Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1332/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla hesablanmış 1036,80 AZN məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 İstismar İdarəsinin işçiləri xx.xx.2022ci tarixdə mənzilinə quraşdırılmış “İtron 6-4” markalı, 1602AZ**********36 zavod nömrəli smart sayğacı dövrü dövlət yoxlamasına göndərilmə səbəbiylə sökmüşdürlər. Onun yerinə mexaniki sayğac quraşdırmışlar. Müəyyən müddət qaz istehlakları mexaniki sayğacla hesablanmışdır. 02 sentyabr 2022-ci il tarixdə qaz idarəsinin işçiləri ******* saylı aktla yenidən “Zenner G4T” smart tipli sayğacı ünvanına quraşdırmışlar. Qaz paylayıcı idarənin xx.xx.2022-ci il tarixdə sökdüyü “İtron 6-4” markalı sayğac 2009-cu il tarixdə ünvanına quraşdırılmışdır. Qaz paylayıcı idarə “İtron 6-4” markalı sayğacda element yuvasının qapağının alt hissəsinin gövdəyə birləşən hissəsində sınıq müəyyən etmişdir. Bununla bağlı 16 avqust 2022-ci il tarixli, ******* saylı aktla dəymiş ziyan hesablanmış, yəni, guya 4 kub x 24 saat x 90 gün=8640 kub metr qaz, məbləğlə 1036,80 AZN ziyan vurmuşdur. Qaz paylayıcının yazdığı borcu əsassız sayır. Əvvəla 2009-cu il tarixdə quraşdırılmış qaz sayğacının istismar müddəti 2022-ci il tarixdə bitməli idi. Ondan əlavə sayğac xx.xx.2022ci il tarixdə sökülüb aparılmış və 16 avqust 2022-ci il tarixdə qeyd etdiyi nöqsanlar aşkar edilmişdir. Aktın tərtib vaxtı ilə sayğacın sökülmə müddəti qaz paylayıcının istədiyi formada akt tərtib etməsinə kifayət qədər bəs edir. Əslində sayğac sökülən zaman onun iştirakı ilə sayğaca vizual baxış keçirilib akt tərtib olunmalı idi. Bu isə edilməmişdir. Bundan əlavə qaz paylayıcı sayğacın element yuvasında sınıq müəyyən etməsi ilə qazın artıq istismarını müəyyən etmiş olmuşdur. Belədirsə, sayğac evin içərisində olduğuna görə qaz evə sızmış olardı və ən azından onlar qazın iyini hiss edərdi. Deməli, əgər qaz paylayıcının dediyi hal (sınıq) sayğacda olmuşdursa, qaz sayğacının qaz borusuna birləşdirilən hissəsindən normal olaraq istehlak edilmişdir. Sayğac smart tipli idi. Karta balans yüklənmiş və qaz istehlak edilmişdir. Sayğacın plombu yerində olmuş və heç bir müdaxilə edilməmişdir. Qaz paylayıcının aktla belə qaydada tələb etdiyi ziyan heç bir qanunvericiliyə uyğun gəlmir. Onun da bildirir ki, 01 mart 2022-ci il tarixli, ******* saylı akt ona orta hissəsindən cırılmış qaydada təqdim edilmişdir. Bunun səbəbini şübhə ilə qəbul etsə də, güman edir ki, onların əməllərində kifayət qədər qanun pozuntusu olmuşdur. Cavabdehin təqdim etdiyi abonent saldosunda əsassız qeyd etdiyi məbləği nəzərə almadıqda 02 mart 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək cəmi 41,52 AZN dəyərində qaz istehlak etmişdir. Açıq-aydın sübut edilir ki, qaz paylayıcı əsassız böhtan xarakterli akt qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh “Azəriqaz” X1 istifadə qaydalarının pozulması haqqında 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktında qeyd etdiyi hallar həqiqətə uyğun deyildir. Belə ki, sayğaca müdaxilə etməsi və onu cavabdehin aktda qeyd etdiyi kimi ALARM-1 rejiminə gətirməsi mümkün deyildir. Çünki, özü uzun müddətdir ki, əsəb xəstəsidir, ətraf aləmi dərk etməkdə və ətraf aləmlə ünsiyyətdə çətinlik çəkir. Belə olduğu halda onun tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsi qeyri-mümkündür. Sayğacın ALARM-1 rejimindən normal rejimə keçirilməsi onun işi və vəzifəsi deyildir. Heç onun sayğacdan anlayışı da yoxdur. Hesab edir ki, qaz idarəsinin bəzi işçiləri ona qarşı qəsdən belə bir addım ataraq ondan əsassız olaraq pul tələb edirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 01 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, İtron 6-4 markalı, 1602AZ**********36 nömrəli sayğacın (plombun) çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, TQQ VƏ SX-nin rəsi müavini Tuqay Oktay, mühəndis Atakişiyev Vaqif, çilingər Xəlilova Pərvanə və istehlakçının nümayəndəsi İddiaçı tərəfindən akt tərtib edilmişdir onda ötrü ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində 16 avqust 2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğaca baxış keçirilmişdir, sayğac ALARM-1 rejimindədir, element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır. Dəymiş ziyanın hesablanması, abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 02 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, “Zenner G4” markalı, **********2 nömrəli sayğacın (plombun) çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması, quraşdırılan “Zenner G4” markalı, **********85 nömrəli sayğacın (plombun) quraşdırılma səbəbi əvəzləmə qeyd edilmiş və onun yerinə mexaniki sayğac quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı faktiki yaşadığı ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının ALARM-1 rejimində olması, element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 16 avqust 2022-ci il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacının sıradan çıxmasına görə iddiaçı təqsirli bilinmiş və ziyan hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 01 mart 2022-ci il tarixli aktda İtron 6-4 markalı, 1602AZ**********36 nömrəli sayğacın (plombun) çıxarılma çıxarılma səbəbi növbədənkənar dövlət yoxlaması qeyd edilmiş və onun yerinə mexaniki sayğac quraşdırılmışdır. Sayğac çıxarıldıqdan 6 ay sonra aparılmış yoxlama nəticəsində sayğacının “ALARM-1” rejimində olması, element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olması müəyyən edilmiş və 16 avqust 2022-ci il tarixli, ******* nömrəli tarixli akt tərtib edilmişdir. Cavabdehin abonentə ziyanın məbləğini hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin cavabdeh həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən, cavabdeh iddia tələbinə öz münasibətini, etirazı olduğu halda isə onun əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1036,80 (bir min otuz altı manat səksən qəpik) AZN ziyan məbləği heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində və izahatında qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Ümumiyyətlə məhkəmə iclasında iddiaçıya məxsus mənzildə quraşdırılan sayğacda olan nasazlığın hansı tarixdə baş verməsi, sayğacın mənzilə hansı tarixdə quraşdırılması, sayğacdakı qüsurun istismar nəticəsində, yaxud istismar müddətinin keçməsi nəticəsində mexaniki olaraq sıradan çıxıb-çıxmaması, yaxud ona hər hansı bir kənar təsirin nəticəsində zədələnməsi müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, baş vermiş nasazlığın əlavə qaz sərfinə səbəb olub-olmaması və həmin qaz sərfinin sayğac tərəfindən qeydə alınmaması xüsusatı da qeyri müəyyəndir. Bu hallar isə qeyri müəyyən qaldığından özlüyündə istehlakçının sayğaca dəyən zərərlə bağlı təqsirli olması qənaətinə gəlmək üçün yetərli deyildir. Məhkəmə həmçinin hesab edir ki, bu iş üzrə qüsurlu hesab edilən sayğac götürülən zaman bununla bağlı müvafiq sənədləşmə də lazımi səviyyədə aparılmamışdır. Eyni zamanda cavabdeh Azəriqaz İB Respublika ərazisində qaz satışını həyata keçirən yeganə qurum (təbii inhisarçı) olduğundan və sayğaca vurulan zərərin aydınlaşdırılması da həmin birlik tərəfindən aparıldığından, yəni istehlakçı ilə istehsalçı arasında yaranan mübahisəni (ixtilafı) İİİ şəxs deyil, məhz özü aydınlaşdırdığından hazırki iş üzrə tərtib olunan aktı mötəbər sənəd kimi qəbul etmək düzgün olmazdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 2108 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən tərtib edilmiş 16 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) AZN borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16 avqust 2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) AZN məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1332/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1332/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver