Məhkəmə qərarları › İş №2(111)-83/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-83/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-83/2021 14.06.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4500 (dörd min, beş yüz) manat borc məbləğinin və iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Culfa şəhərində yerləşən N saylı hərbi hissədə aşpaz işlədiyi müddətdə, yəni 2020-ci ilin aprelində Cavabdeh orada görüb tanımış və bir iş yoldaşı kimi münasibətləri olmuşdur. Həmin müddətdə Həsən ona evlənmək təklif etdiyinə görə dini kəbin kəsdirərək evlənib, ər-arvad kimi yaşamışlar. Hətta belə Cavabdeh köçüb, onun yaşadığı evin qapı qonşuluğunda kirayə mənzil tutub mənzilin açarının birini də ona vermişdir. Həsən həmin mənzildə yaşadığı müddətdə onda özünə qarşı tam inam yaratdıqdan sonra ondan borc pul istəmişdir. O əməkhaqqı kartını Həsənə vermiş və Həsən də 1000 manat kartdan pul çəkib götürmüşdür. Daha sonra isə anasının xəstə olduğunu bildirərək müalicə olunmasına daha 5000 (beş min) manat pul lazım olduğunu bildirərək ondan yenə borc pul istədiyinə görə oğlu Muhəmmədin kiçik toyuna yığdığı 5000 (beş min) manat pulu da Həsənə borc vermişdir. Lakin sonralar Cavabdeh başqası ilə nişanlı olduğunu öyrənmiş və bu səbəbdən da aralarında mübahisə olmuş, o, Həsənə borc verdiyi 6000 (altı min) manat pulu geri qaytarmasını tələb etdikdə isə Həsən pulu danıb vermək istəmədiyini bildirdiyinə görə aralarında olan mübahisə daha da şiddətlənmiş və Həsən onu döyərək evdən çıxıb getmişdir. Həsən onu çox bərk döydüyünə görə şikayət etmiş və onun barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda çinayət işi başlanmışdır. Bu səbəbdən də Həsən ona verdiyi borc pulu istər ibtidai istintaqda, istərsə də Naxçıvan MR Hərbi Məhkəməsində danıb vermək istəməmişdir. Bu səbəbdən də o, həm Həsən verilən cəzanın yüngüllüyündən, həm də ona olan borcunu danaraq qaytarıb vermək istəmədiyinə görə apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsində baxıldığı müddətdə Həsən öz dəsti xətti ilə ərizə yazıb vermişdir ki, hər ay 300 manat olmaqla, cəmi birlikdə 4500 (dörd min beş yüz) manat ona pul ödəyəcəkdir. Lakin Həsən ərizədə göstərdiyi vaxtdan bu günə kimi bir manat belə olsa pul qaytarmamışdır. Bu səbəbdən də o, müəyyən müddətdən sonra borcunu gətirib qaytarmadığı üçün Həsənə zəng etmiş, lakin Həsən onun telefon zənglərinə cavab verməmiş və ondan gizlənməyə başlamışdır. O, bir xeyli müddət Həsənin bu hərəkətlərinə dözmüş, pulunu qaytaracağına ümid etmişdir. Hazırda Cavabdeh aldığı borcu qaytarmaq istəmir. Onun özünün isə həmin pula çox böyük ehtiyacı vardır. Ona görə də o, məcburdur ki, öhdəliyi icra etməyən şəxsdən məhkəmə vasitəsilə öz pulunu alsın. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, Həsənin hərbçi olduğunundan və onu döydüyündən barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi başlandığını, həmin cinayət işinə Naxçıvan MR Hərbi Məhkəməsində baxıldığını və orada ona olan borcunu dandığını, onun bu hərəkətlərinə görə həmin işdən apellyasiya şikayəti verdiyini, apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsində baxıldığı zaman üç hakimin, Həsənin özünün, vəkili Vüsal Həsənovun və özünün vəkili Əsədulla Vəliyevin də imzaladığı ərizədə cavabdeh hər ay 300 manat verməklə 4500 manat borcunu ödəyəcəyini təsdiqlədiyini, lakin bu günədək həmin borcu ödəmədiyini, onunla əlaqə yarada bilmədiyini, haliyədə pula ehtiyacının olduğunu, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək Cavabdeh 4500 manat borcun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən 27 noyabr 2020-ci il tarixdə yazılmış və öz imzası ilə məzmununu təsdiqlədiyi əlyazma ərizəsində bildirir ki, o, yəni Cavabdeh “hər ay 300 manat olmaqla, ümum: 4500 manat pulu İddiaçı verməyimə razıyam “qeyd edilmişdir. Qeyd edilən əlyazma - ərizə müdafiəçilər V.Həsənov və Ə.Vəliyev tərəfindən həmin tarixdə imzalanaraq təsdiq edilmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 4500 (dörd min, beş yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının izahatı və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında müxtəlif vaxtlarda şifahi borc müqavilələri bağlanmış və cavabdeh iddiaçıdan borc pul almış və həmin 4500 manat məbləğində olan borcu 27 noyabr 2020-ci il tarixdə təsdiqləyərək hər ay 300 manat olmaqla, ümumilikdə 4500 manat pulu İddiaçı qaytarmasına razılıq vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəliklər yaranmış və cavabdeh həmin öhdəliyin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddiası əsaslıdır, iddiaçı iddiasının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4500 (dörd min, beş yüz) manat pul tutulmalıdır. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar