Məhkəmə qərarları › İş №2(125)-1333/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1333/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1333/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdehin ünvan 1 bina, 59 saylı mənzilin təmirinə çəkilmiş 7500 ABŞ dolları xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 binada yerləşən, 59 saylı ünvanda yerləşən mənzil 6/8 hissəsi cavabdehin, 1/8 hissəsi isə iddiaçının, 1/8 hissəsi isə bacıları Nüşabənin adınadır. Bildirir ki, bundan qabaq evilərinin təmirinə 7500 ABŞ dolları pul xərcləmişdir. Təmirə başlamamışdan qabaq cavabdeh olan qardaşı ona bildirdi ki, “evin təmirini et mənzil mənə lazım deyil”. O da bundan sonra mənzili tam təmir etdirmişdir. Təmirə 7500 ABŞ dolları pul xərcləmişdir. Bildirir ki, cavabdeh bu gün ona qarşı iddia qaldırıb öz payını böldürmək istəyir. Ona görə də cavabdehdən mənzilin təmirinə xərclədiyi pulu ondan tələb etmək məcburiyyətindəyəm. Qeyd edir ki, o, mənzili tam təmir etdirmişdir. İddia ərizəsinə əlavə etdiyi foto şəkillərdə bunu tam sübut edir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə etdi və yazılı ərizə təqdim edərək bildirdi ki, Gəncə şəhəri, Məhkrəsə bağı, bina 16 mənzil 59 anasının mülkiyyətində olmuşdur, 2003-cü ildə evi təmir etdirərkən anasının və qardaşı Cavabdeh razılığını almışdır. Daha sonra həmin təmiri həyata keçirmişdir, indi həmin təmirin dəyərini qardaşından tələb edir. Anaları 2022-ci ildə vəfat etmişdir, daha sonra onların əmlaka payları vəsiyyətnamə ilə təyin olunmuşdur. Təmir vaxtı həmin evdə iddiaçı və bəzən anası yaşamışdır. İddiaçı iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz etdi və yazılı ərizə təqdim edərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən 59 saylı mənzil anasına məxsus olmuşdur. O, həmin mənzilin təmir olunmasına qardaşına razılıq verməmişdir. X7 həmin mənzili ona vəsiyyət etmişdir. Anasının vəfatından sonra həmin mənzilin 6/8 hissəsini ona, 1/8 hissəsi isə qardaşı İddiaçı, 1/8 hissəsi isə bacısı Əliyeva Nüşabəyə məxsusdur. O, qardaşı İlhama mənzilin təmiri üçün razılıq verməmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin təmsilçisi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 59 saylı mənzilin 6/8 payı Cavabdeh, 1/8 payı İddiaçı, 1/8 payı X2 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İlham bacısının əridir. Bacısı ünvan 2 ünvanında yerləşən 59 saylı mənzilə gəlin köçmüşdür. İlham onu evin təmiri üçün çağırmışdı. O, rəngsazdır. 2003-2005-ci illərdə həmin mənzildə döşəmələrin taxtasını dəyişmiş, divarları rəngləmiş, divarlara divar kağızı və emusiya çəkmişdir. Həmin mənzildə qardaşı İlhamla birgə işləmişdir. İlham ona günə ***-**** manat ödəmişdir. “Şirvan” vaxtı işləmişdir. İlhamla işlərə görə qiymət danışmamışdır. Təxmini bir ay yarım işləmişdilər, amma işlədiyi dövrü dəqiq xatırlamır. Mənzildə işləyərkən İslamı orada görməmişdir, həmin vaxt Rusiya Federasiyasında idi, 3-4 il sonra qayıtdı. Evə çəkilən xərcin qiyməti təxmini 3000-4000 manat olar. Onlar üçün yeməyi bacısı bişirirdi. İlhamın anası həmin vaxt mənzildə yaşayırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İlham bacısının əridir. ünvan 2 ünvanında yerləşən 59 saylı mənzildə qardaşı Səmədlə birlikdə işləmişlər. “Şirvan” vaxtı işləmişlər, təxmini 2003-2006-cı illərdə təxmini 3 ay işləmişlər həmin mənzildə. Həmin mənzildə döşəmənin taxtalarını dülgər dəyişdi, qonaq, yataq və hamam otağında divarlarına divar kağızı vurmuşlar. Bütün işlərin görülməsi onlara cəmi 2000 ABŞ dolları pul vermişdir. Tiikinti materiallarını satın almaq üçün qardaşıyla bacısı gedirmiş, İlham həmin vaxt işdə olurdu. Təmir üçün materiala ümumilikdə təxmini 7000- 12000 ABŞ dolları xərclənmişdir. İlhamın anası həmin vaxt gedib-gəlmirdi. İslam həmin vaxt Rusiya Federasiyasında idi. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Hazırkı iş üzrə iddiaçı anasının mülkiyyətində olduğu vaxt mübahisəli mənzildə həyata keçirdiyini bildirdirdi təmir işlərinin xərcin əvəzini hazırda mənzilin paylı mülkiyyətçisi olan cavabdehdən tələb edir. Lakin hədiyyə verən olan iddiaçı hədiyyə alan kimi anasına təmir qismində əmlak hüquqları hədiyyə etmiş, öz əmlakının bir hissəsini bağışlamaqla anasını zənginləşdirmiş, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməmişdir. Qeyd edilənləri təkzib edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, qanunvericiliyə əsasən hədiyyə verənin bağışlamanın predmeti kimi əmlak hüquqlarını bağışlamaqdan imtina edərək mübahisəli evdə aparıldığı bildirilən təmir-tikinti işlərinin əvəzini tələb etməsi üçün hüquqi əsas yaranmamışdır. Bundan başqa, təmirin aparıldığı zaman mülkiyyətçi olmayan və bu işlərin aparılması barədə tələb və ya razılığı müəyyən olunmayan cavabdehdən təmir xərcinin əvəzi qismində pulun tutulması tələbi təmin edilə bilməz. Digər tərəfdən, iddiaçının həmin təmir işlərini apardığını təsdiqləmək sübut qismində təqdim etdiyi şahid ifadələrinin məzmunları bir-biriylə ziddiyyət təşkil edir. Belə ki, həmin ifadələr mübahisəli mənzildə döşəmədəki taxtaların dəyişdirilməsi, işlərin görülməsi tarixləri, dövrü və müddətləri, onlara ödənilən əmək haqqı məbləği və ödənilməsi üsulunda üst-üstə düşmür. Bundan başqa, əvəzinin tələb edildiyi tikinti materiallarının iddiaçı tərəfindən satın alınması və (ya) dəyəri həmin ifadələrlə təsdiqlənmir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar