Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-82/2021 05.07.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5550 (beş min, beş yüz, əlli) manat pulun və ödəniş etdiyi 30 manat dövlət rüsumunun, cəmi birlikdə 5580 (beş min, beş yüz, səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh aid olan ** BC *** nömrəli VAZ 21074 markalı nəqliyyat vasitəsini 6000 min manata razılaşaraq alğı-satqı müqaviləsi olmadan AR-1 nömrə 990422 saylı ümumi etibarnamə verməklə qeyd olunan maşını almışdır. Təxminən 04 sentyabr 2020-ci il tarixində X5 ilə Şərur rayonuna maşın almaq üçün getmişlər, maşın ala bilmədiklərindən qayıdıb Naxçıvan şəhərinə gələndə Xok kəndinə yaxınlaşanda X5 ona bildirmişdir ki, gəl Xokə baxaq bəlkə burda maşın tapa bilərik. Onlar Xok kəndinin mərkəzinə gedib orada kimdə satılacaq maşın olmasını soraqlaşdıqda, Zahid Tağıyev ona bildirmişdir ki, onlarda 07 markalı maşın var, satırıq, qiyməti də 6500 manatadır. Maşına baxandan sonra 6000 min manat pul verəcəyini bildirmiş, lakin o, razılaşmamışdır. Bir iki gün sonra İbrahimov Kamran ona bildirmişdir ki, Xokdə olan maşını satanla danışıb, razı salmış, 6000 manata verəcək. Bundan sonra X9 kənd sakinləri Cavabdeh və atası Zahid Tağıyevlə əlaqə saxlayıb Naxçıvan şəhərinə gəlmələrini bildirmiş, 07 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərinə gəldilər və o, hər ikisi ilə danışıb belə nəticəyə gəlmişlər ki, maşını ona ümumi etibarnamə ilə verilsin, çünki o, həmin maşını X4 7500 manata kreditə verəcək və kredit pulunu ödənişi bitdikdən sonra Kamranın adına alqı-satqı olunacaq, bu səbəbdən də 07 sentyabr 2020-ci il tarixində iki saylı Notariat ofisində AR-1 nömrə 990422 saylı ümumi etibarnamə onun adına verilmişdir (etibarnamənin surəti iddia ərizəsinə əlavə olunur). O, həmin gün iki saylı Notariat ofisindən çıxanda 5950 manat pulu Kamran Kamranın dostunun yanında 5950 manat pulu Nəcməddinin atası Zahidə verməsini istəmiş və o, 5950 manat pulu vermişdir. Maşının pulundan 50 manat kəsir qalmış, onunla birlikdə Şəkərabad kəndinə gedib evdən 50 manat pulu götürüb vermişdir. Bundan sonra həmin ** BC *** nömrəli VAZ 21074 markalı nəqliyyat vasitəsini X5 ilə öz aralarında razılaşaraq heç bir alqı-satqı olmadan hər ay 200 manat ödəməklə 7500 manata vermişdir. Bundan sonra Kamran birinci ayı 200 manat pulu ona vermiş, ikinci ay pulunun olmadığını bildirərək gələn ödənişə qədər qalan pulu ödəyəcəyini bildirmiş və həmin aydan 50 manat pulu yeməkxana işlədən Fərahim adlı şəxs yanına qoyaraq ona pulun oradan götürülməsini bildirmişdir. Üçüncü ay Kamran onu yolda görərək maşını saxlayıb 100 manat ödəniş vermiş və ona əvvəldən tanıdığı Kəramət adlı şəxsin yanında yenə ona narazıçılığını bildirmişdir. Bundan sonra cəmi bir dəfə də Kamran tərəfindən Qadirin yeməkxanasını işlədən Fərahimin yanına qoyulmuş 100 manat pulu oradan götürmüşdür. Bundan sonra Kamranla əlaqə saxlaya bilməmiş, bir müddətdən sonra Kamranın ** BC *** nömrəli VAZ 21074 markalı nəqliyyat vasitəsini öz adına sənədləşdirdiyini eşitmişdir. O, bundan sonra Kamranı tapıb bu nə məsələdir deyə bildirmiş, Kamran ona maşını öz adına keçirdiyini, sənə pul yoxdur, nə edə bilirsən et deyə bildirmişdir. Bundan sonra o, Cavabdeh ilə əlaqə saxlamış, “mən sənə pul verib maşını almışam və sənin də yanında kreditlə Kamrana vermişəm və danışığımız belə olubdur ki, Kamran pulu mənə ödəyib qurtarandan sonra adına keçirəcəyik, mənim xəbərim olmadan öz aranızda razılığa gələrək həmin nəqliyyat vasitəsini Kamranın adına keçirmişiniz, bəs mənim pulumu kim verəcək” deyə soruşmuş, Nəcməddin heç nə deməmişdir. Bu səbəbdən də o, pulunu ala bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, 2020-ci il sentyabr ayında İbrahimov Kamran adlı şəxslə maşın almaq üçün Şərur rayonuna getdiyini, lakin orada maşın tapa bilmədiklərindən geri qayıtdıqlarını, yolüstü Kamranla maşın tapıb-almaq üçün Xok kəndinə getdiklərini, Xok kəndində Zahid Tağıyev adlı şəxslə görüşdüklərini, Zahidin 6500 manata VAZ 21074 markalı nəqliyyat vasitəsini satdığını onlara dediyini, bununla razılaşmadıqlarından oradan geri qayıtdıqlarını, sonradan Kamran İbrahimovun ona zəng vurub maşın satan adamla danışdığını və maşını 6000 min manata onlara satacağını bildirdiyini, onlarla maşının sənədləşdirilməsi üçün Naxçıvan şəhərində görüşdüklərini, həmin maşını İbrahimov Kamrana kreditə verəcəyi və kredit ödənişləri bitəndən sonra maşını alqı-satqı müqaviləsi əsasında İbrahimov Kamranın adına keçirəcəyi barədə Kamranla razılaşlaşdıqlarından maşını ümumi etibarnamə əsasında ona verilməsi barədə qərara gəldiklərini və orada 5950 manat pulu Kamrana, Kamranın da həmin pulu Zahid Tağıyevə verdiyini, Zahid Tağıyevin Cavabdeh atası olduğunu, 6 ay keçdikdən sonra maşının İbrahimov Kamranın adına sənədləşdirildiyini öyrəndiyini, Cavabdeh məxsus nəqliyyat vasitəsini 6000 manata razılaşaraq alğı-satqı müqaviləsi olmadan ümumi etibarnamə əsasında aldığını, maşını İbrahimov Kamrana kreditlə verdiyindən, Kamranın 450 manatını geri qaytardığından və baş etibarnamənin adına olması səbəbindən Nəcməddindən 5550 manat pulu tələb etdiyinı bildirərək iddianın təmin olunması barədə qərar çıxarılması xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddiaçının ona qarşı pul tələbini qəbul etmədiyini, iddianın əsassız olduğunu, kənd təsərrüfatı işləri ilə məşğul olduğunu, bir gün çöldə olan vaxtı Kamranla Fikrət gəlib ona məxsus maşına atasının iştirakı ilə baxdıqlarını, evə gələn zaman atası Zahidin “maşını istəyən var, satıram və işdən icazə alarsan, gedərik maşını sənədləşdirərik” dediyini, bir gün özü, atası, İbrahimov Kamran, Kamranın şoferi və İddiaçı ilə birlikdə notariusa getdiklərini, orada Kamran maşını ümumi etibarnamə əsasında Fikrətə veriləcəyini dediyini, atasının məsləhətinə əsasən Fikrətə etibarnamə verdiyini, maşını atası ona aldığını, bu kimi məsələlərdən bilik və bacarığı olmadığından maşının alğı-satqısı ilə atasının məşğul olduğunu, sonradan bildiyinə görə maşının pulunu atasına Kamran verdiyini, bir müddət keçdikdən sonra İbrahimov Kamran onlara zəng edərək maşının pulu onun tərəfindən verildiyindən maşını onun adına rəsmiləşdirilməsini istədiyini, onlar da gedib Kamranın adına rəsmiləşdirdiklərini, bundan bir müddət sonra Fikrətin demək olar ki, hər gün onların evinə zənglər edib narahat etdiyini, niyə maşını Kamranın adına sənədləşdirdikləri dediyini, cavabında Fikrətə “pulu bizə kim veribsə, biz də onun adına rəsmiləşdirmişik” dediyini, Fikrəti tanımadığını, onunla maşının alqı-satqısı barədə aralarında heç bir razılaşma olmadığını, sadəcə Kamranın razılığı ilə maşınla əlaqədar ona etibarnamə verdiyini, Fikrətin pul vermədiyi halda, ondan pul tələb etməsini anlamadığını, Fikrətlə Kamranın arasında maşınla əlaqədar hər hansı mübahisənin yaranmasından xəbərinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində Cavabdeh atası olduğunu, satdığı ** BC *** nömrəli VAZ 21074 markalı nəqliyyat vasitəsi oğluna məxsus olduğunu və həmin maşını oğluna özü aldığını, oğlunun alış-veriş işlərində bacarığı olmadığından özünün birbaşa bu məsələlərdə iştirak etdiyini, bir gün Xok kəndində olarkən İbrahimov Kamran bir nəfərlə gəlib maşın almaq istəklərini ona dediklərini, cavabında o, qeyd edilən maşını 6500 manata satdığını dediyini, onlar isə 6300 manat son qiymətlə razılaşmayıb getdiklərini, bütün bu məsələrdə bilavasitə Kamranın 4 gün sonra ona zəng vurub “maşını alıram və bir gün gedək maşını sənədləşdirək” dediyini, notariusa getdiklərini və orada Kamranın maşını indi sənədləşdirəcək pulu olmadığından və Fikərtdən borc aldığından etibarnamənin Fikrətin adına verilməsini və sonra sənədləşdirəcəyini dediyini, Kamranın dediyi kimi maşın ümumi etibarnamə əsasında Fikrətin adına verildiyini, Kamranla qabaqcadan maşının 6000 manatının nağd şəkildə, qalan 300 manat pulunun isə 50-50 verilməsi barədə razılaşdıqlarını, Kamranın ona 5950 manat pul verdiyini, qalan 50 manatın isə gedib Fikrətgilin evindən götürəcəklərini dediyini, onlarla birlikdə Fikrətin Şəkərabaddakı evinə getdiklərini, Fikrət evindən gətirib 50 manati da Kamranın vasitəsi ilə ona verdiyini, bu zaman Fikrətin ona “bir sənəd gətirim, qol çək ki, 6000 manat pulu Fikrət mənə verib” dediyini, cavabında “mən elə bir sənədə qol çəkə bilmərəm” dediyini, maşını satmaqda məqsədinin özlərinə “qazel” maşını almaq olduğunu, dəfələrlə Fikrətin onun evinə gələrək və zəng vurub ona “1000 manat sənə pul verim, gəl sən məhkəmədə de ki, pulu mənə Kamran verməyib, Fikrət veribdir” dediyini, onu və ailəsini hədələdiyini, İddiaçı ümumiyyətlə tanımadığını, onunla oğlu Nəcmədinin və özü arasında maşının alğı-satqısı barədə heç bir sövdələşmə olmadığını bidirdi. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində almaq üçün özünə maşın axtardığını, Fikrətlə gedib Şərur rayonunda maşın tapa bilmədikdən sonra Xok kəndinə gəldiklərini, Xok kəndində Zahid Tağıyevlə qarşılaşdığını, burada kim maşın satır deyə soruşduqda Zahidin əvvəlcə 6500 manata maşın satdığını dediyini və maşına baxdıqdan sonra maşının 6300 manata son qiymətə satdığını bildirdiyini, bir neçə gün keçdikdən sonra Zahidə zəng vurub maşını 6300 manata almaqda razılaşdığını və eyni zamanda Zahid Tağıyevə alması üçün Ordubaddan qazel tapdığını, maşının 6000 manatını verəcəyini, qalan 300 manat pulu da hər ay 50-50 qaytaracağını vəd etdiyini, həmin vaxtı 5550 manat pulu olduğunu və maşını sənədləşdirməyə getdikdə tam pulu olmadığından 450 manat da Fikrətdən alıb pulun üstünə əlavə edib Zahid Tağıyevə verdiyini, Fikrətə borclu olduğundan həmin aldığı maşını ümumi etibarnamə əsasında Fikrətin adınına ümumi etbarnamə əsasında verilməsinə razılıq verdiyini, sonradan Fikrətə olan borcunu qaytardığından maşını öz adına sənədləşdirdiyini, Fikrətin Nəcməddinə qarşı məhkəmədə iddia qaldırmasının səbəbini anlaya bilmədiyini, Fikrətlə aralarında heç bir mübahisə olmadığını, əvvəllər Fikrətin bir maşının olduğunu və həmin maşını 2 il kirayə götürüb sürdüyünü, sonradan isə Fikrətin həmin maşını satdığını bildirdi. İş materiallarına əlavə olunmuş AR-İ № 990422 saylı, 07.09.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh tərəfindən 10 il müddətinə İddiaçı ** BC *** nömrəli VAZ 21074 markalı nəqliyyat vasitəsinə müvafiq hərəkətləri etməyə dair etibarnamə verilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin məhkəməyə göndərdiyi məktubundan görünür ki, VAZ 21074 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 02.10.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Kəngərli rayon Xok kənd sakini Cavabdeh adına qeydiyyata alınmış, 15.02.2021-ci il tarixdə isə alğı-satqı müqaviləsi əsasında satılaraq Naxçıvan şəhər, 54-cü məhəllə, ev 6-da qeydiyyatda olan X3 adına qeydiyyata alınaraq **-BJ-*** dövlət qeydiyyat verilmişdir. Hal hazırda VAZ 21074 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatda durur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını, şahid ifadələrini, iddia tələbinin dəlillərini nəzərə alaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş üzrə tərəflərin izahatları, şahid ifadələri və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, 07.09.2020-ci il tarixdə Cavabdeh özünə məxsus ** BC *** nömrəli “VAZ 21074” markalı nəqliyyat vasitəsini şifahi alğı-satqı müqaviləsi əsasında X1, əvəzində K.İbrahimov Cavabdeh atası Zahid Tağıyevə 6000 manat pul vermiş və bu zaman K.İbrahimovun razılığı əsasında həmin tarixdə mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı 10 il müddətinə ** BC *** nömrəli “VAZ 21074” markalı nəqliyyat vasitəsinə müvafiq hərəkətləri etməyə dair AR-İ № 990422 saylı, 07.09.2020-ci il tarixli etibarnamə verilmiş, sonradan həmin avtonəqliyyat vasitəsi 15.02.2021-ci il tarixdə mülkiyyətçi Cavabdeh ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı yuxarıda qeyd edilən bu hallar tərəflər arasında mübahisələndirilməmiş, əksinə iddiaçının özü tərəfindən də təsdiqlənmişdir. Mübahisə ondan ibarətdir ki, iddiaçı qeyd edilən maşının alqı-satqısı ilə əlaqədar cavabdehə vermədiyi pulu ondan tələb edir. Əvvəla məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qeyd olunan pulu iddiaçı Cavabdeh tələb etdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə sübut təqdim etməli və bu halı sübuta yetirməlidir. Çünki, artıq bəyan etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür. Lakin, o, bunu sübut edə bilmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində yalnız mülahizələrə əsaslanmış və cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, tərəflər arasında tələblə bağlı hər hansı öhdəliyin əmələ gəlməsi və əsassız varlanma halı məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, tələb olunan pul məbləgi iddiaçı tərəfindən cavabdehə verilməmiş, iddiaçı iddia etdiyi pulu cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-82/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-82/2021
05.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver