Məhkəmə qərarları › İş №2(125)-129/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-129/2023

05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-129/2023 05.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması və sair” barədə tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət əmlakın natural qaydada bölünməsi və ya ona 70000 manat kompensasiya verilməsini bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq mənzilin satılması və əldə olunan gəlirin bölünməsinə İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət əmlakın paylı mülkiyyət hüququ üzrə 8/10 hissəsi ona, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2 məxsusdur. Cavabdehlər onun bacı və qardaşıdır. O, ümumi mülkiyyətdə olan evdə uzun illərdir yaşayır cavabdehlər isə öz evlərində qeydiyyatda olmaqla yaşayırlar həmin evin açıq hərracda satılaraq əldə olunmuş pulun hər bir kəsin payına mütənasib qaydada bölünməsini istəyir. Mübahisəli mənzilin üzərində ümumi mülkiyyət hüququ olan cavabdehlərdən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi məsələsində aralarında razılığa gələ bilmirlər. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 təmsilçisi məhkəməyə ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdeh isə iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini (vəkili) dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı 0.01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33.2 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 8/10 hissəsi İddiaçı, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2 xx.xx.2006-cı ildən məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4785 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında 0,01235 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 33,2 kv.m yaşayış, 39,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 8/10,1/10 və 1/10 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2002-ci il tarixli hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 45 saylı fərdi yaşayış evinin hazırki bazar dəyəri 75000 manat, likvit dəyəri isə 65000 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1958-9/2071 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 52000 manat (710 x 72,8) məbləğində, likvid dəyərinin isə təqribən (52000-10%) 47000 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci ildə ünvanlanmış ərizədən görünür ki, sözügedən fərdi yaşayış evinin hazırkı bazar qiyməti 75000 manat təşkil etdiyindən paylarına uyğun olaraq, evin 80 faiz qiymətinin, yəni 60000 manat iddiaçının payının verilməsini və ya cavabdehlərin hər birinin payına uyğun olaraq, hər birinə 10 faiz olmaqla, yəni hər birinə 7500 manat verilməsini təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, mübahisəli əmlak paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehlərə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan yaşayış sahəsinə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, fərdi yaşayış evinin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfindən ünvanlanmış təklifə cavabdehlər hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Belə ki, Mülki Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı 8/10 hissədə, Cavabdeh1 1/10 hissədə və Cavabdeh2 1/10 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar