Məhkəmə qərarları › İş №2(125)-1197/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1197/2022

07.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1197/2022 07.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsi, bina 35 ünvanında yerləşən 10 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) Cavabdeh istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1923-cü ildə doğulub. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 22234 saylı, xx.xx.2003cü il tarixli “Qeydiyyat Vəsiqəsi” əsasında ünvan 1-da tam şəkildə mülkiyyət hüquqları ilə ona məxsusdur. Cavabdeh onun doğma övladıdır, neçə illərdir ki, mənzildən köçüb getmişdir. Onunla və ailələri ilə ümumiyyətlə heç bir əlaqələri yoxdur. Evdə ona məxsus heç bir əmlak və ya yataq dəsti yoxdur, buda ona sübutdur. Evin kommunal və digər xərcləri onun tərəfindən ödənilir. Buda əlavə xərclərdir, hansı ki, onun tərəfindən lazımsız ödənişlər edilir. Onun bu evdəki qeydiyyatı yalnız formal xarakter daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 22234 saylı, xx.xx.2003-cü il tarixli “Qeydiyyat Vəsiqəsi”nə əsasən, ünvan 1 ünvanı tam şəkildə mülkiyyət hüquqları ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********42 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil Kirovabad şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 140a nömrəli orderi, xx.xx.1969-cu il tarixli, 873 nömrəli orderi, Mənzillərin Paylanması uçotu, İstismarı Təmiri İdarəsinin 8 saylı İstismar Sahəsinin xx.xx.2003-cü il tarixli, 27 nömrəli Forma-2 arayışı, “Vətəndaşların yaşadıqları Dövlət mənzillərinin (evlərinin) özəlləşdirilməsi haqda” xx.xx.2003-cü il tarixli, 21 nömrəli qərardan çıxarış və mənzildə qeydiyyatda olan şəxsin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilərək xx.xx.2003-cü il tarixli, 22234 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsi, ev 35 ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Gəncə Şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1314 saylı arayışdan görünür ki, Cavabdeh 2003-cü ilin yanvar ayından ünvan 5 ünvanında yaşamır. Məhkəmə ilk öncə onu qeyd edir ki, cavabdehin ünvan 5 ünvanından evindən istifadə hüququnun itirilməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə həmin şəxsin qeyd olunan evdən əvvəllər istifadə hüququnun ümumiyyətlə yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisəli mənzil ünvan 3 ünvanında yerləşən 10 saylı mənzil Kirovabad şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 140a nömrəli orderinə və xx.xx.1969-cu il tarixli, 873 nömrəli orderinə əsasən beş nəfərdən ibarət ailə üzvü olan iddiaçının adına verilmişdir. İddiaçının oğlu olan 1964-cü il təvəllüdlü cavabdehin qeyd edilən sənədlərə və qanunvericilik normalarına əsasən, mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan cavabdehin 2003-cü ilin yanvar ayından sözü gedən mənzildə yaşamadığı müəyyən edilmişdir. Beləliklə, cavabdeh bir müddət yuxarıda göstərilən mənzildə yaşasa da, daha sonra özünə başqa yaşayış yeri seçməklə, könüllü olaraq həmin mənzili tərk etmişdir. Cavabdehin mübahisəli mənzili tərk etməsinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onun başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, o, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdeh mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdeh qeydiyyatda olduğu mənzili başqa yaşayış yerinə köçməsi ilə əlaqədar tərk etmişdir. Uzun illər ərzində mübahisəli mənzildə yaşamamış olması cavabdehin Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsi, bina 35 ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin müvafiq yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onun bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsi, 35 saylı binanın 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar