Məhkəmə qərarları › İş №2(125)-1534/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1534/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1534/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X35 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı onun vəkili (eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi və vəkili) X6, müstəqil tələb irəli sürən üçüncü şəxs X10, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər X10, X9 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisi) qarşı “mirasın faktiki qəbul edilməsi və payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər X10, X9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisi) qarşı “mirasın faktiki qəbul edilməsi və payın müəyyən edilməsi” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X12 qanun üzrə 1-ci növbə vərəsəsi tanıyıb, mirasın onun tərəfindən qəbul edilməsini nəzərə alıb, cavabdehin mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürməsi səbəbindən miras əmlak üzərində bütövlüklə qanun üzrə vərəsə kimi hüquqlarının tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 18 aprel 2023-cü il tarixində keçirilən hazırlıq iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, miras əmlak olan ünvan 1 ünvanının onun tərəfindən qəbul edildiyi üçün miras əmlak üzərində bütünlüklə onun hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 mərhum atası X12 adınadır. Atası 2013-cü ildə rəhmətə getmişdir. Atası rəhmətə gedəndən sonra miras mənzili o və anası Brilyant qəbul etmişdir. Cavabdeh 2008-ci ildə Bakı şəhərinə ərə gedib miras açılandan 9 il sonra qayıdıb gəlmişdir. Mirasın qəbulu üçün 3 aylıq müddəti ötürmüşdür. O, miras mənzildə yaşayıb notariat kontoruna mirasın qəbulu ilə bağlı ərizə versə də, miras mənzildə yaşayıb mirasa sahiblik edib idarə etməklə qəbul etmişdir. Ancaq bu gün miras əmlak üzərində cavabdehlə mübahisəsi vardır. Ona görə də məhkəmə qaydası ilə miras əmlak qanun üzrə vərəsə kimi onu vərəsəlik hüququnu tanıyıb miras əmlakın qəbulu ilə bağlı nəzərdə tutulmuş 3 aylıq müddəti üzrsüz səbəbdən ötürdüyü üçün cavabdehin mirasa olan hüququndan məhrum edilməli və miras əmlak üzərində qanun üzrə vərəsə kimi mirası qəbul edib idarə etdiyi üçün bütünlüklə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 1 ünvanı mərhum atası X12 adınadır. Atası sağ olan zaman bacısı İddiaçı Gəncə şəhəri, Nizami küçəsi, 81 saylı binanın 16 saylı 4 otaqlı mənzilini almış və bacısı İddiaçı tələb etmişdir ki, mübahisəli mənzildən pasport qeydiyyatından çıxsın. Çünki atası hər dəfə bildirmişdir ki, mübahisəli olan mənzil ona məxsusdur. Həmin mənzili ona vəsiyyət etmiş və bütün bacıları, anası və qohum-əqrəbası da bunu bilmişdir. X34 03 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Atası xəstə olduğu müddət ərzində o, Bakı şəhərində ərdə olmuşdur. Lakin, atası xəstə olduğu müddətdə ailəli olmasına baxmayaraq, burada yaşayaraq atasının qayğısına qalmışdır. Atasının vəfatından sonra da miras mənzildə yaşamaqla vərəsəliyi qəbul etmişdir. Belə ki, atasının 40 mərasimindən bir neçə gün sonra hamamın qapısı qırılmışdır. Hamamın qapısını o, düzəltdirmişdir. Hətta atasının vəfatından sonra atasının evdə olan 4000 manat pulunu da o, götürmüşdür. Buna heç kəs etiraz etməmişdir. Hətta o, qapını düzətdirəndə hər kəs həmin qapının məhz onun tərəfindən düzəltdirilməli olduğunu da qeyd etmişdir. Bacıları və anası da bildirmişdir ki, “sənin evindir, qırılanıda sən təmir etdirməlisən”. Beləliklə, atası vəfat etdikdən sonra mirasn əmlak onun tərəfindən idarə edilmişdir. O, miras mülklə bağlı vərəsəliyi qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bakı şəhərində yaşasa da, ilin yay fəsillərində, bayramlarda atasından miras qalmış mənzildə olmuşdur. O, həmin mənzilə qonaq kimi deyil, ev sahibi kimi gəlmişdir. Onun ailə həyatı uzun sürməmişdir. Belə ki, övladının 2 yaşı olanda ayrılmışdır. Bu isə atasının ölümündən sonra olmuşdur. Onun övladı Gəncə şəhərində böyümüş, burada özəl bağçalara getmiş, birinci sinfə Gəncə şəhərindəki 4 saylı orta məktəbdə getmişdir. Özü bu illər ərzində Gəncə şəhərində fərdi əməklə məşğul olmuşdur. Mübahisəli mənzildə yalnız o, oğlu və anası yaşamışdır. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami küçəsi, 81 saylı binanın 16 saylı mənzilində yaşamışdır. Həmin mənzil mübahisəli mənzilə yaxın yerləşir. Magistral yolun bir tərəfində Aygünün mülkiyyətində olan və atası tərəfindən ona vərəsəlikdən imtinanın əvəzi kimi alınmış mənzil, digər tərəfində isə atasının mülkiyyətində olan miras mənzil yerləşir. İddiaçı keçən il heç kəsə heç bir məlumat vermədən qəflətən mülkiyyətində olan mənzili 67000 manata sataraq onunla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt elə düşünmüşdür ki, özünə başqa yerdən ev alacaqdır. Lakin, əksinə iddiaçı ona qarşı iddia qaldırmağa başlamışdır. İlk əvvəl ona təklif etmişdir ki, 42000 manata ona mənzil alsın və o yaşadığı, atası tərəfindən miras qalmış mənzildən çıxıb mənzili ona versin. O, bu təklifi qəbul etmədikdə isə məhkəmədə iddia qaldırmışdır ki, guya ki, o, 9 il sonra qayıtmış və vərəsəliyi qəbul etməmişdir. Hal-hazırda mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşayırlar. Odur ki, mərhum X34dan miras qalmış mənzili faktiki qəbul etməsi və miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X10 izahatında bildirdi ki, ünvan 1 mərhum əri X12 adınadır. Həmin ev əri sağ olan zaman dövlət tərəfindən ona bağışlanmışdır. Əri Tofiq 2013-cü ildə rəhmətə getmiş və onun ölümündən sonra miras qalmış əmlakı o, qızları Aygün, Təranə və Nərminə qəbul etmişdir. Bir qızı İradə isə ərinin vəfatından xeyli əvvəl yəni 1975-ci ildə vəfat etmiş, lakin həmin vaxt uşaq körpə olduğuna görə ona ölüm haqqında şəhadətnamə almamışlar. Odur ki, qızları ilə yanaşı onun da mərhum həyat yoldaşı Tofiq Kazımovdan miras qalmış mənzili faktiki qəbul etməsi və miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi (vəkil) X6 X31dan miras qalmış mənzili X5 faktiki qəbul etməsi faktının və miras payının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, atasının ölümündən sonra mübahisəli mənzildə yaşamasa da ondan qalmış evə mütəmadi olaraq gedib-gəlmişdir. Buna baxmayaraq, ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina edir və sonuncunun miras əmlak üzərində tam payının müəyyən olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizəyə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 617852 nömrəli, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 03 iyun 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 03 iyun 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 iyun 2013-cü il tarixdə 417 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi beyin ödemi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin 28 noyabr 2022-ci il tarixli, 1539 nömrəli məktubunda ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Notariat ofisinə təqdim edilmiş ərizədən və sənədlərdən görünür ki, vərəsəlik qanunla müəyyən edilmiş müdət ərzində qəbul edilməmiş və o cümlədən, vərəsələr arasında ünvan 3 ünvanında yerləşən əmlaka dair mübahisə mövcuddur. Belə olan halda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nizami rayonu, X37 küçəsində yerləşən, bina 149, mənzil 37 ünvanı şəxsi mülkiyyət hüququ əsasında vətəndaş X12 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 150 nömrəli arayışdan görünür ki, ünvan 1-də yaşayan İddiaçı atası X21 03 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra yuxarıda göstərilən ünvanda 1944cü il təvəllüdlü həyat yoldaşı Kazımova Brilyant 1994-cü il təvəllüdlü nəvəsi X24 yaşamışdır. Atası vəfat etdikdən sonra mənzilin kommunal xidmətlərini həyat yoldaşı X10 və qızı İddiaçı ödəmişdirlər. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Valideynləri atası - X21, Anası – X7r. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Valideynləri atası - X21, Anası – X8r. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kazımova Nərminə Tofiq qızı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Valideynləri atası - X21, Anası – X8r. Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 9 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X16 1 nömrəli qəbirstanlıqda xx.xx.1975-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Mehdi Mehdizadə adına 4 nömrəli X29 Məktəb-Lisey tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 160 nömrəli arayışdan görünür ki, 15 iyul 2011-ci il təvəllüdlü X4 şəhəri M.Mehdizadə adına 4 nömrəli X29 məktəb-liseyin rus bölməsinin 6 (altıncı)”E” sinif şagirdidir. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 39 nömrəli arayışdan görünür ki, ünvan 1-də yaşayan İddiaçı atası X21 03 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı ailə tərkibi vardır: həyat yoldaşı X10 və qızı İddiaçı. Yuxarıda adı göstərilən ünvanın kommunal xərclərini X10 və İddiaçı ödəmişlər. AZ-İİ seriyalı, 880329 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 15 iyul 2011-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – X17, anası – Cavabdehdır. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mərhum X3 Brilyant Eyyub qızı ilə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.1967-ci il təvəllüdlü İddiaçı, xx.xx.1969cu il təvəllüdlü Cavabdeh, xx.xx.1969-cu il təvəllüdlü X9 və X16 doğulmuşdur. X16 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. X1 isə 03 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Mirasqoyanın vəfatından sonra ünvan 1 ünvanı miras qalmışdır. X31 vəfat etdikdən sonra miras əmlak mərhumun birinci növbəli vərəsələri olan həyat yoldaşı Brilyant Kazımova, qızları Aygün və Cavabdehlar tərəfindən faktiki qəbul edilmiş və sonuncular miras əmlakda yaşamaqla miras kütləsini idarə etmişlər. Daha sonra İddiaçı mərhum atasından miras qalmış mənzili vərəsə olaraq öz adına keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 28 noyabr 2022-ci il tarixli, 1539 nömrəli məktubunda İddiaçı vərəsəliyi qanunla müəyyən edilən müddət ərzində qəbul etmədiyi və vərəsələr arasında miras əmlaka dair mübahisə olduğu üçün məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı mərhum X34dan miras qalmış ünvan 1 ünvanının tərəfindən faktiki qəbul edilməsi və sözügedən ünvana tam payının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X23 şəhəri, Heydər Əliyev prospekti, bina 149, mənzil 37 ünvanının tərəflərindən faktiki qəbul edilməsi və həmin ünvana paylarının müəyyən edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərminə İbrahimova isə miras əmlakdan ona çatası paydan İddiaçı xeyrinə imtina etdiyini və həmin payın İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilməsi baxımından mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. “G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiq edilməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin edilməsi məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın qəbulu dedikdə elə hərəkətlər başa düşülür ki, bu hərəkətlər vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüquqlarını hərəkətə keçirir və miras əmlakı qəbul etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, hüququdur. Bu o deməkdir ki, o, mirası qəbul edə bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu birincisi xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədi ilə həyata keçirilir, ikincisi o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyildir. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla formal üsulla və qeyriformal üsulla həyata keçirilir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsinin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olma niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbulu edilməsi, dedikdə vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə olan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Öz hüquqi hərəkətinə görə bu konludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətərlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyduğu evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Mülki Məcəllənin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Məhkəmə qeyd edir ki, iddiaçının miras qoyan X31la qohumluq bağının olması – qızı olması işin mübahisəsiz halıdır. İddiaçı mərhum X34dan miras qalmış mənzildə atası vəfat etdiyi vaxtdan yaşamış, istifadə etmiş və miras əmlakı idarə etmişdir. Eyni zamanda mərhum X34dan miras qalmış mənzili öz adına keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 28 noyabr 2022-ci il tarixli, 1539 nömrəli məktubunda İddiaçı bildirilmişdir ki, vərəsəliyi qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmiş və vərəsələr arasında miras əmlaka dair mübahisə mövcuddur. İşin bu halı da iddiaçının mirası faktiki qəbul etdiyini təsdiq edir, çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi həm də onun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etməsini nəzərdə tutur. Odur ki, İddiaçı mərhum atasından miras qalmış mənzili qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Lakin məhkəmə İddiaçı iddia ərizəsində bütövlükdə miras əmlakı faktiki qəbul etməsi və bütövlükdə payının müəyyən edilməsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Brilyant Kazımova da X26 vəfatından sonra ondan miras qalmış mənzildə yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və həmin əmlakı faktiki qəbul etmişlər. Eyni zamanda məhkəmə iclasında Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X10 da miras qalmış mənzilə paylarının müəyyən edilməsini xahiş etmişlər. Bu səbəbdən məhkəmə qeyd edir ki, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Brilyant Kazımovanında mirası faktiki qəbul etmələri və miras payları müəyyən edilməlidir. Həmçinin üçüncü şəxs Nərminə İbrahimovanın da ona çatası paydan iddiaçının xeyrinə imtina etməsi faktı nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin adı çəkilən Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlaklı bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X26 iddiaçı olan qızı İddiaçı, müstəqil tələb irəli sürən həyat yoldaşı Brilyant Kazımova, cavabdeh olan qızı Cavabdeh da başqa İ növbə vərəsəsi mövcuddur. Bu səbəbdən məhkəmə X26 birinci növbə qanun üzrə vərəsələri olan digər şəxsləri də araşdırmış və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X26 iddiaçı və cavabdeh olan qızlarından başqa Nərminə və İradə adlı da qız övladları vardır. Məhkəmə qeyd edir ki, Tofiq Kazımovun övladı olan İradə Kazımova xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş vərəsələr, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanunverciliyin tələblərinə əsasən məhkəmə qeyd edir ki, X26 digər övladı İradə Kazımova miras qoyan Tofiq Kazımovdan əvvəl öldüyü üçün o, vərəsə kimi tanına və sözügedən mənzildən payı müəyyən edilə bilməz. X26 digər övladı olan Nərminə İbrahimova da onun qanun üzrə vərəsəsidir. Bu səbəb də o da üçüncü şəxs qismində işə cəlb edilmişdir. Lakin, Nərminə İbrahimova mərhum atasından miras qalmış ünvan 1 ünvanında yaşamadığını, İddiaçı tam payının müəyyən edilməsinə etiraz etmədiyini və hər hansı bir tələb irəli sürmədiyini bildirrmişdir. Beləliklə məhkəmə yekun olaraq belə nəticə gəlir ki, mərhum X12 mülkiyyətində olan yeni qaydada ünvan 1 (köhnə qaydada Gəncə şəhəri, X37 küçəsi, bina 149, mənzil 37) ünvanının İddiaçı, Cavabdeh və X10 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və X2 miras qalmış yeni qaydada ünvan 1 (köhnə qaydada Gəncə şəhəri, X37 küçəsi, bina 149, mənzil 37) ünvanında onun vərəsələri olan Cavabdeh ¼, X5 ¼ və İddiaçı 2/4 hissədə payı müəyyən edilməlidir. İddia tələbi qalan hissə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 miras qalmış yeni qaydada ünvan 1 (köhnə qaydada Gəncə şəhəri, X37 küçəsi, bina 149, mənzil 37) ünvanında yerləşən miras əmlakın İddiaçı, Cavabdeh və X10 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. X2 miras qalmış yeni qaydada ünvan 1 (köhnə qaydada Gəncə şəhəri, X37 küçəsi, bina 149, mənzil 37) ünvanında yerləşən miras əmlaka Cavabdeh ¼, X5 ¼ və İddiaçı isə 2/4 hissə olmaqla miras payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə də iddia qaldırmaq məqsədi ilə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar