Məhkəmə qərarları › İş №2(125)-1346/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1346/2023

13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1346/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsində iddiaçının payının müəyyən edilməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X.M.Əkbərov iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Gəncə şəhəri, Atatürk prospekti 127/10Q ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsində iddiaçının, ½ hissəsinə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X.M.Əkbərov iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı Cavabdehla 20 avqust 1993-cü il tarixdə ailə qurmuşdur və 25 fevral 2021-ci il tarixdə aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Birgə yaşadıqları dövrdə, ünvan 4 saylı qeyri-yaşayış binasını əldə etmişlər və 27 mart 2013-cü il tarixdə həmin əmlakı Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin əmlak tərəflərin birgə nikah dövründə əldə edildiyinə görə onların ümumi əmlakıdır. Buna görə də, iddiaçının həmin əmlakın ½ hissəsi üzərində mülkiyyət hüququ tanınmalıdır. Sonda X.M.Əkbərov iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 21 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh iddia tələbini etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-912/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 avqust 1993-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsində 356 akt nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 360244 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 06 oktyabr 2020ci il tarixdə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 dekabr 2022-ci il tarixli, **********12 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 000116 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Sofulu küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 27,1 kvadrat metr olan 19 saylı bərbərxana Cavabdeh, X4, X3 mülkiyyətlərinə verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-03-488 nömrəli alqı-satqı müqaviləsinə əsasən 27,1 kvadrat metr ümumi sahəsi olan bu əmlakın 13,55 kvadrat metr hissəsi X7 və X1. Cavabdeh ünvan 2 ünvanda yerləşən bu qeyri-yaşayış sahəsinə xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 001370 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 14 kvadrat metr torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Gəncə şəhəri baş memarı tərəfindən Cavabdeh bu obyektə dair xx.xx.2011-ci il tarixli razılaşdırılmış eskiz-layihə verilmişdir. Obyektin dövlət qəbulu komissiyası tərəfindən xx.xx.2012-ci il tarixə istismara qəbul edilməsi aktı təsdiq edilmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 848 saylı sərəncamına əsasən Atatürk prospekti, 10A nömrəli binanın şimal-şərq tərəfində inşa edilmiş 23,4 kvadrat metr tikintialtı sahədən, 20,2 kvadrat metr faydalı sahədən ibarət bərbərxananın istismara qəbul edilməsi aktı təsdiq edilmiş və Cavabdeh adına qeydiyyata alınmasına qərar verilmişdir. Cavabdeh ünvan 3 ünvanda 0,0014 hektar torpaq sahəsində yerləşən 20,2 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış binasına xx.xx.2013-cü tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli əmlak həqiqətən də tərəflərin nikahda olduqları müddətdə əldə edilmiş və hazırda cavabdehin adına dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, əksi sübuta yetirilənə qədər nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə qazancı hesabına əldə edilmiş ümumi əmlak olması ehtimal olunur. Tərəflər yekun olaraq bu halı məhkəmədə mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən mübahisəli əmlaka tərəflərin payları bərabər müəyyən edilməlidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə qeyd olunanlarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, iddia təmin olunmalı, tərəflərin birgə nikah dövründə əldə etdiyi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ (ikidə bir) hissəsində İddiaçı, ½ (ikidə bir) hissəsində isə Cavabdehnın payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış, Gəncə şəhəri, Atatürk prospekti, 127/10Q ünvanında yerləşən qeyri-yaşayış binasının (xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış) ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar