Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-144/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 1.000 manat, mənəvi zərərin əvəzi qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17, 4-cü mərtəbədə yerləşən 43 nömrəli mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh isə həmin binanın 5-ci mərtəbəsində 45 nömrəli mənzildə yaşayır. Cavabdeh mənzili ona məxsus mənzilin üstündə yerləşir. Dörd ildən çox müddətdir ki, cavabdehə məxsus mənzilin hamamından onun mənzilinə davamlı olaraq su axır. Bunun nəticəsində onun mənzilinə xeyli ziyan dəymiş və mənzili bərbad vəziyyətə düşmüşdür. O, dəfələrlə Cavabdeh bu barədə bildirmiş və su axmasının qarşısının alınmasını tələb etmişdir. Lakin cavabdeh buna məhəl qoymamış, hətta əksinə onun ünvanına təhqiramiz sözlər işlətmişdir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün o aidiyyəti orqanlara da müraciət etmişdir. Gəncə şəhəri MKTİB-nin 6 nömrəli XS-i tərəfindən mənzilə baxış keçirilmiş, həqiqətən də cavadehin mənzilindən ona məxsus mənzilə su axması müəyyən olunmuş və bu barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də bundan heç bir nəticə çıxarmamışdır. Su axması nəticəsində evin divarları nəmlənərək çatlamış, divar kağızları qopmuş, qapı çərçivələri zədələnmiş, elektrik xətləri ziyan görmüş və təhlükə yaratmış, elektrik lampaları xarab olmuş, ayaqyolunun kafeli çatlamış, qaz borusu yararsız vəziyətə düşmüş, axan su hamamda su qızdırıcısının üzərinə axmaqla ziyan vurmuş və təhlükə yaratmış, həmçinin su krantları paslanaraq yarasız vəziyyətə düşmüşdür. Nəticədə ona xeyli miqdarda maddi və mənəvi ziyan da dəymişdir. Həmçinin cavadehin hamamından onun mənzilinə daimi olaraq çirkli su axır, mənzili, əşyaları çirklənir, bu hal da onda əsəb gərginliyi, mənəvi sarsıntı yaradır. O, özünə məxsus mənzildə rahat yaşaya bilmir. Buna görə o, hesab edir ki, cavabdeh ona vurduğu mənəvi ziyanı ödəməlidir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən, 17 nömrəli binanın 45 nömrəli mənzilində yaşayır. İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının mənzilinə su onun mənzilindən deyil, binanın damında yerləşən su çənlərindən axır. Həmin çənlərdən su axaraq onun mənzilinin divarlarında da nəmlik yaratmışdır. Buna görə iddiaçının mənzilinə vurulmuş maddi ziyanla əlaqədar onun heç bir təqsiri yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 kv/m olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ 01 iyul 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 09 mart 2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanının sahibi X1 şifahi şikayəti əsasında mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 4-cü mikrorayon, bina 17, mənzil 45 ünvanından 43 nömrəli mənzilin vanna otağına su tökülməsi müşahidə olunmuşdur. Mənzil sahibinin verdiyi şifahi məlumata görə, bu hadisə dəfələrlə olmuşdur. 45 nömrəli mənzilin sahibi 43 nömrəli mənzilə baxmağa dəvət edilmişdir, lakin o mənzilə baxmaqdan imtina etmişdir. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli xidmət sahəsinin xəbərdarlığından görünür ki, Cavabdeh yaşadığı mənzildən 4-cü mərtəbədə yerləşən 43 nömrəli mənzilə su axıtmışdır. Bu haqda mənzilin sahibi X3 ərizə ilə müraciət etmişdir. Belə hadisə bir neçə dəfə baş vermişdir. Nəticədə həmin mənzilin hamam və tualetinin divarlarına su axıb ziyan dəymişdir. Cavabdeh xəbərdarlıq edilmişdir ki, 43 nömrəli mənzilə su axması müşahidə olunarsa, onun haqqında akt yazılacaq və məhkəməyə təqdim olunmaq üçün İddiaçı təqdim olunacaqdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-154/2009 nömrəli, 11 dekabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı X4 qarşı yaşadığı mənzilə su axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin alınıb onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 vurulmuş maddi zərərə görə 1.347 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan 11 oktyabr 2022-ci il tarixli, 10/3748 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 17 nömrəli evin 43 nömrəli mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Gəncə şəhər MKTİB-nin 6 saylı XS-ın əməkdaşları tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayon, 4-cü mikrorayonda yerləşən 17 nömrəli evin 43 nömrəli mənzilinə yuxarı mərtəbədəki 45 nömrəli mənzildən suyun sızması müəyyən olunur. Lakin 45 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış mümkün olmamış və bu səbəbdən də 43 saylı Mənzilə dəymiş ziyanın texniki səbəbini və suyun sızmasının həmin binanın 45 saylı mənzilinin üzərində (binanın damında) yerləşən su çənləri ilə səbəbli əlaqəsinin olub-olmamasının müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Kəpəz rayon, 4-cü mikrorayonda yerləşən 17 nömrəli evin 43 nömrəli mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 882 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan 03 may 2023-cü il tarixli, 10/26 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 17 nömrəli binanın 45 nömrəli mənzilinin su və kanalizasiya xətlərinin gözlə görünə bilən hissələrində hər hansı qüsurun olmadığını, iddiaçının mənzilinin konstruktiv elementlərində mövcud olan qüsurların eyniliklə cavabdehin mənzilinin həmin konstruktiv elementlərinin üzərində və eyni hissələrdə mövcüd olduğunu, damda müxtəlif ölçülü su çənlərinin də olmasını, həmin su çənlərinin xətlərinin gözlə görünə bilən hissələrində heç bir qüsur olmadığını, eləcə də çənlərin yerləşdiyi mərtəbənin döşəməsində hər hansı nəmlik olmadığını nəzərə alaraq, Gəncə şəhəri, Kərəz rayonu, 4-cü mikrorayonda yerləşən 17 nömrəli binanın 43 nömrəli mənzilinə suyun sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin, tədqiq olunan mənzildə aşkar edilmiş qüsurların su sızmaya xarakterik olduğunu, eyni növ qüsurların hər iki mənzildə eyni hissələrdə olmasını nəzərə alaraq, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 17 nömrəli binanın 43 nömrəli mənzilinə suyun sızmasına binanın damında quraşdırılmış su çənlərindən nəzarətsiz istifadə olunması səbəb ola bilər. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli xidmət sahəsinin 25 fevral 2023-cü il tarixli aktından görünür ki, 45 nömrəli mənzilə əvvəllər su axmışdır. Nəticədə divarda vurulmuş divar kağızlarının uc hissələri qopmuşdur və təxminən 80 sm-lik gips təzələmişdir. Baxış zamanı su axmamışdır. Binanın dam örtüyünün üstünə çıxılıb araşdırma aparılmışdır. Məlum olmuşdur ki, 40 nömrəli mənzilə aid olan su çəninin bağlanc hissəsində nasazlıq vardır. Buna görə dam örtüyünə su axmışdır və həmin ətrafa qoyulmuş su çənlərinin alt hissələri su ilə islanmışdır. 40 nömrəli mənzilin sahibinə su çənini tezliklə nizama salması haqqında telefonla məlumat verilmişdir. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli xidmət sahəsinin 01 mart 2023-cü il tarixli, 02 nömrəli bildirişdən görünür ki, 40 nömrəli mənzilin sahibinə ona aid su çənində nasazlıq olduğu barədə məlumat verilmişdir. Sonra nasazlıq aradan qaldırılmışdır və hazırda su axmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) əlaqədar məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən, 17 nömrəli binanın 43 nömrəli mənzilində, Cavabdeh isə 45 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayırlar. İddiaçın cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən, 17 nömrəli binanın 45 nömrəli mənzilinə zərər vurulduğunu iddia etmiş, lakin İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, mülki iş materiallarında olan 03 may 2023-cü il tarixli, 10/26 nömrəli ekspert rəyindən də göründüyü kimi, su sızması nəticəsində yaranmış eyni növ qüsurlar həm iddiaçının, həm də cavabdehin mənzilində eyni hissələrdə aşkar edilmişdir. Bu və digər xüsusatları nəzərə alaraq, ekspert suyun sızmasına binanın damında quraşdırılmış su çənlərindən nəzarətsiz istifadə olunmasının səbəb ola biləcəyi qənaətinə gəlmişdir. Bundan başqa, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli xidmət sahəsinin 25 fevral 2023-cü il tarixli aktında isə binanın damında yerləşən 40 nömrəli su çənində nasazlıq olduğu və buna görə də 45 nömrəli mənzilə su axdığı, həmçinin binanın damında 11 ədəd su çəni olduğu göstərilmişdir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-mikrorayonda yerləşən 17 nömrəli evin 43 nömrəli mənzilinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi zərər vurulmamış, cavabdehə aid olmayan su çənlərindən su sızması nəticəsində həm onun özünə, həm də iddiaçıya maddi zərər dəymişdir. Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 300 manat pul tələbinə dair hissədə də əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı və əsəb gərginliyi keçirdiyini iddia etsə də, cavabdehin təqsirli hərəkətləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 1.000 manat, mənəvi zərərin əvəzi qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 1.000 manat, mənəvi zərərin əvəzi qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-144/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-144/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver