Məhkəmə qərarları › İş №2(111)-90/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-90/2022

17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-90/2022 17.03.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, 915 saylı Hərbi Hissənin Cavabdeh pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı 915 saylı Hərbi Hissə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hərbi hissəyə olan borc - N manat N qəpik və iş üzrə ödənilmiş 34 manat dövlət rüsumunun əvəzinin, cəmi 1434 manat N qəpik pulun alınaraq hərbi hissənin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi hüquqi şəxs tərəfindən verilsə də, iddia ərizəsi hüquqi şəxsin adından tərtib edilməmiş, iddia ərizəsi tələbkar kimi təmsil olunanın adından yox, nümayəndənin adından tərtib edilmiş və əsaslandırılmış, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əsli ərizəyə əlavə edilməmiş, cavabdehin sayına görə iddia ərizəsinin surəti, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə uyğun olaraq hüquqi şəxsin, nümayəndəsinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı göstərilməmiş və iddia ərizəsinin kim tərəfindən imzalanması qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəlləsinin 149-cu maddəsinin tələbinə əsasən iddia ərizəsi həmin maddə ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə tərtib edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbindən görünür ki, sözügedən prosessual sənəddə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir ((149.2, 149.2.3 və 149.2.5-ci maddələr) 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, 915 saylı Hərbi Hissənin Cavabdeh pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsi qaytarıldığına görə 915 saylı Hərbi Hissənin nümayəndəsi X1 tərəfindən 09.03.2022-ci il tarixli, ********* №-li qəbzlə ödənilmiş 34 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.1.1, 152.2-152.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərar verdim: 915 saylı Hərbi Hissənin Cavabdeh pul tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı 915 saylı Hərbi Hissənin nümayəndəsi vasitəsi ilə 09.03.2022-ci il tarixli, ********* №li qəbzlə ödənilmiş 34 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsində nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar