ona yalan deməyəcəyini düşünərək ona inanmış və malları götürməsinə icazə vermişdir. Həmin vaxtı çöldə olmuşdur. İşi ilə əlaqədar 5-6 gün çöldə olur və evə gedə bilmirdi. Evə gedib baş verənləri öyrəndikdən sonra Kaməddinə zəng etmişdir. Lakin telefonuna zəng çatmamışdır. Vəziyyəti atasına bildirmişdir. Atası isə pulu özünün ödəyəcəyini bildirmişdir. Lakin bir müddət sonra pulu ondan tələb etdikdə bildirdi ki, “Sən malı mənə deyil, Kaməddinə satmısan, pulunu ondan tələb et". Sonra isə öyrənmişdir ki, Kaməddin sadəcə onu deyil, bir neçə nəfəri də aldadaraq borcunu ödəməyib. Hətta bu səbəbdən dəfələrlə məhkəməsi olmuşdur. Halhazırda isə qaçaraq Bakı şəhərində qardaşının yanında yaşayır. Kaməddinin ona borclu olduğu 4700 manat pul 47 baş ana qoyunun qiymətidir. 17 baş ana qoyun isə balaları ilə birlikdə 94 baş qoyun edir. Müharibə veteranıdır. Heç bir yerdə işləmir. Dolanışığını saxladığı mal-heyvanlarla təmin edir və ailəni onların hesabına keçindirir. Oğlu hazırda əsgərlikdədir. Onun oradakı ehtiyaclarını qarşılamalıdır. Qısaca Kaməddinin ona borclu olduğu pula çox ehtiyacı var. Ancaq o verdiyi sözə əməl etmədiyinə görə 02 dekabr 2024cü il tarixdə ərizə ilə Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi 04 dekabr 2024-cü il tarixli, 5-128/1-A-15- 4/2024 nömrəli cavab məktubunda iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Hazırda Cavabdeh ona 4700 (dörd min yeddi yüz) manat borcu var və borcunu qaytarmır, qaytarmaqdan da boyun qaçırır. Ailənin dolanışığını qarşılamağı üçün həmin pula çox ehtiyacı var. Buna görə də məcburiyyət qarşısında qaldığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə izahat verən iş üzrə İddiaçı iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianı müdafiə etdiyini, cavabdeh Kaməddini uşağına karate dərsi dediyindən tanıdığını, hətta bir dəfə onun uşağın vasitəsi ilə bir heyvan aldığını, pulunu verdiyindən və əvvəllər də Kaməddinlə alış-veriş etdiyindən ona qarşı inam yarandığını, Kaməddinə 08 dekabr 2022-ci il tarixdə 2 iribuynuzlu heyvanı nisyə satdığını, satdığı böyük olan iribuynuzlu heyvanı 1900 manata, balaca olanı isə 700 manata verdiyini, Kaməddinin isə iribuynuzlu heyvanların dəyəri olan 2600 manatı 1 həftəyə gətirib verəcəyini dediyini, bir müddət sonra da 5 baş 5 illik “sibir” keçi və 1 baş da heyvan “qoç”un hər biri 350 manat dəyərində olan xırda buynuzlu heyvanların ona satılması barədə danışdıqlarını, lakin ona əvvəl satdığı iribuynuzlu malların pulunu tam ödədikdən sonra ona verəcəyini bildirdiyini, çöldə olarkən həmin ilin dekabr ayının 27-də Kaməddinin gəlib oğluna “atanla danışmışıq” deyərək heyvanları götürüb apardığını, həmin 6 baş xırdabuynuzlu heyvanların dəyərinin 2100 manat olduğunu, həmin iribuynuzlu heyvanların bacısı Şahid2 olduğunu, bacısına məxsus nisyə satdığı iribuynuzlu heyvanların pulundan 500 manat özünün, 1500 manat da təxminən 1 il sonra da atasının gətirib bacısına verdiyini, hazırda cavabdehin ona 2700 manat borcu qaldığını, sonradan da Kaməddinin axtarıb tapa bilmədiyini, Bakı şəhərinə qaçıb getdiyindən onunla əlaqə yarada bilmədiyini, özünün də işləmədiyini, müharibə veteranı olduğunu, ailəsini tək saxladığını, başqa heç yerdən gəliri olmadığını, iddia ərizəsində cavabdehdən 4700 manat pulun tələb etməsinin səbəbinin isə Kaməddinin heyvanları götürdüyü vaxt ona borclu olduğu pulun hazırda 47 baş ana qoyunun qiyməti olması, 17 baş ana qoyun isə balaları ilə birlikdə 94 baş qoyun olması ilə əlaqələndirdiyini, cavabdehin hazırda cəmi 2700 manat əsas borcunun olduğunu və həmin borcun qaytarılması tələb etdiyini bildirərək bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmədə iddiaçı tərəfdən şahid qismində dindirilən Şahid2 ifadəsində hazırkı iş üzrə iddiaçının bacısı olduğunu, təxminən 2 il əvvəl saxladığı heyvanları satmaq istədiyini, qadın olduğu üçün qardaşından ona kömək etməsini istədiyini, qardaşı Nərimanın ona Kaməddinin idman müəllimi olduğunu və əvvəllər də ondan heyvan alıb pulunu qaytardığını dediyini, qardaşının özünün yanında Kaməddinlə 2 baş iribuynuzlu heyvanının satılması barədə danışdıqdan sonra onların tövlədə olan heyvanlara baxdıqlarını, 3 illik erkək malı 1900 manata və 1 il 1 aylıq malı isə 700 manata, cəmi 2600 manat alıb-satılması barədə razılaşdıqlarını, Kaməddinin malları götürüb apardığını və 3-5 günə, uzağı bir həftəyə heyvanların pulunun yarısını gətirib verəcəyini bildirdiyini, axşamüstü Kaməddinin özünün gətirib heyvanların pulundan 500 manat verdiyini, sonra yoxa çıxdığını, bir müddət sonra da atasının gətirib 1500 manat verdiyini və “narahat olma, qalanını da sonra gətirib verəcəyik” dediyini, 3 ildir ki, Kaməddinin aldığı heyvanların pulundan qalan 600 manatı qaytarmadığını, 3 il bundan əvvəl də qardaşı çöldə olarkən gəlib “atanla danışmışıq” deyə oğlundan 6 baş xırdabuynuzlu heyvanı da götürüb apardığını, bildiyinə görə qardaşı Kaməddinlə bir baş heyvanı 350 manata danışıb razılaşdıqlarını, qardaşından götürdüyü heyvanların pulunu hələ də vermədiyini bildirdi. Məhkəmədə iddiaçı tərəfdən şahid qismində dindirilən Şahid1 ifadəsində əvvəllər yük maşını sürdüyünü, Kaməddinlə həmkəndli olduğundan onu tanıdığını, əvvəllər də birlikdə çox iş gördüklərini, yəni həmişə pulunu verib və maşını ilə ona xidmət göstərdiyini, 2-3 il bundan əvvəl Kaməddinin “gedib Çalxanqaladan heyvan gətirək” dediyini, əvəzində ondan nə qədər alacağını soruşduğunu, ona “15 manat versən bəsdir” dediyini, birlikdə Çalxanqala kənd sakini Nərimangilə getdiklərini, Nərimanın heyvanları maşına yığdığını və götürüb Qarabağlar kəndinə Kaməddingilə gətirdiklərini, bir müddət sonra da gedib Nərimanın bacısından biri balaca, biri də böyük olan 2 dana götürdüklərini, aralarında hansı qiymətə danışdıqlarını bilmədiyini, 10-15 gün sonra Kaməddinin yenə zəng etdiyini, gedib Nərimangildən 5 sibir keçi, 1 qoç götürdüklərini, həmin vaxt Nərimanın evdə olmadığını, Kaməddinin Nərimanın oğluna atası ilə danışdığını deyib onun da köməkliyi ilə heyvanları maşına yükləyib onların həyətindən götürüb gəldiklərini, heyvanları aparıb Qarabağlar kəndində Kaməddinin qaldığı başqa bir həyətə boşaltdıqlarını, Kaməddinin Nərimandan aldığı heyvanların birini 350-400 manata danışıb razılaşdığını bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Hərbi Komissarlığı tərəfindən 22 sentyabr 2008-ci il tarixdə verilmiş M\V 053266 nömrəli “Müharibə veteranı” vəsiqəsinin surətinə əsasən İddiaçı müharibə veteranıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı və Cavabdeh 2700 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və şahid ifadələri ilə təsdiq olunur ki, Rzayev X1 Nəriman Məmməd oğlu ilə şifahi nisyə alqı-satqı müqaviləsi bağlamaqla ondan 4700 manatlıq iri və xırdabuynuzlu heyvan almış, həmin pulun 2000 manatını iddiaçıya ödəmiş, geri qalan 2700 manatı qaytaracağını söz vermiş, lakin bu günə kimi qaytarmamışdır. Ona görə də İddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında müəyyən edilmiş qaydada şifahi olaraq nisyə alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi pozmuş, lazımınca icra etməmiş, yəni iddiaçıdan nisyə aldığı əmlakın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş və əsassız olaraq varlanmışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən öhdəlik üzrə əşyanın dəyəri olan müəyyənləşdirilmiş 2700 manat pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsində cavabdehdən 4700 manat pulun tələb etməsinin səbəbinin Kaməddinin heyvanları götürdüyü vaxt ona borclu olduğu pulun hazırda 47 baş ana qoyunun qiyməti olması, 17 baş ana qoyun isə balaları ilə birlikdə 94 baş qoyun olmasını, eləcə də iş üzrə ödənilmiş 47 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən pul məbləğini nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2700 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna və iş üzrə iddiaçı müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan 47 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar