Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-119/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulması və mənzilin təmiri üçün 3000 manat məbləğində pulun, ev əşyalarına vurduğu ziyana və mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh ünvan 2 ünvanda yaşayır. İddiaçıya məxsus mənzil yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış binasının 4-cü, cavabdehin yaşadığı mənzil isə 5ci mərtəbədə yerləşir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə etdiyi təmir üst mərtəbədə yaşayan cavabdehin səhlənkarlığı ucbatından demək olar ki, tamamilə sıradan çıxmış, buna görə də, ailəsi ilə birlikdə rütubət içərisində yaşamalı olmuşdur. Həmin mənzilin mülkiyyətçisi Əmirxanov Şubay vəfat etmişdir, hazırda mənzildə onun nəvəsi olan cavabdeh ailəsi ilə birlikdə yaşayır. Belə ki, o dördüncü mərtəbədə, cavabdeh isə beşinci mərtəbədə yaşayır. Cavabdeh tərəfindən onun mənzilinə daima su axıdılması barədə Mənzil İstismar Sahəsinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Məcbur olub DİN-in “102” xidmətinə zəng etmiş, sahə inspektoru tərəfindən mənzilinə baxış keçirilmiş, iddiaçının izahatı alınmış, ona məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İddiaçı qeyd edir ki, dəfələrlə cavabdehə müraciət edərək onun mənzilinə edilən qəsdə son qoyulmasını xahiş etmiş, lakin cavabdeh bu barədə heç bir tədbir görməmişdir. Əksinə hər dəfə onu və ailəsini təhqir etmişdir. Artıq, rütubətdən mənzildə yaşamaq mümkün deyildir. Cavabdeh mənzilə mütəmadi su axıtdığına görə ev əşyaları yorğan, döşək, xalçalar yararsız hala düşmüşdür, usta iddiaçıya mənzilin təmirinə 3000 manat məbləğində xərcin lazım olduğunu bildirmişdir. Evin təmirindən sonra cavabdehin mənzilə su axıtmayacağının heç bir təminatı yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur ki, bəlkə cavabdeh mənzilin təmir xərcini, əşyalara vurduğu zərəri və mənəvi ziyanı ödədikdən sonra mənzilə qəsd etməyi dayandırar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, müvafiq ekspert rəyləri ilə tanış olmuşdur, rəylərlə razıdır, hesab edir ki, cavabdehin hamam-tualetindən iddiaçının mənzilinə su tökülür. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının dördüncü mərtəbədə, özünün isə beşinci mərtəbədə yaşadığını, su çənlərinin yaşadığı mənzilin üstündə yerləşdiyini bildirdi. Onu da əlavə etdi ki, iddiaçının mənzilinə cəmi bir dəfə öz günahı ucbatından su axıtmışdır, lakin sonralar onun su çənindən sözügedən mənzilə su axıdılmamış, ümumiyyətlə həmin vaxt rayonda olmuşdur. Ona görə də iddianın rədd edilməli olduğunu bildirmişdir. Cavabdehin ünvanına sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özünəməxsus fərdi yaşayış evinə dair bəzi fotoşəkillərini əlavə etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-4781/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5906 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən tədqiq olunan 42 saylı mənzilin yaşayış otağı, dəhliz, mətbəx və hamam tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əməl gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu nəzərə alınaraq, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 5 nömrəli evin, 42 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 44 saylı mənzildən və ya mənzillərin yerləşdiyi binanın damına quraşdırılmış su çənindən su axıdıldığı və nəticədə 42 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydə qeyd olunur ki, 44 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətləri gizli şəkildə olduğundan, eləcə də binanın damına quraşdırılmış su çənlərinə baxış keçirilməsi mümkün olmadığından 42 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 42 saylı mənzilə su sızması 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya binanın damına quraşdırılmış su çənlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Həmçinin, həmin rəylə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 5 nömrəli evin, 42 saylı mənzilinə su axmasının hazırda davam etmədiyi müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən rəylə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 5 nömrəli evin, 42 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 911,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza rəyinə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertiza qarşısında müvafiq sualların qoyulması, rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/1426 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 5 nömrəli evin, 42 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 44 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətləri gizli şəkildə olduğundan, eləcə də binanın damına quraşdırılmış su çənlərinə baxış keçirilən zaman su çənlərinin və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsur olmadığından 42 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 42 saylı mənzilə su sızması 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsdə son qoyulmasını, həmçinin mənzilin təmiri və ev əşyalarına vurduğu zərər üçün 3000 manat maddi, 1000 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 4000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu cavabdehin mənzilindən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-4781/2023 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 42 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 44 saylı mənzildən və ya mənzillərin yerləşdiyi binanın damına quraşdırılmış su çənindən su axıdıldığı nəticədə 42 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir və 44 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gizli şəkildə olduğundan, eləcə də binanın damına quraşdırılmış su çənlərinə baxış keçirilməsi mümkün olmadığından 42 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 42 saylı mənzilə su sızması 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi və ya binanın damına quraşdırılmış su çənlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Həmçinin, həmin rəylə 42 saylı mənzilə su axmasının hazırda davam etmədiyi müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən rəylə 42 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 911,0 manat məbləğində müəyyən olunmuşdur. Ekspertin rəyindən göründüyü kimi, tədqiq olunan mənzilə su sızmasının dəqiqliklə hansı səbəbdən baş verməsini müəyyənləşdirmək məqsədilə binanın damında quraşdırılmış su çənlərinə baxış keçirilməsi zəruri olmuşdur, lakin binanın damına qalxmaq üçün nəzərdə tutulmuş qapı bağlı olduğundan baxış keçirilməsi və mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmənin qərardadında qoyulan 1-ci və 2-cü suallar üzrə tam tədqiqat aparılmamışdır və bu hissədə ekspertin rəyi kifayət qədər aydın olmamışdır. Bundan sonra iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(125)-119/2024 nömrəli qərardadı əsasında təyin edilib keçirilmiş əlavə məhkəmə tikintitexniki ekspertizasının rəyinə görə 42 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 44 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin gizli şəkildə olduğundan, eləcə də binanın damına quraşdırılmış su çənlərinə baxış keçirilən zaman su çənlərinin və su çənlərinə birləşdirilmiş boru xətlərinin üzərində hər hansı bir qüsurun olmadığından 42 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin ekspert müəyyən etmişdir ki, su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amillər nəzərə alınaraq, 42 saylı mənzilə su sızması 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə olan qəsdə son qoyulmalıdır. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.1 və 1098.2-ci maddələrinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehin yaşadığı mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş sübutlara və ekspert rəylərinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin yaşadığı mənzildən olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verməsi, ekspert rəyini və aktları şübhə altına alan və ya onları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmən qərardadları əsasında keçirilmiş ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəylərinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Belə ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Çünki, işin halları ilə sübut olunur ki, iddiaçının yaşadığı mənzilə cavabdehin yaşadığı mənzildən su sızıntısı baş verir və bu hal mütəmadidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olundu ki, cavabdehin istifadəsində olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə su sızması hazırda da davam edir. Odur ki, davam edən mülki hüquq pozuntusunun aradan qaldırılması tələbi də təmin edilməlidir. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, su sızıntısının baş verməsi cavabdehin təqsirli hərəkətinin (hərəkətsizliyinin) nəticəsidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddia tələbindən məlumatlı olan cavabdeh sonrakı məhkəmə iclaslarında iştirak edib yaşadığı mənzildə sudan nəzarətsiz istifadə edildiyini təkzib etməmişdir. Vurulan ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində bu məbləğin 3000 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi olaraq vurulmuş ziyan 911 manat məbləğində qiymətləndirilmişdir. MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 911 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 911 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 1000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, lakin mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən keçirilmiş ekspertiza tədqiqatlarının xərci olan cəmi 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə edilən qəsdə son qoyulsun. Cavabdeh dəymiş maddi zərərə görə 911 manat, məhkəmə xərcinə görə 60 manat olmaqla, cəmi 971 (doqquz yüz yetmiş bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatlarının xərcinə görə 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ**********0000003944; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-119/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-119/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver