Məhkəmə qərarları › İş №2(125)-1317/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1317/2023

18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1317/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X1, Cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər X13 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X13 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailəsilə birlikdə Gədəbəy rayonu Slavyanka kəndində yaşayır. Cavabdeh makler kimi torpaq alqı-satqısı işi ilə məşğul olan şəxs kimi tanımışlar. 2011-ci il tarixdə əri X10 ilə Gəncə şəhərindən özünə torpaq sahəsi almaq üçün maraqlanan zaman onlar bildirmişlər ki, Arif adlı şəxs torpaq alqı-satqısı ilə məşğul olur. Onlar Ariflə əlaqə saxlayıb, görüşüb Arifdən onlar üçün torpaq sahəsi tapmağı xahiş etmişlər. Bir qədərdən sonra isə Arif onlara, Gəncə şəhəri Məhsəti qəsəbəsində Aybəniz adlı şəxsə məxsus 4 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin 6000 ABŞ dollarına satıldığını dedi. Onlar Aybənizlə görüşmək istəsələr də, Arif pulu ona verməsini və Aybənizlə özü bütün sənədləri həll edəcəyini demişdir. Onlar Ariflə həmin pulun bir hissəsini əvvəlcədən verərək, qalanını isə sonra ödəməyi razılaşmışlar. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Xanbağı deyilən parkda yerləşən çayxananın yanında o, əri Nazim və oğlu Ruslanla birlikdə Ariflə görüşmüşlər. Həmin vaxt Arifə həmin torpaq sahəsini almaq üçün 4000 ABŞ dolları pul vermişlər. Onlar çayxanada gözləməyə başlamış və Arif həmin günü Aybənizin adından torpağa dair sənədlərin surətini onlara təqdim etmişdir. Danışığa görə, qalan 2000 ABŞ dolları məbləğində pulu Arifə 5-6 ay ərzində verməliymişlər. Lakin bir-iki aydan sonra onlar həmin torpaq sahəsini hasara almaq istəyərkən polis əməkdaşları gələrək tikinti üçün sənədlərinin olub-olmadığını soruşmuşlar. Onlar bu barədə Arifə dedikdə o, tikinti aparmaq üçün əlavə olaraq 1500 ABŞ dolları pul lazım olduğunu demişdir. Məcbur qalıb Ariflə razılaşmış və həmin torpaq sahəsində ev tikmək məqsədi ilə sərəncam sənədini almaq üçün Arifə əlavə 1500 ABŞ dolları pul vermişlər. Lakin Arifə bildirmişlər ki, torpağın qalan 2000 ABŞ dollarını bir qədər gec verəcəklər. Çünki əvvəlcədən tikinti üçün də, pul alacağını deməmişdir. 1500 ABŞ dollarını birlikdə təxminən 2012-ci ilin may ayında aldıqları torpaq sahəsinin yanında Arifə vermişlər. Təxminən bir aydan sonra Arif tikinti üçün sərəncamı gətirib onlara vermişdir. Lakin maddi imkanları zəif olduğundan torpağın qalan 2000 ABŞ dollarını yalnız əkdikləri kələmi sataraq pul əldə edib 2017-cı İlin oktyabr ayında Gəncə şəhəri, Məhsəti qəsəbəsində aldıqları torpaq sahəsinin yanında birlikdə Arifə vermişlər. 2018-ci il tarixdə isə həmin torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-yə müraciət etmiş, lakin oradan onlara bildirmişlər ki, həmin torpaq sahəsinin bir hissəsi başqa şəxsin adınadır və ona görə də, onlara çıxarış verilməmişdir. Həmçinin Arifin onlara verdiyi torpaq sahəsinə dair sənədlərin əsassız olduğunu bildirmişlər. Onlar bu barədə Arifə demiş, Arif isə onları Sayad Paşayev adlı şəxslə tanış etmiş və çıxarış sənədinin alınmasında Sayadın kömək edəcəyini, torpaq sahəsinin sahibinin, yəni, Aybənizin onun qohumu olduğunu demişdir. Sayad da, onlara həmin torpaq sahəsinə çıxarış sənədini alıb verəcəyini demiş və onlardan 2000 manat pul istəmişdir. 2018-ci ilin iyul ayında Gəncə şəhəri ərazisində, Tekstilni adlanan ərazidə əri ilə Sayadla görüşmüş və həmin vaxt yanlarında Arifin oğlu Araz olmuşdur. Həmin vaxt 2000 manat pulu Sayada vermiş və Sayad qısa müddət ərzində çıxarışı alıb verəcəyini, torpaq sahiblərinin onun qudası olduğunu bildirmişdir. Buna baxmayaraq təxminən 1 il sonra yəni 2019-cu ilin iyul ayında Sayad onlarla telefonla danışmış və sənədi düzəldə bilmədiyi üçün aldığı 2000 manat pulu qaytarmaq istədiyini və ya sənədin düzəlməsi uçun əlavə 1600 manat pul lazım olduğunu demişdir. Həmçinin bildirmişdir ki, torpağın sənədinin düzəldilməsi ilə Ariflə birlikdə məşğul olacaqdırlar. 2019-cu ilin iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda Sayad və Ariflə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “avtobus qarajı” deyilən yerin qarşısında olan çayxanada görüşmüş və 1600 manat pulu Sayada vermişlər. Sayad isə həmin pulu Arifə verib saymasını istəmişdir. Arif pulu saydıqdan sonra düz olduğunu bildirib pulu yenidən Sayada qaytarmışdır. Həmin vaxt onlar ikisi də, söz vermişlər ki, sənədlər qısa muddət ərzində düzələcəklər və xahiş etmişlər ki, onlara vaxt versinlər. Lakın buna baxmayaraq onlar verdikləri sözə əməl etməmiş və torpaq sahəsinə dair sənədləri düzəltməmiş və müxtəlif bəhanələr gətirməyə başlamışlar. Onlardan aldıqları pulu geri tələb etdikdə isə, onlar yenə müxtəlif bəhanələr gətirib pulu geri qaytarmamışlar. Başa düşmüşlər ki, Arif onlara qarşı dələduzluq etmişdir və pulu aldadıb əllərindən almışdır. Onların təqdim etdikləri sənədlər isə tam əsassız sənədlərdir. Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək Arifin və Səyadın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Polis orqanı tərəfindən həmin şəxslər dəvət olunaraq izahatları alınmışdır. Cavabdeh və X5 torpağa sənəd düzəltmək üçün onlardan aldıqları 3600 manat pulu geri qaytarmışlar. Bundan başqa Cavabdeh onlardan 2011-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində 400 kv.m torpaq sahəsini ümumilikdə 7500 ABŞ dolları pulu və torpağın hasarlanması üçün xərclənmiş 4000 manat məbləğində pulu bugünə qədər qaytarılmamışdır. Polis orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə X8 aralarında olan münasibət alqı-satqı münasibətləri ilə tənzimləndiyi üçün müqavilədən irəli gələn mübahisələrə aiddir. Müqavilədən irəli gələn mübahisələr də yalnız məhkəmədə mülki iddia qaldırmaq yolu ilə həll olunur. Buna görə də, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Bu səbəbdən də, Cavabdeh 2011-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində 400 kv.m torpaq sahəsini satması üçün ümumilikdə aldığı 7500 ABŞ dolları pulun alınıb qaytarılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Həmin torpaq sahəsini aldıqdan sonra kənarlarına hasar çəkdirməklə 4000 manat məbləğində pul xərcləmişlər. Odur ki, Cavabdeh 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, ona qarşı pul tələbi Gədəbəy rayon Slavyanka kənd sakini İddiaçı keçmiş həyat yoldaşı X10 məhkəməyə müraciət etmişlər. O iddiaçıdan pul almamış və ona torpaq satmamışdır. Belə ki, iddiaçı və əri hər ikisi mehriban olan vaxt aldıqları torpaq sahəsini Elməddin və Ruslan adlı şəxslər satıb və dəyişiblər. Sonradan da, şikayət ediblər ki, pul alsınlar. Şikayət əsasında izahatları alınmış X9 və X2 izahat vermişlər ki, Məmmədov Nazim və Lyudmila torpaq sahələrini Paşayev Sayadın qudası Zeynalov Aydın və Zeynalova Aybənizdən alıblar. Ancaq ondan şikayət edirlər ki, Sayadla onları tanış etmişdir. Ondan tələb edirlər ki, Sayadın üzünə dur ki, onun yanında Sayada 12.000 manat vermişlər. O isə etiraz edəndə ondan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nazim və Lyudmila 2019-cu ildən boşanmış və aralarında olan əmlaklarını bölə bilmirlər. Nazim Lyudmilanı aldadır. Onların aldıqları torpaq sahələri çoxdur. Belə ki, Məhsəti qəsəbəsində 22-ci küçədə Aybəniz və Aydından aldıqları torpağı 23-cü küçə ilə dəyişmiş və 23-cü küçədəki torpağı da, başqa şəxslərə satmışlar. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında dindirilmiş şahid X5 izahatında bildirmişdir ki, İddiaçı qudaları Zeynalov Aydın və Zeynalova Aybənizə məxsus hər birinin ölçüsü 0.04 ha olan iki torpaq sahəsi satmışdır. Torpaq sahələrinə görə iddiaçı və onun əri Nizami ona 14000 manat pul verməli, o isə həmin torpaq sahələrini onların mülkiyyətinə verməliymiş. Həmin torpaqların sənədləşdirilməsi üçün iddiaçı və Nizamidən qudalarının adından etibarnamə verərkən notariusun qarşısında 10000 dollar pul almışdır. Sonradan qalan 4000 dolları vermədikləri üçün torpağı iddiaçı və ərinin adına sənədləşdirməmiş və etibarnaməni ləğv etmişdir. Lakin iddiaçının əri həmin torpaq sahələrini özü sənədləşdirmişdir. Həmçinin mübahisəli torpaq sahəsini sənədləşdirmək üçün iddiaçı və ərindən 3600 manat pul almış, həmin pulu polisdə araşdırma gedərkən iddiaçı və ərinə qaytarmışdır. Arif iddiaçı və ərindən pul almamışdır. Məhkəmə baxışında dindirilmiş şahid X6 izahatında bildirmişdir ki, Arifi anası Lyudmila torpaq alanda tanımışdır, Torpaq alanda soruşmuşlar, Arifin adını vermişlər ki, torpaq alqı-satqısı ilə məşğul olur. Arif onlara torpaq sahələrini, o cümlədən anası üçün aldıqları torpağı göstərmiş, onlar isə torpaq sahələrini bəyənmiş və almışlar. Torpaq sahlərinin alqı-satqısında iştirak etməyi yanında deyildir. Ancaq Xan bağında Arifə pul verilərkən orada olmuşdur. Pulu anası sayıb vermişdir. Həmin torpaq sahəsinə hasar çəkdirmişlər. Sənədləşdirmək istəyərkən bilmişlər ki, torpaq sahəsi başqasının adınadır. Arifə problem olduğunu demişlər. Arif düzələcəyini bildirmiş və onu Sayadın evinə aparmışdır. Orada hər ikisi düzəldəciyini bildirmiş, hətta Sayad torpağının olduğunu və satıb verəcəyini bildirmişdir. Məhkəmə baxışında dindirilmiş şahid X8 izahatında bildirmişdir ki, 2011-ci ilin axırında Arifi arvadı üçün torpaq alanda tanımışdır. Torpaq alanda soruşmuşlar, Arifin adını vermişlər ki, torpaq alqı-satqısı ilə məşğul olur. Arif onlara torpaq sahələrini, o cümlədən arvadı üçün aldıqları torpağı göstərmiş, onlar isə torpaq sahələrini bəyənmiş və almışlar. Xan bağında Arifə 2000 ABŞ dolları pul verilərkən orada olmuşdur. Pulu arvadı Lyudmila sayıb vermişdir. Həmin torpaq sahəsinə hasar çəkdirmişlər. Sənədləşdirmək istəyərkən bilmişlər ki, torpaq sahəsi başqasının adınadır. Arifə problem olduğunu demişlər. Arif düzəldəcəyini bildirmiş və onları Sayadın evinə aparmışdır. Orada hər ikisi düzəldəciyini bildirmiş, hətta Sayad torpağının olduğunu və satıb verəcəyini bildirmişdir. Sənədləşmə üçün Sayada əlavə verdikləri 3600 manatı Sayad polisdə araşdırma olarkən qaytarmışdır. Arif isə aldığı pulu qaytarmamışdır. İşdə olan cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həmin qərarla fakta Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və X4 mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, şəkildə görünən torpaq sahəsinin ətrafı hasarlanmışdır. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş audio-yazı dinlənmiş və müəyyən edilmişdir ki, İddiaçı, əri X10 və oğlu X6 müxtəlif vaxtlarda X5 və Cavabdeh arasında olan danışıqları qeydə almışlar və yazılarda cavadbeh Cavabdeh ona pul verilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2011-ci il tarixdə əri X10 ilə birlikdə torpaq sahəsinin alınması ilə əlaqədar Cavabdeh müraciət etmiş, Arif onlara, Gəncə şəhəri Məhsəti qəsəbəsində Aybəniz adlı şəxsə məxsus torpaq sahəsinin olduğunu bildirmiş və onlar həmin toprpaq sahəsini almaqla bağlı razılığa gəlmişlər. Sonradan həmin torpaq sahəsini sənədləşdirə bilməmişlər. İddiaçılar həmin torpaq sahəsinə görə cavabdehə 7500 ABŞ dolları verdiklərini və torpaq sahəsinin hasarın çəkilməsi üçün 4000 manat pul xərclədiklərini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı 2011ci il tarixdə əri X10 ilə birlikdə torpaq sahəsinin alınması ilə əlaqədar Cavabdeh müraciət etmiş, Arif onlara, Gəncə şəhəri Məhsəti qəsəbəsində Aybəniz adlı şəxsə məxsus torpaq sahəsinin olduğunu bildirmiş və onlar həmin toprpaq sahəsini almaqla bağlı razılığa gəlmişlər. Sonradan həmin torpaq sahəsini sənədləşdirə bilməmişlər. İddiaçı cavabdehə 7500 ABŞ dolları verdiklərini və torpaq sahəsinin hasarın çəkilməsi üçün 4000 manat pu xərclədiklərini qeyd etsə də, həmin halları təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X5 izahatında bildirmişdir ki, İddiaçı qudaları Zeynalov Aydın və Zeynalova Aybənizə məxsus hər birinin ölçüsü 0.04 ha olan iki torpaq sahəsi satdığını, torpaq sahələrinə görə iddiaçı və onun əri Nizamidən 10000 dollar pul aldığını, sonradan qalan 4000 dolları vermədikləri üçün torpağı iddiaçı və ərinin adına sənədləşdirmədiyini və etibarnaməni ləğv etdiyini qeyd etmişdir. İddiaçının təqdim etdiyi digər şahidlərin ifadələri ilə əlaqədar məhkəmə qeyd edir ki, onların ifadələri digər sübutlarla, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş səs yazıları ilə ziddiyət təşkil etmişdir. Həmçinin iddiaçı torpaq sahəsini hasarlamaq üçün 4000 manat xərc çəkdiyini qeyd etsə də, həmin halları da, təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X13 qarşı 7500 ABŞ dolları və torpaq sahəsinin hasarın çəkilməsi üçün xərclənən 4000 manat pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar