Məhkəmə qərarları › İş №2(125)-1200/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1200/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1200/2022 26.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili Nümayəndə və cavabdeh, eyni zamanda yetkinlik yaşına çatmamış Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun himayəsində olan azyaşlı Cavabdeh2 onun mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 24A, 20 nömrəli mənzildən istifadə hüquqlarına 2500 manat məbləğində kompensasiya ödənilməsi müqabilində xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 24A, 20 nömrəli mənzil Kirovabad şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1985ci il tarixli 422 saylı orderi əsasında ona və ailə üzvlərinə verilmiş, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 4 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli, 157 saylı Forma-2 arayışı və mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında həmin mənzil onun adına özəlləşdirilmiş və ona xx.xx.2014-cü il tarixli, **********32-05101-093015 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 ilə oğlu X4 2008-ci ildə ailə qurmuş və nikahları xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Cavabdeh1 onun mənzilində xx.xx.2010-cu il tarixdən qeydiyyatdadır.18 mart 2010-cu il tarixdə oğlu ilə cavabdehin birgə nikahından övladları olmuş və hal-hazırda nəvəsi Cavabdeh2 anası ilə birlikdə onun mənzilində yaşayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-207/2022 saylı qətnaməsi ilə X4 ilə Cavabdeh1 nikahları pozulmuş və 18 mart 2010-cu il təvəllüdlü Cavabdeh2 nikah pozulduqdan sonra cavabdeh Tağıyeva (Məmmədova) Əfsanə Safəddin qızının himayəsində saxlanılmışdır. Cavabdeh1 artıq onun və oğlumun ailə üzvü deyil. Onlar bir yerdə yaşaya bilmədikləri üçün nikahları pozulmuşdur və cavabdehin faktiki cəhətdən onun ailəsi ilə birlikdə artıq yaşaması mümkün deyil. Cavabdehlə oğlu daimi mübahisə, dava vəziyyətindədirlər. Hətta, bir necə dəfə Cavabdeh1 bıçaqla oğlunu vurmağa cəhd etmiş, eləcə də onun özünü təhqir etməkdən çəkinmir. Hal-hazırda bu insanla bir mənzildə yaşaya bilmələri mümkün deyil. Bir necə dəfə cavabdehə artıq onun ailə üzvü olmadığı üçün uşağını da götürüb mənzilindən çıxmağını və əşyalarını çıxartmağı təklif etsə də cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir. O, mənzildən çıxarılma tələbi ilə məhkəməyə də müraciət etmiş, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 715/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Mövcud qanunvericilik əsasında cavabdehlərin ona məxsus olan mənzildən yaşayış sahəsi kimi istifadə edə bilmələrinə xitam verilməsi mümkündür. Aralarında yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri əsasında mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməlidir. Bunun üçün kompensasiya ödənilməlidir. Kompensasiya institutu isə, istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu yox, müəyyən pul məbləğinin ödənilməsini nəzərdə tutur. O, cavabdehlərə ümumilikdə 2500 manat məbləğində pul kompensasiyasını verməyə razıdır və hesab edir ki, bu ədalətli təklifdir. Belə ki, özü pensiyaçıdır və 268 manat pensiya alır. Heç yerdə işləmir, başqa yerdən gəliri yoxdur. Mənzilin cəmi 66.4 kv.m sahəsi var. Heç bir təmiri yoxdur. Mənzil qəsəbədə yerləşir, üstündəki eyni sahəsi olan qonşunun mənzili 120 manat məbləğində kirayəyə verilmişdir. Belə mənzil Yeni Gəncə qəsəbəsində 100-120 manata kirayəyə verilir. Nəzərə alınmalıdır ki, hələ bu mənzildə onlardan başqa o və oğlu da yaşayır. Qızı da tez-tez gəlib mənzildə qalır. Təklif etdiyi kompensasiyaya iki ildən artıq müddətə oxşar şəraitli yaşayış sahəsini kirayələmək olar. Bu da ki, kifayət qədər uzun müddətdir. Cavabdehin özünün qazancı var, ticarətlə məşğuldur. Qanuna əsasən, kompensasiya təklif etməklə yaşayış sahəsindən istifadə hüquqları olan şəxslərin bu hüquqlarına xitam verilməsini mülkiyyətçi təklif edirsə, onda onun bu tələbi rədd oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, cavabdeh onun keçmiş gəlini olmaqla, oğlu ilə aralarında olan nikah pozulmasına baxmayaraq nəvəsi ilə birlikdə ona məxsus mənzili tərk etməmişdir. Hazırda o, cavabdehlərə istifadə hüququna xitam verilməsi müqabilində 4000 manat məbləğində kompensasiya verə bilər. Daha artıq məbləğdə kompensasiya şəklində pul ödəməyə maddi imkanı yoxdur. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda izahat verərək bildirdi ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə eyni şəraitdə kifayət qədər uzun müddətdə yaşayış sahəsindən istifadə etməyə imkan verir. Cavabdehin tələb etdiyi kompensasiya məbləği həddindən artıq yüksəkdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2008-ci ildə iddiaçının oğlu ilə ailə quraraq sözügedən mənzilə gəlin köçmüş, iddiaçının oğlu ilə nikahları pozulmasına baxmayaraq indiyədək həmin mənzildə yaşamaqdadır. Onun başqa yaşayış yeri yoxdur. Təklif olunan kompensasiya məbləği isə onu qane etmir. O, iddiaçı ona hazırda 5000 manat verərsə mənzili tərk etməyə razıdır, bundan sonra isə iddiaçı 5000 manat da ödəyəcəyi təqdirdə mənzildən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir. Ümumilikdə 10 000 manat kompensasiya tələb edir. İddiaçının təklif etdiyi kompensasiya ilə uşağı ilə birlikdə yaşayış sahəsi əldə edə bilməyəcəkdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvan İddiaçı məxsusdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-207/2022 saylı qətnamədən görünür ki, X4 ilə Tağıyeva (Məmmədova) Əfsanə Safəddin qızı arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 451 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 18 mart 2010-cu il tarixdə anadan olmuş Cavabdeh2 nikah pozulmasından sonra cavabdeh Tağıyeva (Məmmədova) Əfsanə Safəddin qızının himayəsində saxlanılması, 18 mart 2010-cu il tarixdə anadan olmuş Cavabdeh2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, iddiaçı X1 hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh Tağıyeva (Məmmədova) Əfsanə Safəddin qızının xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-715/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ünvan 3 ünvanda yerləşən mənzildən cavabdehin və ona məxsus əşyaların çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə tərəfindən cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması, iddiaçının isə cavabdehin istifadə hüququna xitam verilməsi üçün kompensasiya təklif etməməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır və həmin ünvanda ondan başqa X4, Cavabdeh1, Cavabdeh2 və X5 qeydiyyatdadırlar. "xxxx" MMC-nin 05 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 24A, 20 nömrəli mənzilin yerləşdiyi ərazidə oxşar kommunal şəraitli 3 yaşayış otağından ibarət mənzillərin aylıq kirayə haqqının orta məbləği hazırda təxminən 100-120 manat təşkil edir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 mart 2010-cu il təvəllüdlü Cavabdeh2 atası X4, anası Cavabdeh1dır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondu Gəncə-Daşkəsən regional filialının 06 iyul 2022ci il tarixli arayışından görünür ki, İddiaçı 268,62 manat məbləğində pensiya alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdeh1 2008-ci ildə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə quraraq iddiaçının razılığı ilə həmin evə köçmüşdür. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ 2014-cü ildə qeydiyyata alınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Cavabdehlər ünvan 3 ünvanda yerləşən mənzildə yaşayırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(044)- 715/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqelərinə əsasən mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalı və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Həmin qərarda qeyd olunmuşdur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ədalətli əvəz ola biləcək kompensasiyanın miqdarı ilə bağlı qeyd edir ki, Cavabdeh1 işin mübahisəsiz halı kimi 2008-ci ildən bəri 14 il müddətində davamlı surətdə mübahisəli mənzildə yaşamışdır. Qeyd edilən halı nəzərə aldıqda iddiaçının yekun olaraq təklif etdiyi 4000 manat kompensasiya məbləği onun özünün təqdim etdiyi məlumatlar əsasında cavabdehlərə oxşar şəraitli mənzildə təqribən 33 ay yaşamağa kifayət edəcəkdir. Həmin müddət isə cavabdehlərə davamlı surətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradan ağlabatan müddət hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, təklif olunan kompensasiya məbləği istifadə hüququnun xitamı üçün ədalətli əvəz hesab edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar