Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1048/2022 28.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Əli oğlunun sədrliyi Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “payların naturada ayrılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 mənzilin paylara uyğun naturada ayrılmasına, naturada ayrılması texniki cəhətdən mümkün olmadığı halda isə Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzildə olan 1/8 payına tərəfindən bazar qiyməti ilə kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, onun ümumi paylı əmlakda olan cuzi payına mülkiyyət hüququnun itirilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak dövlət reyestrində paylı mülkiyyətlə onun və cavabdeh X2 adına qeyd edilmişdir. Həmin mənzildə 7/8 pay onun, 1/8 pay isə cavabdehin mülkiyyətindədir.1 paya 7.3 kv.m düşür. Paylı mülkiyyətdə olan əmlakın saxlanmasında və müxtəlif vergilərin ödənilməsində iştirak etmir (bu halı 3 saylı MİS-nin arayışı təsdiq edir). O, daimi olaraq Tovuz rayonu Cırdaxan kəndində yaşayır. Lakin bu hala baxmayaraq, dövlət tərəfindən Yeni Gəncədə 2 otaqlı evlə təmin olunmuş və öz razılığı ilə evdən çıxaraq verilmiş evə köçmüşdür. Cavabdeh ona mənsub hüquqdan sui-istifadə edərək mütəmadi olaraq qeyd olunan mübahisəli mənzilə gələrək dava-dalaş salır, qonşuların yanında ədəbsiz sözlərlə onu təhqir edir, hədə-qorxu gələrək, gec-tez bezdirib bu mənzildən onu zorla çıxardacağını bildirir və bununla da faktiki olaraq onun bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur, qonşuların qarşısında onun nüfuzunu alçaldır, onları məcbur edir ki, onlar ona qarşı əl qaldırsınlar və onları cinayətə cəlb etdirib tutdursun. Nəticədə öz mülkiyyətində olan mülkə olan əksər payını istədiyi kimi istifadə etməyə mane olur. Bu halı ərizəsinə əlavə etdiyi 102 qaynar xəttə müraciətlərini əks etdirən cavab məktubu, polis orqanlarının cavab məktubları, qonşular tərəfindən tərtib edilmiş akt bilavasitə sübut edir. Polis orqanları tərəfindən şikayətinə göndərilmiş cavab məktublarında bu münaqişə mülki iş olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bütün bu qeyd etdiyi haqsızlıqlara və qanunsuzluqlara dözmək mümkün deyil. Bu hallar bilavasitə sübut edir ki, onların bir mənzildə dinc yaşamaqları mümkünsüzdür. Hal-hazırda cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə, sözügedən mübahisələndirilən mənzilin paylarına uyğun naturada ayrılması-bölünməsi mümkün olmadığı halda, cavabdehə onun tərəfindən bazar qiyməti ilə mənzildəki olan cuzi payına uyğun olaraq kompensasiya verməklə onun həmin mənzildə olan paya mülkiyyət hüququnun itirilməsini tələb etməsi zəruridir. Belə ki, ünvan 1 ünvanda yerləşən mülkün 7/8 hissəsi onun, 1/8 hissəsi isə cavabdehə məxsusdur. Mülkə real bölgü aparılması ilə bağlı məhkəmədə iddia qaldırılmış, lakin 18 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən mülkün 7/8 və 1/8 hissə ilə real bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehin payı ümumi payda cəmi 1/8 pay təşkil etdiyindən, yəni onun 7/8 payının qarşısında cüzi pay olduğundan, məhkəmə iddiaçı tərəfindən cavabdehin payına kompensasiya vermək vəzifəsini qoymaqla, cavabdehin 1/8 paya hüququnun itirilməsi barədə qərar qəbul edə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh özünə mənsub hüquqdan sui-istifadə edərək, bir payçı kimi paylı mülkiyyətdə olan əmlakın saxlanmasına bir manat belə xərcləmir, paylı mülkiyyətdə olan mülkə dair heç bir vergi ödəmir, həmçinin müxtəlif qanunsuz hərəkətləri ilə bir mülkiyyətçi kimi onun hüququnu kobud şəkildə pozur. Hesab edir ki, cavabdehin cüzi payına onun tərəfindən bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməsi vəzifəsinin qoyulması məhkəmə tərəfindən ədalətli və hərtərəfli bir qərar olardı. Odur ki, ünvan 2 mənzilin paylara uyğun naturada ayrılmasına, naturada ayrılması texniki cəhətdən mümkün olmadığı halda isə Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənzildə olan 1/8 payına iddiaçı tərəfindən bazar qiyməti ilə kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, cavabdehin ümumi paylı əmlakda olan cuzi payına mülkiyyət hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh X11 etiraz təqdim edərək bildirmişdir ki, Gəncə şəhəri, Məhrəsa Bağı mənzil 5, ev 54-də 1993-cü ildən atasının məsləhətinə əsasən ailəsi ilə birlikdə yaşamışdır. 1997-ci ildə atası vəfat etdikdən sonra da həmin evdə yaşayaraq mülkü idarə etmişdir. İddiaçı ailəsi olan X15 və atası X22 2000-ci ildə ailə qurub kirayədə yaşamışlar. O, 2001-ci ildə onları kirayədən gətirib yanında həmin mülkdə himayədarlıq etmişdir. 2014cü ildə X22 yol qəzasında dünyasını dəyişmişdir. Qardaşının gəlini Məmmədova Afaq həyat yoldaşı vəfat etdikdən sonra öz çirkin əməllərini həyata keçirmək üçün anasını yetimlərə pul düzəltmək adı ilə aldadaraq etibarnamə almışdır. Beləliklə anasının adına olan payı Afaq öz adına keçirmiş, iş məhkəmədə ola-ola məhkəmənin qərarı qanunu qüvvəyə minməmiş öz adına çıxarış almışdır. Bununla da evin giriş qapısını dəyişdirib seyf qapı qoyaraq onun və ailəsinin həmin mənzilə giriş-çıxışını o vaxtdan tamamilə məhdudlaşdırmışdır. Mülkiyyətdən insan və vətəndaş hüquqları azadlığı şəxsiyyət ləyaqəti əleyhinə istifadə edilə bilməz. 2016-cı ildən 27 noyabr 2021-ci ilədək Afaq və onun oğlu Orucun qanunsuz maneələri nəticəsində həmin mülkdən bir mülkiyyətçi kimi istifadə edə bilməmişdir. Ona görə də məhkəmə qətnaməsinə əsasən həmin mənzilə köçürülmüşdür. O, həmin gün evə köçərkən evdə yalnız 3 tələbə kirayəçi olmuşdur. Onlara qapını da həmin kirayəçilər açmışlar. Biraz keçmiş Oruc, sonra polislərlə bərabər babası Ramiz və dayıları gəlmiş, gələn polislər qərarı görüb çıxıb getmişdilər. Babası Ramiz və dayıları gecə saat 3-ə kimi qalaraq ona çox təziq və təsirlər edərək notariusdan qardaşları kimi onun da öz payından imtina etməsini istəmişlər. Babası Ramiz və dayılarının səhər yenidən onun və yoldaşı Təranənin evdən çıxmasını tələb etdiklərini, hətta ona əl qaldırmaq istədiklərini görmüş, bu vaxt ayağa qalxmaq istəmiş, lakin yanında çəlik olmadığından ayağa dura bilməyib yıxılmışdır. Onlar onun stress keçirdiyini görüb bu vəziyyətdə qoyub çıxıb getmiş, o isə xəstəxanaya yerləşdirilmişdir. 6 dekabr 2021-ci ildə dərin paroz diaqnozu ilə xəstəxanadan çıxmış, həmin gün xəstaxanadan çıxıb evə gəldikdə istilik peçinin söküldüyünü görmüşlər. İddiaçı istilik peçini borusu ilə birlikdə söküb gizlətmişdir. Aradan bir müddət keçdikdən sonra Oruc çöl qapının üstündən sayğaca keçən qazı bağlayaraq onların qazdan istifadə hüquqlarını pozmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanda yerləşən evin qiymətləndirilməsi ilə bağlı Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəydən müəyyən edilir ki, həmin evin 07 dekabr 2021-ci il tarixinə bazar qiyməti 40000(qırx min)manat qiymətləndirilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 660066 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 travmatik qanaxma nəticəsində xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 083230 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 dəqiqləşdirilməmiş ürək çatmamazlığı nəticəsində xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvan 112/896 hissə ilə Cavabdeh və 784/896 hissə ilə İddiaçı adlarına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı və X4 adlarına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli 10/4314 saylı rəyindən görünür ki, ünvan 2 evi İddiaçı və Cavabdeh arasında 112/896 və 783/896 pay nisbətində natura qaydasında təcrid mənzil şəklində 2 hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvandan 1/8 hissəsi X5, 1/8 hissəsi X7, 1/8 hissəsi X6, 1/8 hissəsi X8, 1/8 hissəsi X3, 1/8 hissəsi X4, 1/8 hissəsi X1, 1/8 hissəsi Cavabdeh adlarına qeyd olunmuşdur. Məhkəmə bununla bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Eyni zamanda Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. (Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarı) Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin ümumi əmlakın istifadəsində mühüm mənafeyi vardır. Belə ki, cavabdehlə arvadı məhkəmə qətnaməsi ilə yaşamaq üçün həmin evə köçürülmüşlər. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli evdə 112/896 hissə payının olması cüzi hesab oluna bilməz. Cavabdehin həmin evdə yaşamaq hüququnun olması onu göstərir ki, onun həmin əmlakın istifadəsində mühüm mənafeyi vardır. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçilərindən birinin tələbi əsasında payın ayrılmasına dair iddia verildikdə bu iddia üzrə digər tələblər verilmədən (payın əvəzinə pul kompensasiyasının verilməsi, əmlakın açıq hərracda satılaraq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi) işə baxan məhkəmə tərəfindən MPMnin 218.3-cü maddəsinə uyğun olaraq qərarda müəyyən edilmiş ardıcıllığa uyğun bütün məsələlər araşdırılmalı və nəticədə müvafiq məhkəmə aktı qəbul edilməlidir. Belə ki, MPMnin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin nəzərə alınmalıdır ki, payın naturada ayrılması mümkün olmadıqda və payın ayırmaq istəyən mülkiyyətçinin payı cüzi olmadıqda və sonuncu payının əvəzinə pul kompensasiyasının verilməsinə razı olmadıqda işə baxan məhkəmə tərəfindən payın əvəzinə pul kompensasiyası verilməsi, əmlakının açıq hərracda satılacaq satış pulunun mülkiyyətçilər arasında onların paylarına uyğun bölüşdürülməsi barədə məsələlər üzrə araşdırma aparmadan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması və kompensasiyanın ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması və kompensasiyanın ödənilməsi” tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1048/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1048/2022
28.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver