Məhkəmə qərarları › İş №2(125)-139/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-139/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-139/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Mammadov Anarın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mammadov Anar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 413000 İsveç kronu (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pulun və 285 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, tərəflər əvvəllər faktiki nikahda olmuş, nikahlarını sonradan rəsmiləşdirmişlər. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-187/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 293 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının atası X8 qarşı əmlak və pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən İsveç Krallığında əmək fəaliyyəti ilə məşğul olmuş, aylıq əmək haqqı 2500-3000 Avro arasında olmuşdur. O, İsveç Krallığından dörd uşağa görə, həm də tək ana olduğuna görə aldığı pullar hesabına və aylıq əmək haqqından olan məvacibə görə kapital kimi 2014-cü ilin avqust ayından qızıllar almağa başlamış, həmin qızılların bir qismi çəkisi 87,3 qram, əyarı 750 olan boyunbağını və çəkisi 30,4 qram olan, əyarı 750 olan qolbağını 2014-cü ilin avqust ayında, bir qismini isə 2016cı ilin aprel ayında qaynanası Gülzar İbrahimzadənin vəfatının birinci il dönümünü qeyd etmək üçün Azərbaycana gələrkən qaynatası X1 üçün çəkisi 1195,1 qram, əyarı 750 olan bel kəmərini, çəkisi 109 qram, əyarı 750 olan boyunbağını, çəkisi 587,2 qram, əyarı 750 olan bel kəmərini, çəkisi 532,9 qram, əyarı 750 olan boyunbağını vermişdir. 2018-ci ildə qəti qərara gəlmişlər ki, Azərbaycan Respublikasına köçsünlər və ona görə də İsveç bankından götürdüyü 95000 Avro vəsait hesabına alınmış yeni əşyalarını konteyner vasitəsi ilə Azərbaycan Respublikasına göndərmişlər. Həmin əşyalar 2019-cu ildə Azərbaycan Respublikasına çatmışdır. Həmin əşyalar Mahir Məmmədovun adına göndərilmişdir. Qeyd olunan əşyaların qiyməti 6125 ABŞ dolları təşkil edir. Həmin əşyalar Mahir Məmmədovun evi olan Gəncə şəhəri Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evinə yerləşdirilmişdir. Cavabdeh, müxtəlif vaxtlarda X13 Union vasitəsi ilə ümumilikdə 24968 ABŞ dolları və 22180 manat pul göndərmiş, həmin məbləğləri bankdan götürmüş olduğu 95000 Avro kreditdən göndərmişdir. Qeyd olunan vəsait evin təmiri üçün göndərilmişdir. 23 iyun 2021-ci il tarixdə Mahir Məmmədov cavabdehin ona kapital kimi saxlamaq üçün verdiyi qızıl əşyalarından bir qismini və iddiaçıya hədiyyə kimi verilən qızıl-zinət əşyalarını BOKT "xxxx" QSC-yə girov qoymuşdur. Qeyd olunan qızıl-zinət əşyaları ilə yanaşı, «Western Union» vasitəsilə Mahir Məmmədova göndərdiyi 22180 manat və Azərbaycan manatına uyğun məzənnə ilə 24.968 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə Mahir Məmmədovdan alınıb ona verilməsinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə X4 22180 manat və 24968 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırkı ərizəsində qeyd edir ki, cavabdeh ilə uzun müddət qeyri rəsmi ərarvad münasibətində olmuşlar, uzun müddət İsveç Krallığında yaşamışdır. 2011-ci ildə cavabdehi yaşamaq üçün İsveç Krallığına aparmışdır. Cavabdeh İsveç Krallığında yaşayarkən uşaqlara görə uşaq pulu almış, həmin pulu uşaqların ehtiyacları üçün xərcləmiş, lakin o İsveç Krallığında hər hansı bir yerdə işləməmişdir. X14 işləmək üçün bütün dilləri bilmiş olsan belə birmənalı olaraq, İsveç dil kursunu bitirərək şəhadətnamə almaq mütləq lazımdır. Lakin cavabdeh İsveç Krallığında oranın dil kursunu bitirməmişdir. Cavabdeh 2006-cı ildən 2022-ci ilədək Gəncə şəhərində yerləşən Azərbaycan Pedoqoji Universitetində alman dili müəlliməsi işləmişdir. Cavabdeh Mahir Məmmədova qarşı məhkəmədə iddia qaldıraraq ərizəsində bildirmişdir ki, o İsveç Krallığından 2018-ci ildə 95000 Avro kredit götürmüş və həmin kreditin bir qismini hazırkı iddiaçının atasına müxtəlif vaxtlarda Western Union vasitəsi ilə ümumilikdə 24968 ABŞ dolları və 22180 manat pul göndərmişdir. İddiaçı bildirir ki, atası Mahir Məmmədova cavabdehin ayrı-ayrı vaxtlarda göndərmiş olduğu pullar cavabdehə məxsus olmamış və həmin pullar iddiaçıya məxsus olmuşdur. Cavabdehin öz iddia ərizəsində qeyd etdiyi pullar göstərilən müddətlərdə iddiaçının hesabı olan ********** SEB Bankından cavabdehin hesabı olan **********0 SEB Bank hesabına köçürülmüş, cavabdeh də həmin pulları Western Union vasitəsi ilə iddiaçının atasına göndərmiş, həmin pulların çox hissəsi də 2019-cu ildə göndərilmiş, həmin vaxtı da cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi Gəncə şəhərinə yaşamaq üçün köçmüşdür. Belə ki, Azərbaycanda da olduğu kimi İsveç vətəndaşı hər hansı bank hesabından başqa bir ölkəyə Western Union vasitəsi ilə pul göndərilərkən yuxarı məbləğ göndərmək mümkün deyil, bu çirkli pulların yuyulması ilə bağlıdır. İddiaçı qeyd edir ki, ona məxsus olan bank hesabından çıxarışdan da görünür ki, o, 2018-2019cı illərdə biznes fəaliyyəti ilə əlaqədar olaraq müxtəlif vaxtlarda müxtəlif insanların bank hesabına bir çox pullar keçirmişdir. Cavabdehin iddia etdiyi İsveç bankından götürmüş olduğu 95000 Avro pul vəsaitinə və həmin vəsaitə alınmış qiymətli əşyalar İsveç höküməti tərəfindən müsadirə olunaraq üzərlərinə həbs qoyulmuşdur, həmin əmlakların özünə məxsus olması və həbsin götürülməsinə dair cavabdehin şikayətləri İsveç məhkəməsi tərəfindən təmin edilməmişdir. Bundan əlavə, məhkəmə prosesində iddiaçının atası Mahir Məmmədov iddiaçıya məxsus bank hesabından çıxarışı təqdim etmiş və həmin çıxarışdan da aydın olmuşdur ki, 2018-ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək iddiaçı cavabdehə 615249 (altı yüz on beş min iki yüz qırx doqquz) İsveç kronu göndərmiş, həmin məbləğ isə 61524 (altmış bir min beş yüz iyirmi dörd) ABŞ dolları təşkil etmişdir. Sözügedən bank hesabından çıxarışdan da aydın olur ki, cavabdehdən Mahir Məmmədova göndərilmiş pul vəsaiti cavabdehin öz şəxsi pulu yox, həmin pul vəsaiti iddiaçıya məxsus olmuşdur. Lakin buna baxmayaraq məhkəmə təqdim edilmiş sübutlara qiymət verməmişdir. Cavabdeh məhkəmə iclasında dediyinə görə guya həmin pulu atasına verməsinin səbəbini atasının mülkiyyətində olan Gəncə şəhəri, Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evinin təmiri üçün verdiyini, atası da buna görə öhdəlik götürərək həmin evi cavabdehə verəcəyini söz vermişdir. Halbuki, atası belə bir öhdəlik götürməmiş, bundan əlavə həmin evin əsaslı təmir işləri 2017-ci ildən başa çatmışdır. Cavabdeh iddia ərizəsində 2018-ci ildə Azərbaycan Respublikasına qayıtdığını bildirmiş və Gəncə şəhəri Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evində yaşamışdır. Əgər Gəncə şəhəri Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evində təmir tikinti işləri gedirdisə, cavabdeh uşaqları ilə birlikdə həmin ünvanda necə yaşamışdır? Halbuki, cavabdeh sözügedən iddia ərizəsində iddiaçının atasına 2018-2019-cu illərdə vermiş olduğu pulları Gəncə şəhəri Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evinin tikintisi üçün verdiyini bildirmişdir. Buradan da açıq aydın görünür ki, Mahir Məmmədova cavabdehin vermiş olduğu pullar şəxsi mülkiyyətində olan pul vəsaiti olmamış, həmin pullar iddiaçıya məxsus olmuşdur. Sözügedən iş üzrə məhkəmə iclasında Mahir Məmmədovun nümayəndəsi cavabdehin nümayəndəsinə bank hesabından çıxarışın təqdim edilməsini xahiş etsə də, cavabdehin nümayəndəsi həmin çıxarışı məhkəməyə təqdim etməyəcəyini bildirmişdir. Bundan başqa, cavabdeh nikahın pozulması və aliment tələbinə dair məhkəmədə iddia qaldırarkən iddia ərizəsində 2011-ci ildən iddiaçının biznes fəaliyyəti ilə məşğul olmasını və gəlirinin yüksək olmasını qeyd etmişdir. Buradan da belə sual ortaya çıxır. Əgər iddiaçının biznes fəaliyyəti ilə məşğul olaraq imkanı yüksəkdisə, onda niyə o, yox cavabdeh Gəncə şəhəri Qaraməmmədli yaşayış sahəsində yerləşən 21 saylı fərdi yaşayış evində təmir tikinti işləri üçün iddiaçının atasına pul verir?. Hazırkı iddia ərizəsində qeyd edilir ki, iddiaçının hesabı olan ********** SEB Bank hesabından cavabdehin hesabı olan **********0 SEB Bank hesabına 21 may 2018-ci ildə 54000 İsveç kronu, 22 may 2018-ci ildə 60000 və 45450 İsveç kronu, 12 iyun 2018-ci ildə 20400 İsveç kronu, 14 iyun 2018-ci ildə 80000 İsveç kronu, 21 iyun 2018-ci ildə 2700 və 97000 İsveç kronu, 25 iyun 2018-ci ildə 48500 İsveç kronu, 25 iyun 2018-ci ildə 1422 İsveç kronu, 28 iyun 2018-ci ildə 4438 İsveç kronu, 13 iyul 2018-ci ildə 9907 İsveç kronu, 16 iyul 2018-ci ildə 5000 İsveç kronu, 23 iyul 2018-ci ildə 3000 İsveç kronu, 25 iyul 2018ci ildə 10000 İsveç kronu, 27 iyul 2018-ci ildə 3000 İsveç kronu, 02 avqust 2018-ci ildə 9600 İsveç kronu, 06 avqust 2019-cu ildə 996 İsveç kronu, 13 avqust 2019-cu ildə 250, 250 və 39000 İsveç kronu pul göndərmişdir. İddiaçı qeyd edir ki, ümumilikdə cavabdehin hesabına 21 may 2018-ci ildən 13 avqust 2019-cu ilədək 494883 İsveç kronu göndərilmişdir, həmin pullardan cavabdeh iddiaçının atası Mahir Məmmədova yalnız 413000 İsveç kronunu göndərmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, cavabdehin iddiaçının atasına göndərdiyi pul vəsaiti İsveç bankından almış olduğu 95000 Avro puldan yox, onun cavabdehin bank hesabına göndərdiyi pul vəsaitinin hesabına olmuşdur. Çünki cavabdehin mal və pul varlığı İsveç höküməti tərəfindən müsadirə edilərək üzərinə həbs qoyulmuşdur. Cavabdehin ona məxsus olan pul vəsaitini atasından almasını iddiaçı əsassız varlanma hesab edir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi, əlavə etdi ki, hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının atası Mahir Məmmədovdan cavabdehin xeyrinə tutulan 22180 manat və 24968 ABŞ dolları məbləğində pul vəsaiti əslində iddiaçının cavabdehə verdiyi və hazırda tələb etdiyi pul məbləğidir, ona görə də həmin pul vəsaitini iddiaçı cavabdehdən tələb edir. Anar Mammadov sözügedən mülki işdən məlumatlı olmuş, lakin bankdan müvafiq sənədləri əldə etmədiyindən həmin işə qoşulmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X8 qarşı qızıl-zinət əşyaları, həmin əşyalar olmadıqda isə onların dəyəri və pul tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh X4 22180 (iyirmi iki min bir yüz səksən) manat və 24968 (iyirmi dörd min doqquz yüz altmış səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1639/23 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin dəyəri 2000 manat, çəkisi 20 qram, əyarı 750 olan boyunbağı, dəyəri 3040 manat, çəkisi 30,4 qram, əyarı 750 olan qolbağ, dəyəri 6370 manat, çəkisi 63,7 qram, əyarı 750 olan qolbağ və dəyəri 6000 manat, çəkisi 60 qram, əyarı 750 qolbağın cavabdeh X4 alınıb iddiaçı Cavabdeh verilməsinin təmin edilməməsi hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, cavabdeh X4 dəyəri 2000 manat, çəkisi 20 qram, əyarı 750 olan boyunbağı, dəyəri 3040 manat, çəkisi 30,4 qram, əyarı 750 olan qolbağ, dəyəri 6370 manat, çəkisi 63,7 qram, əyarı 750 olan qolbağ və dəyəri 6000 manat, çəkisi 60 qram, əyarı 750 qolbağ və ya onların dəyəri alınıb iddiaçı Cavabdeh verilməsi, qətnamə dəyəri 8730 manat, çəkisi 87,3 qram, əyarı 750 olan boyunbağı, dəyəri 119510 manat, çəkisi 1195,1 qram, əyarı 750 olan bel kəməri, dəyəri 10100 manat, çəkisi 101 qram, əyarı 750 olan boyunbağı, dəyəri 58720 manat, çəkisi 587,2 qram, əyarı 750 olan bel kəməri, dəyəri 53290 manat, çəkisi 532,9 qram, əyarı 750 olan boyunbağı, dəyəri 1000 manat, çəkisi 10 qram, əyarı 750 qolbağın təmin edilməməsi, eləcədə cavabdeh X4 22180 (iyirmi iki min bir yüz səksən) manat və 24968 (iyirmi dörd min doqquz yüz altmış səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, iddiaçı Cavabdeh xeyrinə tutulması hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-114/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1639/2023 nömrəli, 07 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, İsveç Sosial Sığorta Agentliyi, eləcə də Sığorta Fondu tərəfindən verildiyi və Azərbaycan dilinə tərcümə edildiyi qeyd edilən A4 vərəqlərindən ibarət sənədlərdən və lazımi qaydada təsdiqlənməmiş, kserosurət olan, ingilis dilində tərtib edilmiş SEB adlanan hesabdan çıxarışlara görə, iddiaçı Mammadov Anarın **********, eləcə də 5287-02 099 08 nömrəli SEB Bank hesabından Cavabdeh **********0 nömrəli SEB Bank hesabına xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 615249 (altı yüzon beş min iki yüzqırx doqquz min) kron göndərilmişdir və həmin məbləğ 61524 (altmış bir min beş yüz iyirmi dörd) ABŞ dolları təşkil edir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1, 443.0.6 və 443.0.8-ci maddələrinin tələbinə görə Azərbaycan Respublikasnın məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə və iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə işlərə baxmağa haqlıdır. Məhkəmə, İsveç Krallığının vətəndaşı olan iddiaçı Mammadov Anarın Azərbaycan Respublikasında yaşayış yeri olmasını, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərməsini, Cavabdeh Azərbaycan Respublikası vətəndaşı olmasını, habelə mübahisələndirilən hərəkətin Azərbaycan Respublikasının ərazisində baş verməsini nəzərə alaraq, hesab edir ki, tərəflər arasındakı əsassız varlanma münasibətlərindən irəli gələn hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Məhkəmə, iddiaçının əsaslandığı hallara və təqdim etdiyi sübutlara hüquqi qiymət və münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı hazırda tələb etdiyi pul vəsaitini Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4 Cavabdeh xeyrinə tutulan 22180 manat və 24968 ABŞ dolları məbləğində pul vəsaiti ilə əlaqələndirərək əslində həmin pul vəsaitinin ona məxsus olduğunu və onun tərəfindən cavabdehə göndərildiyini iddia edir və cavabdehin ona məxsus olan pul vəsaitini atasından almasını iddiaçı əsassız varlanma hesab edir. İddiaçı qeyd edir ki, ümumilikdə cavabdehin hesabına 21 may 2018ci ildən 13 avqust 2019-cu ilədək 494883 İsveç kronu göndərmişdir, həmin pullardan cavabdeh iddiaçının atası Mahir Məmmədova yalnız 413000 İsveç kronunu göndərmişdir, buradan da belə nəticəyə gəlmək olar ki, cavabdehin iddiaçının atasına göndərdiyi pul vəsaiti İsveç bankından almış olduğu 95000 Avro puldan yox, onun cavabdehin bank hesabına göndərdiyi pul vəsaitinin hesabına olmuşdur. Çünki cavabdehin mal və pul varlığı İsveç höküməti tərəfindən müsadirə edilərək üzərinə həbs qoyulmuşdur. İddiaçı bu halın təsdiqi kimi iş materiallarına “apellyasiya qərarları” adlanan A4 vərəqləri təqdim etmişdir. Göründüyü kimi, iddiaçının iştirak etmədiyi başqa bir mülki iş üzrə məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial xarakter daşımasa belə, iddiaçı hazırkı tələbində həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halı mübahisələndirir. Bununla bağlı qeyd edilməlidir ki, hazırda qanuni qüvvədə olan həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, X11 mülkiyyətində olan Gəncə şəhəri, Qaraməmmədli yaşayış sahəsindəki evin təmir olunduqdan sonra Cavabdeh və onun övladlarına veriləcəyini bildirdiyinə görə, Cavabdeh tərəfindən M.H.Məmmədova müxtəlif vaxtlarda 22.180 manat və 24.968 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. Başqa sözlə, iddiaçının ona məxsus olduğunu iddia etdiyi sözügedən pul vəsaitinin Cavabdeh məxsus olması qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunur. Həmçinin, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumilikdə göndərilən 24.968 ABŞ dolları və 22.180 manatın X10 Məmmədova məxsus olması barədə Mahir Məmmədovun apellyasiya şikayətinin dəlillərini kollegiya əsaslı saymır. Belə ki, işə əlavə olunmuş pul köçürmələrindən müəyyən olunur ki, Mahir Məmmədovun adına müxtəlif vaxtlarda ümumilikdə göndərilən 24.968 ABŞ dolları və 22.180 manat Cavabdeh tərəfindən onun bank hesabına köçürülmüşdür. Həmçinin, Mahir Məmmədovun bu arqumenti kassasiya instansiyası məhkəməsi tərəfindən də qəbul edilməmişdir. Beləliklə, başqa məhkəmə qətnaməsi ilə qiymət verilən halın hazırkı iş üzrə iddianın dəlili ilə təkzib edilməsi yolverilməzdir və hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bu dəlillərini həmin mülki iş üzrə müraciət edib təqdim edə bilərdi. Belə ki, hazırkı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, Anar Mammadovun sözügedən işdən məlumatlı olduğunu, lakin bankdan müvafiq sənədləri əldə etmədiyindən həmin işə qoşula bilmədiklərini qeyd etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının atasının iştirak etdiyi mülki işdən xəbərsiz olması ümumiyyətlə ağlabatan deyil. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona məxsus olan pul vəsaitini atasından almasını və bununla da əsassız varlandığını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərdiyi pul vəsaitinin ona məxsus olduğunu, qanunsuz və əsassız olaraq cavabdehdə qaldığını təsdiq edən mötəbər sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq isə iddiaçı, İsveç Sosial Sığorta Agentliyi, eləcə də Sığorta Fondu tərəfindən verildiyi və Azərbaycan dilinə tərcümə edildiyi qeyd edilən A4 vərəqlərindən ibarət sənədlər və lazımi qaydada təsdiqlənməmiş, kserosurət olan, ingilis dilində tərtib edilmiş SEB adlanan hesabdan çıxarışlar təqdim etmişdir ki, bu sənədlər hazırkı iş üzrə mötəbər sübut sayılmır. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, cavabdehin iddiaçının pul vəsaitini, hər hansı qanuni və müqavilə əsası olmadan, əldə etməklə əsassız varlandığı iş materiallarından görünmür. Ona görə də məhkəmə MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Mammadov Anarın Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Mammadov Anarın Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar