Məhkəmə qərarları › İş №2(111)-86/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-86/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-86/2025 08.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3200 (üç min iki yüz) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 52 (əlli iki) manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandıraraq qeyd etmişdir ki, oğlu Şahid Cavabdehla birlikdə işləmişlər. Etimadın həyətində mebel sexi olmuş və onlar orada çalışmışlar. Təxminən 9 il əvvəl onların sifarişi olmuş, lakin material almaq üçün pul olmadığından sifarişi qəbul edə bilməmişlər. Etimad ilə oğlu onlarda söhbət edərkən sifarişi qəbul etmək üçün material almağa pul olmadığını demişlər və Etimadın “kaş elə bir adam olardı pulu alıb sifarişləri hazırlayardıq, onun da pulunu bir aya qaytarardıq” deyərək ondan belə bir adam tapa biləcəyini soruşmuş, o, isə ona “mənim evdə pulum vardı, əgər 1 aya verəcəksənsə verim” demişdir. Etimad söz vermişdir ki, “narahat olma sifarişi verib pulu alacağıq, 1 ay içində də pulu qaytaracam”. O, oğlunun yanında 5000 (beş min) manat pulu Etimada vermiş, bir neçə ay keçməsinə baxmayaraq Etimad pulunu qaytarmamışdır. O, hər dəfə Etimaddan pulu istəyərkən ona bəhanələr gətirib bu günə, sabaha ödəyəcəyini demişdir. Bir neçə il keçmiş, amma Etimad pulu yenə də qaytarmamışdır. Təxminən 4 il əvvəl oğlu yenə pulunun qaytarılması ilə Etimadın qapısına getmiş, Etimad ona bankdan kredit götürüb pulunu qaytarsın deyə zamin tapmağı istəmiş, oğlum Etimada Şərəf adlı əvvəlki iş yoldaşını zamin olaraq məsləhət görmüş, Etimadın dediyinə görə, Şərəf ona zamin durub, Etimad da bankdan kredit götürərək 1800 (min səkkiz yüz) manat Şərəfə verib ki, ona versin. Şərəf bir neçə ay sonra rəhmətə getmişdir. Etimada “bəs bankdan da pul götürdün niyə pulu vermirsən?” dedikdə Etimad “mən pul götürüb 1800 (min səkkiz yüz) manatını Şərəfə vermişdim ki, sizə versin” dmişdir. Etimada Şərəfin öldüyünü və bizə pul vermədiyini deyəndə, o, boynundan ataraq “mən o pulu vermişəm ona, onun verib verməməyinin mənə dəxli yoxdur” demişdir. O Etimada “lap 1800 (min səkkiz yüz) manatı vermisən, onu heç istəmirəm, gətir barı qalan 3200 (üç min iki yüz) manatı ver” demişdir. Yuxarıda qeyd etdiyi kimi, əslində heç ona 1800 manat da verilməmiş, lakin onu Etimad inkar edir. İstəyir ki, heç olmasa 3200 manatı qaytarılsın. Neçə ildir ki, ondan davamlı olaraq pulu istəyir, hər dəfə bir bəhanə gətirir, bu ay verəcəm, sabah verəcəm deyir. Hər dəfə pulunu istəyəndə onu təhqir edir. Onunla “Whatsapp” da danışanda ona borcunun olduğunu etiraf edir. Həmin səs yazısını da CD formasında sübutlar siyahısına əlavə edir. Etimadın borcu qaytarmaq niyyəti yoxdur. Məcbur qalıb məhkəməyə müraciət etməli olur. Neçə il ərzində də məhkəməyə müraciət etməməyinin səbəbi onunla uzaq qohumluqlarının olmasıdır. Düşünürdü ki, insafa gəlib pulunu verər, amma görür ki, onun borcu qaytarmaq niyyəti yoxdur. İş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahatında təxminən 8-9 il bundan əvvəl olduğu üçün tarixi dəqiq xatırlamadığını, o vaxtlar oğlu Etimadın evinin həyətindəki mebel sexində onunla birlikdə işlədiyini, bir gün Etimadla onlara gəldiklərini, söhbət zamanı stol sifarişi götürdüklərini, amma düzəltmək üçün material almağa pul lazım olduğunu, pullarının olmadığını dediklərini, onun da məndə pul var dediyini, Etimadın pulu 1 aya qaytaracağını bildirdiyini, oğlunun yanında pulu verdiyini, 1 ay gözləsə də, Etimadın pulu qaytarmadığını, oğlundan soruşanda düzəldib satdıqları stolun pulunu hələ vermədiklərini, sən demə Etimad oğlundan gizli pulu alıb xərclədiyini, Etimaddan sonradan soruşanda elə bu ay ya gələn ay pulu qaytaracam dediyini, aralarında həm də qohumluq münasibəti olduğundan eybi yoxdur deyib, bir müddət sonra evlərinə gedib Etimaddan pulunu istəyərkən yoldaşının onu təhqir etdiyini, ondan sonra bir dəfə yolda Etimadı görəndə yenə də pulunu istədiyini, ilk əvvəl pulunu qaytaracağını desə də, sonra qaytarmayacağını dediyini, onun da sübut kimi telefonla danışanda Etimadın səsini yazdığını, özünün xəstə olduğunu, hazırda vəziyyətinın pis olduğunu, əməliyyat olunmalı olduğunu, pula ehtiyacı olduğunu, Etimaddan öz pulunu tələb etdiyini, Etimada 5000 manat pul verdiyini, sonradan Etimad 1800 manatı ona kredit götürməsi üçün zamin duran adama ona çatdırması üçün verdiyindən, o pul çatmasa da, Etimad da kasıb olduğundan həmin pulu ona bağışladığını, ondan qalan 3200 manat pulu tələb etdiyini bildirmişdir. İş üzrə məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini tam qəbul etmədiyini, Şərəbanının oğlu Rəşadla bir sexdə işlədiyini, 8 il bundan əvvəl Şərəbanının evində olarkən onun 100 ədəd 20 manat olmaqla bir bağlamada cəmi 2000 manat pulu sayıb oğlu Rəşada verdiyini, oğlunun da ona verdiyini, iddiaçıya aldığı pulu 1 aya qaytaracağını demədiyini, stolları düzəltdikdən sonra satıb pulundan 850 manat aparıb anasına verməsi üçün oğluna verdiyini, amma oğlunun pulu anasına çatdırmadığını, indiyə kimi həmin borcdan 850 manat qaytardığını, bu gün Şərəbanıya 1150 manat borcunun qaldığını, borcun verilməsinə dair aralarında yazılı müqavilə bağlanmadığını, şifahi razılaşdıqlarını, razılaşanda da borcu 1 aya qaytaracağını demədiyini, stolları düzəltdikdən sonra borcu ödəyəcəyini dediyini, onları düzəltdikdən sonra satıb pulunu almağının da təxminən 2 ay çəkdiyini, başqalarına da borcu olduğundan Şərəbanıya olan borcunu qaytara bilmədiyini, oğlunun da ona borclu olduğunu nəzərə alıb Şərəbanıya olan borcunu qaytarmadığını bildirdi. İş üzrə məhkəmə iclasında iddiaçı tərəfdən iştirak edən şahid Məmmədov X2 qohum olduqlarını, Etimadın ustası olduğunu, onun mebel sexində işlədiyini, təxminən 2009-cu ildə, Etimadın stol sifarişi götürdüyünü amma material almaq üçün pul lazım olduğunu, o vaxtlar anasının da bankdan kredit götürdüyünü, anası ilə birlikdə yaşadıqlarından evə gəlib anasından Etimadın borc axtardığını deyəndə onda olan pulla götürdüyü krediti bağlayacağını dediyini, onun da 2000 manat verməsini istədiyini, Etimadın həmin pulu 1 aya qaytaracağını dediyindən razılaşıb evlərinə gələndə anasının 2000 manatı verdiyini, işlərini görüb sifariş götürdükləri stolu hazırlayıb bazara satmağa verdiklərini, satıcının 15 günə kimi gəlib pulunuzu götürərsiniz dediyini, sonra Etimadın ona “əlavə pul olsaydı, bir dəfə də sifariş götürsəydik qazancımız olardı” dediyini, onun da yenə gəlib evdə bunu anasına deyəndə anasının ona Etimad aldığı pulu hələ qaytarmayıb, mən ona yenidən necə pul verim dediyini, ona biz stolu artıq düzəldib satışa vermişik, gedib pulunu götürəcəyik, o da borcunu qaytaracaq deyəndə anasının da razı olduğunu, ona Etimada verməyi üçün əlavə 2000 manat pul verdiyini, yenə həmin pulla material alıb stol düzəltdiklərini, amma Etimadın aldığı pulları indiyə qədər qaytarmadığını, Etimadın ona 850 manat pul verdiyini, həmin pulun da düzəldib satdıqları stolun pulundan onun haqqı olduğunu bildirdi. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı olan CD-yə baxış keçirilən zaman müəyyən olunur ki, iddiaçının tələb etdiyi konkret məbləğlə bağlı hər hansı bir dialoq olmamış və məbləğ müəyyən olunmur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1150 manat alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə isə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və cavabdehin qismən etirafedici izahatı ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı 1150 manat borcu vardır. Həmin borcu bu günə kimi qaytarmadığından iddiaçı haqlı olaraq pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın qalan hissəsinə münasibətdə qeyd edir ki, iddianın qalan hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və həmin hissə məhkəmə baxışında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında şifahi borc müqavilələrinin bağlandığı dövrdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin qüvvədə olan mətninə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri və cavabdeh tərəfindən ondan tələb edilən borc məbləğinin 1150 manat hissəsini etiraf edilməsini və iddiaçının isə iddianın digər hissəsinə dair sübutlar təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla Cavabdeh 1150 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 18.68 (on səkkiz manat altmış səkkiz qəpik) manatlıq hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1150 (min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 18.68 (on səkkiz manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar