Məhkəmə qərarları › İş №2(111)-65/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-65/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-65/2021 14.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 2100 manat pulu və ödədiyim 30 manat dövlət rüsumunu, cəmi 2130 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəngərli rayon Xıncab kənd sakini Cavabdeh xx xxxx 2020-ci ildə məndən bir ədəd soyuducu və bir ədəd paltaryuyan alıb. Cəmi olan 2300 manatdan 200 manat ilkin ödəniş edib. 2100 manat borcu qalıb. Danışığımıza görə mənə hər ay 400 manat pul ödəməli idi. Lakin indiyə qədər heç bir ödəniş etməyib. Hər dəfə məni borcunu qarşıdakı ay tam ödəyəcəyi ilə aldadır. Deyilən müddət başa çatdıqda isə, “məni bu ay da ötüşdür, gələn ay verəcəyəm” deyərək başından edir. Onu tanıyanlar da mənə deyiblər ki, Şəhriyar pul atmağın ustasıdır, ondan pul istəməyə dəyməz, özünü yorma. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbdən olub olmaması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddianı müdafiə etdiyini, Cavabdeh xx xxxx 2020-ci ildə işlətdiyi mağazadan onu aldadaraq 1400 manat dəyərində bir ədəd soyuducunu və 900 manat dəyərində olan bir ədəd paltaryuyan aldığını, bu zaman 200 manat ilkin ödəniş etdiyini, qalan pulun isə ayda 400 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin bu günədək heç bir ödəniş etmədiyini, hazırda cavabdehin ona 2100 manat borcu qaldığını, dəfələrlə ona zəng vurub borcun ödənilməsini tələb etdiyini, hər dəfəsində borcu qaytaracağını vəd edərək onu aldatdığını və haliyədə özünün maddi vəziyyətini ağır olduğunu qeyd edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan Cavabdeh məxsus AD ******* nömrəli hərbi qulluqçunun şəxsi vəsiqəsinin arxasında Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdə yazılmış və öz imzası ilə məzmununu təsdiqlədiyi əlyazmada o, yəni “Cavabdeh 4 yol ticarət mərkəzi mağaza № 17 Mübarizdən 1 ədəd xaladennik və bir ədəd paltaryuyan əldə etdim. 1400 manat + 900 manat = 2300 manat. 200 manat ilkin ödəniş etdi. 2100 manat borcum qaldı. Ayda 400 manat olmaqla borcu ödəyəcəm” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ********* nömrəli, xx.xx.2021-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı dəyərləri 1400 manat və 900 manat olan bir ədəd soyuducu və bir ədəd paltaryuyan almış, ilkin ödəniş 200 manat olmaqla kreditlə aylar üzrə 400 manat ödəmək şərti ilə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə 2100 manat borcu yaranmışdır. Hazırda da İddiaçı Cavabdeh 2100 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği, habelə dövlət rüsumu qismində ödədiyi 30 manat məbləğində pulu tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və ondan 2100 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2100 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar