Məhkəmə qərarları › İş №2(125)-1723/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1723/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1723/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və cavabdeh ««Azəriqaz»» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyi» Gəncə RQİİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən abonentə əsassız olaraq borc kimi yazılmış 1555,20 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Gəncə RQİİ-in əsl cavabdeh «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilməsini, xx.xx.2022-ci il tarixli AKT əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manatın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın elementinin bitdiyi üçün onun dəyişdirilməli olduğunu bildirmişdirlər. Buna görə də sayğac başqası ilə əvəz edilmiş və qazın verilişi bərpa olunmuşdur. Həmin vaxta o, işdə olduğu üçün anası evdə olub və sayğacın dəyişdirilməsi barədə akta onun əvəzimə anası imza etmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ona borc barədə bildiriş gələrkən X1 müraciət etmiş, məlum olmuşdur ki xx.xx.2022-ci il tarixində onun iştirakı və xəbəri olmadan sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur ki, guya sayğaca müdaxilə olunduğu üçün 1555.20 manat borc yazılıb. Həmin akta əsas kimi sayğaca baxış keçirildiyini və sayğacın çıxış plastmas borusu deşildiyi bildirilmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmiş, 1555.20 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirir ki, sayğac çıxarılan zaman qaz istismar idarəsinin əməkdaşları tərəfindən sayğaca müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. 2021-ci ilə qədər evdə yaşayış olmayıb. Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayır.Ona görə də hesab edir əsassız olaraq hesablanmış 1555,20 manat silinməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının istifadəsində olan qaz sayğacı xx.xx.2022-ci il tarixli akta əsasən Elster tipli başqa bir sayğacla əvəz edilmişdir. İddiaçının istifadəsində olan əvvəlki sayğac yəni dəyişdirilən sayğac ekspertizadan keçirilərkən sayğacın çıxış plastmas borusunun deşilməsi faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkillər və sənədlər də vardır. Sayğacda müvafiq deffektlərin olub-olmaması isə iddiaçı-abonentə aid edilir. Ekspertizada iştirak könüllüdür. İddiaçı ekspertizada iştirak etməmişdir. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Elster tipli, G6 markalı, 40382416 nömrəli qaz sayğacı açılaraq Elster tipli, G6 markalı, 40382441 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi növbədənkənar yoxlama ilə əlaqədar qeyd edilmişdir. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 03228225 nömrəli «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman sayğacın daxilinə kamera vasitəsilə baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşik olması aşkar olunmuşdur. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 12960 m3 itirilmiş qaz sərfiyatına görə 1555,2 manat hesablanmışdır. **********00050 saylı abonetin saldosundan görünür ki, İddiaçı 2022-ci ilə qalıq borcu akt üzrə 1555,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 12960 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayağacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi halı aşkar edilmişdir. Lakin sayğacın çıxış plastmas borusunun abonentin təqsiri nəticəsində deşilməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi aktda göstərilməmiş, sayğac labarator müayinədən keçərkən istehlakçı məlumatlandırılmamış, iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinə görə istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, “Qazdan istifadə Qaydaları” istehlakçıları iki qrupa bölmüşdür, bunlar hüquqi və ya fiziki şəxslər olmaqla, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 35,5 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat pul silinsin. İş üzrə 35,5 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar