Məhkəmə qərarları › İş №2(111)-76/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-76/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-76/2025 10.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1400 manat nəğd pulun və ödənilmiş 34 manat dövlət rüsumunun, cəmi 1434 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi və uzaq qohumu Cavabdeh anasının müalicə etdirmək adı altında xx.xx.2023 “Borc Müqaviləsi əsasında ondan 4.400 (dörd min dörd yüz) manat nəqd pul almış və həmin pulu iyun ayında tam qaytaracağı, bu mümkün olmadıqda, dəymiş zərəri də ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Ötən müddət ərzində bu borcun xx.xx.2024-cü ilədək 3000 (üç min) manatını qaytarsa da, qalan pulu müxtəlif bəhanələrlə ödəməkdən imtina etdiyindən, işin məhkəmədə mübahisələndirilməsinə zərurət yaranmışdır. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək Cavabdehin qohumu və tanışı olduğunu, 2023-cü ildə Hüseynin ona anasının xəstə olduğunu, uşağının da ali məktəbə qəbul olduğunu deyib pula ehtiyacı olduğunu bildirərək borc istədiyini, aralarında yazılı müqavilə bağlayaraq ona 4400 manat borc pul verdiyini, ona “narahat olma, pulu hissə-hissə qaytaracam, çətinlik olsa maşınımı satıb borcunu ödəyəcəm” dediyini, borcun bir hissəsini ödəsə də, razılaşdıqları müddətin keçməsinə baxmayaraq aldığı pulun hamısını qaytarmadığını, hazırda ona 1400 manat borcu qaldığını, lakin bu işə laqeyd yanaşdığını, bir dəfə qohumu vasitəsilə hissə-hissə borcu ödəyəcəyini desə də, hələ də borcunu ödəmədiyini, zənglərini də açmadığını bildirərək cavabdehdən 1400 manat borcun və məhkəmədə iddia qaldırarkən ödədiyi dövlət rüsumunun əvəzi olan 34 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Bayramov (Bayramzadə) Hüseyn Rüstəm oğlu İddiaçı 4400 manat borc pul almış və həmin borcu 28-30 iyun 2023-cü il tarixdə tam qaytarmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iş üzrə İddiaçı 34 manat məbləğində dövlət rusumu ödəmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1400 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh İddiaçı ilə yazılı borc müqaviləsi bağlamaqla ondan 4400 manat borc pul almış və həmin borcu 28-30 iyun 2023-cü il tarixdə tam qaytarmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi yerinə yetirməyərək həmin borcdan bu günə kimi 3000 manat qaytarmış və 1400 manat qalan borcu isə qaytarmamışdır. Ona görə də İddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1400 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi 34 (otuz dörd) manat, cəmi 1434 (min dörd yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar