Məhkəmə qərarları › İş №2(125)-1411/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1411/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1411/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 56 qram çəkidə 583 əyyarlı “Maktaym” kişi qol saatı bilərziyi ilə birlikdə alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 1 ildir ki, tanıyır. 28 dekabr 2023-cü ildə Cavabdeh ona zəng edərək ondan pul istəmişdir. O, Hüseynə pulunun olmadığını, mərhum atasından yadigar qalmış 1 ədəd, 56 qramlıq qızıl saatının olduğunu bildirmişdir. Hüseyn də ondan həmin saatı istəyərək lombarda qoyacağını demiş və ona 10 yanvar 2024-cü il tarixdə qızıl saatı qaytaracağına söz vermişdir. O, da Hüseynlə razılaşmış və bir ədəd 56 qram çəkidə ümumi dəyəri həmin dövrdə təxminən 5000 manat olan qızıl saatı Hüseynə vermişdir. 09 yanvar 2024-cü il tarixdə Hüseynə zəng edərək sabah qızılı qaytarmaq vaxtı olduğunu bildirmiş, Hüseyn də ona 10 yanvar 2024-cü il tarixdə gətirəcəyini demişdir. Bundan sonra, 20 yanvar 2024-cü il tarixdə o, Hüseynə zəng etmiş, lakin Hüseyn cavab verməmişdir. 21 yanvar 2024-cü ildə Gəncə şəhəri 6 saylı orta məktəbin yanında yaşayan Hüseynin nənəsinin evinə getmiş, həmin vaxt Hüseyn narahat olmuş və növbəti gün gəlib götürməyini demişdir. Həmin gün axşam saatlarında Hüseyn SMS yazaraq qızıl saatı qaytara bilməyəcəyini demiş və yanvar ayının sonunda qaytaracağını bildirmişdir. Yanvar ayının sonunda Hüseynlə əlaqə saxlayan zaman qızıl saatını Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Sizin” lombarda - Bəhruz adlı şəxsə verdiyini demiş və fevral ayının sonuna kimi ondan vaxt istəmişdir. Lakin fevral ayı bitməsinə baxmayaraq, Hüseyn qızıl qol saatını qaytarmamış, onunla əlaqə saxlayanda qızıl qol saatının Bakı şəhərində olduğunu, onu gətirmək üçün Bakı şəhərinə getdiyini bildirmişdir. Bundan sonra, aprel ayının sonuna kimi qızıl qol saatını qaytaracağını bildirmişdir. Hüseynin onu aldatdığını gördükdə qızıl saatının qaytarılmasına kömək edilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsində Cavabdeh saatın onda olduğunu etiraf etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra o, rəis müavininin qəbulunda olmuş, bundan sonra qızıl saatın lombardda olmadığı, Gəncə Univermağda bir nəfərə çox ucuz qiymətə satdığı, bütün polis işçilərini aldatdığı məlum olmuşdur. Cavabdehdən tələb emişlər ki, saat üçün aldığı pulu gətirib versin, saatı geri götürsün, lakin Hüseyn bunu etməmişdir. Cavabdehin mövqeyi təsdiq edir ki, Hüseyn onun mülkiyyətində olan qızıl saatı qaytarmaqdan imtina edir. İddiaçı iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21,2-ci və 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə istinad etmişdir. Daha sonra İddiaçı “iddia tələbini dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh 56 qram çəkidə, 583 əyyarlı “Maktaym” markalı qızıl saatın bilərziyi ilə birlikdə naturada, naturada alınması mümkün olmadıqda isə həmin saatın dəyəri olan 4400 (dörd min dörd yüz) manat Cavabdeh tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini və rədd olunmasını xahiş edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İ-48438 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Fərdi sahibkar X4 tərəfindən əşyanın qiymətləndirilməsi barədə verilmiş arayışdan görünür ki, 11 mart 2025-ci il tarixə 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatının bazar dəyəri 4400 manatdır. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin 22 mart 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. X1 mülki tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarda əks olunan Cavabdeh izahatından görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı onun qohumudur, onu uzun müddətdir ki, tanıyır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin dekabr ayında ona pul lazım olduğu üçün o, Urxandan borca pul istəmişdir. Urxan ona pulunun olmadığını bildirmiş, lakin onda mərhum atasından qalmış 56 qramlıq qızıl kişi qol saatının olduğunu demişdir. Urxan təklif etmişdir ki, həmin qızılı satsınlar. Lakin o, Urxanı saatın mərhum atasından yadigar qaldığı üçün satması fikrindən daşındırmışdır. Bunun əvəzində həmin qızıl saatı lombarda girov qoyub pul götürməklərini təklif etmişdir. 2023-cü ilin dekabr ayının axırlarında o, Urxanın ona verdiyi qızıl saatı lombarda qoyub 2800 manat pul götürmüşdür. O, Urxana həmin saatı 2024-cü ilin yanvar ayında lombardan çıxarıb qaytaracağını demişdir. Belə ki, 2024cü ilin yanvar ayında ona pul gələcəkdir. Lakin ona pul gəlmədiyi üçün o, saatı lombardan çıxarda bilməmişdir. Həmin saatın aylıq ödənişini hər ay lombarda vaxtı-vaxtında ödəyir və xx.xx.2024-cü il tarixdə o, Urxanın qızıl saatını lombardan çıxarıb özünə qaytaracaqdır. O, həmin saatı lombarda qoyub pul götürdüyündən Urxana 200 manat pul da vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh tanışdırlar. 28 dekabr 2023-cü ildə cavabdeh iddiaçıya zəng edərək ondan pul istəmişdir. Lakin İddiaçı Cavabdeh pulunun olmadığını, mərhum atasından yadigar qalmış 1 ədəd, 56 qramlıq “Maktaym” markalı kişi qızıl saatının olduğunu bildirmişdir. Hüseyn də ondan həmin saatı istəyərək lombarda qoyacağını demiş və ona 10 yanvar 2024-cü il tarixdə qızıl saatı qaytaracağına söz vermişdir. İddiaçı, da cavabdehlə razılaşmış və bir ədəd 56 qram çəkidə ümumi dəyəri 4400 manat olan “Maktaym” markalı kişi qızıl saatını Hüseynə vermişdir. 09 yanvar 2024-cü il tarixdə iddiaçı cavabdehə zəng edərək sabah qızıl saatı qaytarmaq vaxtı olduğunu bildirmiş, Hüseyn də ona 10 yanvar 2024-cü il tarixdə gətirəcəyini demişdir. Bundan sonra cavabdeh iddiaçıya həmin əşyanı qaytarmamışdır. Bundan sonra iddiaçı cavabdeh barəsində polis orqanlarına müraciət etmiş, lakin aparılan araşdırmada cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməyərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl qol saatının mövcud olması və həmin əşyanın iddiaçı tərəfindən cavabdehə 10 yanvar 2024-cü il tarixədək əvəzsiz qaydada istifadə etməsinə verməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən qızıl qol saatının forması, quruluşu, dəyəri, başqa sözlə mövcudluğunu eləcə də həmin əşyanın cavabdehin müddətli əvəzsiz istifadəsinə verməsini və əşyanın cavabdehdə olmasını sübut etmişdir. Belə ki, həm iddiaçının məhkəmə iclasında verdiyi izahat, həm də cavabdehin polis idarəsində verdiyi izahatla, həmin xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapdığından məhkəmə həmin xüsusatları işin mübahisəsiz halları kimi qəbul edir. Lakin, Cavabdeh məhkəməyə ərizə yazaraq iddia tələbinin əsasız olduğundan rədd edilməsini xahiş etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin işin müəyyən edilmiş hallarını araşdıraraq hesab edir ki, fərdi sahibkar X4 tərəfindən əşyanın qiymətləndirilməsi barədə verilmiş arayışa əsasən 11 mart 2025-ci il tarixə 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatının bazar dəyəri 4400 manatdır. Həmin məbləği məhkəmə ağlabatan sayaraq, yuxarıda qeyd olunan qızıl-zinət əşyasının dəyəri barədə iddiaçının göstərdiklərini əsaslı və ağlabatan hesab edir. Bu səbəbdən, İddiaçı 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatının özünün, özü olmadıqda isə dəyərinin alınmasını cavabdehdən tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud iddia əsaslı olduğundan təmin edilməlidir. Başqa sözlə cavabdeh iddiaçıdan 28 dekabr 2023-cü il tarixdə əvəzsiz qaydada istifadə etməsi üçün 10 yanvar 2024-cü il tarixədək sonuncuya məxsus 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatını bilərziyi ilə birlikdə almış, lakin onlar arasında olan sövdələşmə bitdikdən sonra cavabdeh iddiaçının həmin əşyasını geri qaytarmamışdır. Hazırda iddiaçıya məxsus qeyd olunan qızıl qol saatı cavabdehin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 4400 (dörd min dörd yüz) manat dəyərində 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatı bilərziyi ilə birlikdə naturada alınıb İddiaçı verilməli, naturada alınması mümkün olmadıqda isə həmin saatın dəyəri Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan 64 (altmış dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat dəyərində 1 ədəd 583 əyyarlı qızıldan çəkisi 56 qram “Maktaym” markalı, Leninqrad istehsalı kişi saatı bilərziyi ilə birlikdə naturada alınıb İddiaçı verilsin, naturada alınması mümkün olmadıqda isə həmin saatın dəyəri olan 4400 (dörd min dörd yüz) manat Cavabdeh tutulub İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan 64 (altmış dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar