Məhkəmə qərarları › İş №2(125)-105/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-105/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-105/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, Səmədova (Əsədova) İlhamə Qurban qızının Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və Səmədova (Əsədova) İlhamə Qurban qızı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzilinin (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 206, M3, m1) naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil paylı mülkiyyət hüququ ilə tərəflərə məxsusdur. Belə ki, həmin evə vərəsəlik qaydasında məhkəmə qətnaməsi əsasında hər birinin mülkiyyət hüququ tanınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. Paylı mülkiyyətdə olan mənzilin paylara uyğun bölünməsinə cavabdeh razılıq vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər İddiaçı2 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı Səmədova (Əsədova) İlhamə Qurban qızı və cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə həmin iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1 və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********26-05101-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,9 m2 olan 23 nömrəli mənzil (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 206, M3, m1) tərəflərin ümumi paylı mülkiyyətindədir. Daşınmaz əmlakın 5/8 hissəsi İddiaçı1, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi Səmədova (Əsədova) İlhamə Qurban qızına və 1/8 hissəsi Cavabdeh məxsusdur. İş materiallarında olan iddiaçılar tərəfindən cavabdehə ünvanlanmış bildirişdən və çatdırılma xəbərnaməsindən görünür ki, iddiaçılar paylı mülkiyyətdə onlara məxsus payların satılması qərarına gələrək cavabdehə əmlakın satılmasına razı olduğu halda və ya iddiaçılara aid hissələri almaq qərarına gəldiyi halda satış qiyməti ilə bağlı təklifini göndərməyini xahiş etmişlər, digər halda, əmlakın açıq bazardan və ya hərracdan satılması üçün məhkəməyə müraciət olunacağını bildirmişlər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/4860 nömrəli rəyi ilə ünvan 1, mənzil 23 (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 206, M3, m1) ünvanda yerləşən mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar və cavabdehin mübahisə predmeti olan mənzilə 5/8, 1/8, 1/8 və 1/8 hissədə payları müəyyən olunmuşdur. İş üzrə ekspert rəyindən müəyyən olunur ki, mənzilin naturada bölünməsi mümkün deyildir. Tərəflər arasında mənzilin dəyərinin ödənilməklə paydan imtina edilməsi barədə razılıq əldə olunmamışdır. Belə ki, cavabdehin buna razılığı iş materiallarından görünmür. Hazırda iddiaçılar paylı mülkiyyətdə olan əmlakın paylara uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadığı halda isə açıq hərracdan satılması və dəyərinin paylara uyğun bölünməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlak barəsində araşdırma aparılaraq əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu halda mübahisə predmeti olan mənzilin naturada bölünməsi hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılan mülkiyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, iddia tələbi əmlakın açıq hərracdan satılaraq dəyərinin paylara mütənasib bölünməsi hissədə əsaslıdır. Belə ki, iş materialları və tərəflərin izahatlarından müəyyən olunur ki, paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün deyildir və mülkiyyətçilər arasında payın ayrılması ilə bağlı razılıq əldə olunmamışdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, mülkiyyətçi əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 28 nömrəli evin 23 nömrəli mənzili (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 206, M3, m1) açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, Səmədova (Əsədova) İlhamə Qurban qızı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsasən əsaslı olduğundan məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan, ünvan 1, mənzil 23 (yeni qaydalarla: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 206, M3, m1) ünvanda yerləşən ümumi sahəsi 64,9 kv.m olan mənzil açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait İddiaçı1 5/8 hissədə, İddiaçı2 1/8 hissədə, Səmədova (Əsədova) İlhamə Qurban qızının 1/8 hissədə və Cavabdeh 1/8 hissədə olan paylarına mütənasib surətdə paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulsun. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar