Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-103/2024 14.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən heç bir xəbərdarlıq edilmədən, əsassız surətdə yaradılmış 40328 manat borcun ləğv edilməsinə və cavabdehlərdən 211 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı iddia ərizəsinə əlavə ərizə təqdim edərək cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən ondan tələb etdiyi 48500 manat məbləğində borcun silinməsi və ödənilmiş 211 manat dövlət rüsumunun cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətindən onun xeurinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 48500 manat borcun (abonent kodu 800365) və dövlət rüsumu qismində ödənilmiş 211 manat pulun alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dövlətimizin qanunlarına tabeçilik göstərməklə, rəsmi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti göstərməkdədir. Onun tərəfındən fəaliyyət göstərdiyi sahibkarlıq obyekti müqavilə əsasında icarəyə verilmişdir. Bütün kommunal xidmətlərdən istfadə etməklə vaxtlı ödənişlər həyata keçirilmişdir. Heç bir problem yaranmamışdır. Çirkab suların axıdılmasında və içməli sudan istifadə edilməsində cavabdehlər tərəfindən əsassız borc yaradılmaqla təchizatda süni məhdudiyyətlər yaratmışlar. Bu, obyektə qarşı yaranmış borc barədə cavabdehlər tərəfindən heç bir vaxt məlumatlar olmadığından fantastik rəqəmlər olan borc yazılmışdır. Obyektin fəaliyyətinin dayandırılması sahibkarlığa qarşı qərəzli xarakterlidir. Daşınan əmlak olsaydı hesab etmək olardı ki, hər hansı bir borcun ödənişlərindən yayınmaq olar, bu obyekt isə daşınmaz əmlak olaraq özü özünü hər bir halda sığortalayır. Cavabdehlər tərəfindən qanunsuzluqlar edilməklə, xx.xx.2023-cü il tarixdə, heç bir xəbərdarlıqlar edilmədən su və çirkab su təchizatı dayandırılmışdır, yəni kəsilmişdir. Bu isə Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Gəncə Sukanal” TSC tərəfindən cavabdeh İddiaçı (abonent kodu 800365) su təhcizatı sistemindən Gəncə şəhəri, Ş.İ.Xətai 54D ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 48500 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri, ona məxsus olan obyektə D-40 mm olan su borusu vasitəsi ilə təchiz olunduğu üçün və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə istehlakçı İddiaçı öz vəsaiti hesabına obyektə su sayğacının quraşdırılması qət edilsə də, bu günədək sayğac quraşdırılmamışdır və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli əmri ilə təsdiq edilmiş “X6”nın 7.4 və 7.5 bəndlərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. “Gəncə Sukanal” TSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsinə hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsinə xəbərdarlıq məktubu verilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı rədd edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54 D ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə tələb edilən 48500 manat borc qanunsuz və əsassızdır. Belə ki, 2014-2023-cü illərdə hesablanmış borc tələb olunur, halbuki, vergi orqanında qeydiyyata alındığı tarixdən etibarən hesablanmalıdır. 2014-2018ci illərdə sudan istifadə olunmamışdır. “Həmin illərdə sudan istifadə edilmədikdə necə ola bilər ki, vergidən yayınaq?” 2019-cu ildə vergi orqanında qeydiyyata alınmışdır. Fəaliyyətə başlayandan sonra «Gəncə Sukanal» TSC ilə müqavilə bağlamaq istəsələr də, «Gəncə Sukanal» TSC müqavilə bağlanılmasında və abonent kartının verilməsində maraqlı olmamış, 1100 manat borc olduğunu demişdir. Həmin borcla razılaşmayıb, inzibati məhkəməyə müraciət etmişdirlər ki, müqavilə bağlanılsın. Lakin «Gəncə Sukanal» TSC yenə də müqavilə bağlamaqdan imtina edərək, 2014-2018-ci illərdə olan borc ödənilməsə, müqavilə bağlanılmayacağını bildirmişdirlər. 2014-cü illərdə sadəcə təmir işləri görülüb, obyektin sağı-solu düzəldilmişdir. 2019-cu il qərarından sonra isə ümumiyyətlə sudan istifadə olunmamış, su maşını ilə su gətirilmişdir. Daha sonra isə pandemiya başlamış, pandemiya dövründə obyekt fəaliyyət göstərməmişdir. Yanacaqdoldurma məntəqəsi qonşu obyektin kanalizasiya xəttindən istifadə etmişdir. 2023-cü ilə kimi borc tələbi barədə heç bir müraciət olunmamışdır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, İddiaçı mülkiyyətində olan obyektdə yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi, avtomobil dayanacağı, avtomobil təmiri sexləri, avtodayanacaq, market və s. obyektlər fəaliyyət göstərir. Obyekt 2014-cü ildə alınan zaman borcla alınmışdır. 2014-2018-ci illərdə obyekt işlək vəziyyətdə olmuşdur, daha əvvəl isə həmin yerdə qaz doldurma məntəqəsi fəaliyyət göstərmişdir. Hətta 2014- 2018-ci illərdə təmir işləri görülmüşdürsə, yenə də sudan və kanalizasiyadan istifadə zəruri olmuşdur. 2014-2019-cu illərdə obyektdə həm sudan, həm də kanalizasiyadan istifadə edilmiş, 2019-cu ildə obyektin su təchizatı dayandırılmış, yalnız kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Dəfələrlə xəbərdarlıq edilmişdir. Quyu suyundan istifadə edilmiş, alternativ mənbədən çirkab su axıdılmışdır. Yanacaq doldurma məntəqəsi pandemiya dövründə də fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə kanalizasiya xidmətinin dayandırılması üçün obyektdə olarkən əməkdaşlar sudan qeyri-qanuni istifadə aşkar etmiş, bu fakt aktlaşdırılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq faktın aşkara çıxarılmasından əvvəlki bir illik dövr üçün sudan qanunsuz istifadəyə görə borc hesablanmışdır. Hazırda iddiaçının ümumi borcu 48500 manat təşkil edir. Müqavilə bağlanması ilə bağlı müraciət etmişdirlər, ancaq borc olduğuna görə müqavilə bağlanılmamışdır. Obyekt özəlləşdirildikdə əvvəlki mülkiyyətçidən təmizlik kağızı alınmalıdır. Ancaq almamışdırlar. Təmir aparılmış, yenə də su işlədilmişdir. Borc ödənilmədiyinə görə Cavabdeh1 olaraq müqavilə bağlamaqdan imtina etmişlər. Daha sonra iş məhkəmədə mübahisələndirilmiş, 11000 manatdan çox borc olmasına baxmayaraq borc məsələsinə toxunulmamış, müqavilə bağlamaq öhdəliyi Cavabdeh1 ASC-nin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı əsasında məcbur olub müqavilə bağlamaq üçün sənədləri hazırlamışdırlar. Sənədlər hazır olandan sonra obyektin sahibi nə yaxın gəlmiş, nə də ki, müqaviləni təsdiq etmişdir. Məcbur olub müqaviləni işçi vasitəsilə ünvana göndərmişlər, təsdiqləyib götürsünlər, ancaq yenə də müqavilə bağlamaqdan imtina etmişlər. Dəfələrlə xəbərdarlıq olunmuş, evinə məktub göndərilmişdir. Müqavilə bağlanmadığı üçün məhkəməyə də müraciət olunmamışdır. “Kimə qarşı müraciət edək?” İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X12 prospekti, 54D ünvanında yerləşən qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, 40328 manat ödənilməmiş borcun ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılması, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması barədə xəbərdarlıq olunmuşdur. İcarəyə verən İddiaçı ilə icarəçi X4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarə haqqı hər ay üçün 350 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəyə verən İddiaçı tərəfindən icarəçi X1 müvəqqəti istifadəsinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-349/2019 nömrəli qərarının surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-95/2019 saylı qərarından Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-95/2019 saylı qərarı dəyişdirilmiş, İddiaçı məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən yanacaq doldurma məntəqəsində su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin bağlanması və həmin obyektin su xətti üzərində iddiaçının vəsaiti hesabına quraşdırılacaq su sayğacının istismara qəbul edilməsi vəzifəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən təsərrüfat obyektinin xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən icarəyə verilməsi və qeyd edilən təsərrüfat obyektinin xx.xx.2018-ci il tarixdən vergi orqanında uçotda olması aşkar olunmuşdur. 800365 nömrəli abonent haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə yekun borc 48500 manat təşkil etmişdir. “Gəncə Sukanal” TSC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 600285 nömrəli aktın surətindən görünür ki, X12 prospektində yerləşən “Lyuks” petrol, “İmperial” motel və avtoservis-avtoyuma obyektinin su təchizatı və və kanalizasiya sisteminə obyektin nümayəndəsi Namaz Namazovun iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən zaman 1 ədəd smart tipli su sayğacı quraşdırılmış, lakin abonent bazasına qeydiyyat olunmaması, diametri 40 mm-lik su xəttinin obyektin arxa tərəfindən daxil olduğu və abonentin su xidməti ilə bağlı müqaviləsinin olmaması aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 ilə alıcı fiziki şəxs, sahibkar X4 arasında müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilməklə, X5 hər ay 96 m3 su ilə X2 təchiz etməsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5777; 9/5954 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsində sayğac quraşdırılmadan istifadə olunmuş suya və kanalizasiya xidmətinə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməli olan məbləğ ümumilikdə 48251,3 manat (2014-cü il üzrə 195 manat, 2015ci il üzrə 219,7 manat, 2016-cı il üzrə 4275,6 manat, 2017-ci il üzrə 1638,00 manat, 2018ci il üzrə 4914,00 manat, 2019-cu il üzrə 6248,00 manat, 2022-ci il üzrə 20429,00 manat və 2023-cü il üzrə 10332,00 manat) məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə mübahisəli obyektə tərəflərin iştirakı ilə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin obyektdə istifadə olunan su, obyektin özündə olan 100 m3 tutumlu su anbarında olan sudan istifadə edilir. Obyektə nəzarət edən şəxs həmin anbara 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın su doldurulduğunu göstərmişdir. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş, Cavabdeh1 ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı suların axıdılması xidmətlərinin tariləri haqqında siyahıdan görünür ki, tullantı suların axıdılması xidmətinə görə qeyri əhali üçün 1m3 görə 1 manat nəzərdə tutulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı öz tələbinin əsasını ona məxsus obyektdə öz hesabına avtomaşınla suyun alınmasını, sudan istifadə etmədiyi halda ona əsassız olaraq 48500 manat məbləğində borc hesablanması ilə əsaslandırsa da, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Halbuki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2014-2019-cu illərdə obyektdə həm sudan, həm də kanalizasiyadan istifadə edilmiş, 2019-cu ildə obyektin su təchizatı dayandırılmış, yalnız kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 600285 nömrəli aktın surətindən görünür ki, 2019-cu ildə obyektin su təchizatı dayandırıldıqdan sonra iddiaçı müqavilə bağlamadan və qeydiyyata alınmamış sayğac quraşdırmaqla diametri 40 mm-lik su xəttindən istifadə etdiyi üçün itirilmiş su sərfiyyatına görə 8172 manat zərər hesablanmışdır. Qeyd olunan akt iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Bununla yanaşı iddiaçı məhkəməyə ərizə verərək qarşılıqlı iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini xahişş etmişdir. Göründüyü kimi 2014-2019-cu illərdə iddiaçıya məxsus obyektdə həm sudan, həm də kanalizasiyadan istifadə edilmiş, 2019-cu ildə obyektin su təchizatı dayandırılmış, yalnız kanalizasiya xidmətlərindən istifadə olunmuşdur və yerli baxış zamanı da kanalizasiya xidmətlərindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. “X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş ümumi müddəaların 8.7-ci bəndində qeyd edilmişdir ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı su təchizatı və tullantı suların axıdılması xidmətinə görə borcu 2014-cü il tarixdən 2023-cü il tarixədək olan dövr üçün tələb etmiş, 2020-ci ilin may ayının 16-dək olan öhdəliyin icra müddəti bitmişdir. Hazırki tələb müqavilə münasibətlərindən yaranan tələbdir. 2020-ci ilin may ayının 16-dək olan tələb üç illik iddia müddəti keçdikdən sonra verilmişdir. 2020-ci ilin may ayının 16-dan qarşılıqlı iddia ərizəsi verilən günədək olan borcun tutulmasına gəldikdə məhkəmə hesab edir ki, həmin dövr üzrə iddiaçı sudan istifadə etməsə də, tullantı suların axıdılması xidmətinə görə hesablanmış borc tutulmalıdır. İddiaçının 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın sudan istifadə etməsini nəzərə alaraq 16m3 x 30 x 12 x 3=17280m3 tullantı suların axıdılması xidmətinə görə 17280 manat və cu təchizatı sisteminə qanunsuz qoşulmaya görə itirilmiş suyun həcminə görə hesablanmış 8172 manat ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə savabdeh X3 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından və tədqiq olunmuş sübutların həcmi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin olunmaqla, cavabdeh İddiaçı 25452 (iyirmi beş min dörd yüz əlli iki) manat borc alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin İddiaçı aid edilməli, qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 166,36 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 25452 (iyrimi beş min dörd yüz əlli iki) manat borc və dövlət rüsumunun əvəzi olaraq 166,36 manat alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İlkin iddia üzrə dövlət rüsumu ilkin İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-103/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-103/2024
14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver