Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1063/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 3000 manat pulun tələbkar Cavabdeh2 xeyrinə ondan tutulması barədə xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi 8İ-22865 olan icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində kredit müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh2 3000 manat borc qaytarmalı olmuşdur. Müqavilənin bir nüsxəsi ona təqdim edilməmişdir. Həmin borcun 1100 manatını indiyədək Cavabdeh2 qaytarmışdır. Buna baxmayaraq cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi vaxtında ödənilməmiş 3000 manat pulun tələbkar Cavabdeh2 xeyrinə ondan tutulması barədə xx.xx.2024-cü il tarixdə reyestr nömrəsi 8İ-22865 olan icra qeydi verilmişdir. Eyni zamanda tələbkarın ödədiyi 25 manat dövlət rüsumunun da ondan tutulması göstərilmişdir. İcra qeydi verilərkən notarius qanunvericilikdə nəzərdə tutulan qaydada ona xəbər verməmişdir. Onun barəsində axtarış qərarı çıxarılmışdır. Halbuki, daim evində olmuşdur. O, borcundan 1100 manatını Cavabdeh2 qaytarmışdır. Ona cəmi 1900 manat borcu qalmışdır. Cavabdeh2 yüksək vəzifəli qohumları vasitəsilə onu həbs etdirəcəyi hədəsi ilə qorxudub hədə-qorxu gələrək notariat kontoruna aparmış, sənədlərə imza etdirmişdir. Hazırda onun maddi cəhətdən vəziyyəti ağırdır. İmkanı olan kimi borcunun qalığını ödəyəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, 3000 manat pulun 1100 manatını Cavabdeh2 özü gəlib anasıgildən götürmüşdür. Bu barədə qəbz yoxdur, inandığı üçün qəbz imzalatmamışdır. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. İcra qeydindən gec xəbəri olmuşdur, buna görə də etirazını bildirə bilməmişdir. Qalan 1900 manat borcunu hissə-hissə ödəyəcəyindən icra qeydinin ləğv edilməsini, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya 3000 manat məbləğində borc pul vermiş, kredit müqaviləsi notariat ofisində rəsmiləşdirilmişdir. İddiaçı ona heç bir ödəniş etməmişdir. Neçə dəfə evinə getmişdir ki, ödəsin, ancaq onu görə bilməmişdir. İddiaçının ona əlavə 4000 manat da borcu vardır, lakin bu barədə sənədləri olmadığından məhkəməyə verə bilməmişdir. İcra qeydi verilərkən notariusdan bildiriş göndərilmiş, qəbul etməmişdirlər. Pulunu geri ala bilmir. Hissə-hissə ödəməsini təklif etsə də, ödəməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə, 8İ-22865 reyestr nömrə ilə təsdiq olunmuş notariat işində olan: -xx.xx.2024-cü il tarixli, 8İ-22865 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı cəmi 3025 manat pul tutularaq tələbkar Cavabdeh2 ödənilməlidir. - 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində 3M-291 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 3000 manat məbləğində pulu borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək hər ay 750 manat ödəmək şərtilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə 8İ- 18586 reyestr nömrə ilə təsdiq edilmiş bildirişin surətindən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş poçt vasitəsilə borclu İddiaçı ünvanına göndərilmişdir. - Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə iddiaçının “anası Zeynəb” tərəfindən imza edilməklə qəbul edilmişdir. İddiaçı iddia etmişdir ki, icra qeydi verilərkən notarius qanunvericilikdə nəzərdə tutulan qaydada ona xəbər verməmişdir. Eyni zamanda, izahatında göstərmişdir ki, icra qeydindən gec xəbəri olduğundan etirazını bildirə bilməmiş, 3000 manat borcunun 1100 manatını ödəmiş, qalan 1900 manat borcunu da hissə-hissə ödəyəcəkdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş verilmiş, lakin iddiaçı (borclu) həmin müddət ərzində icra qeydinin aparılmasına dair etirazını bildirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun aparıldığından icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1063/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1063/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver