Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1733/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların onun yanında qalması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş iki uşağının onun yanında qalmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 819 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan iki uşaq - xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk vaxtlar ailə münasibətləri normal olsa da, bir müddət sonra münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş vermiş, cavabdeh mütəmadi olaraq söz-söhbət yaratmışdır. Cavabdehlə aralarında olan münasibətlər hazırda tamamilə kəsilmişdir, münasibətlərin yenidən bərpası mümkün deyildir. Cavabdehlə birgə yaşamırlar və birgə təsərrüfat aparmırlar. Hazırda iddiaçı yaşadığı mənzildən çıxaraq atası evinə qayıtmışdır və hər iki uşağı hazırda onun yanında yaşayırlar. Cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında ərizə verərək, iddia tələbini qəbul etdiyini, nikahın pozulmasına və birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmasına razı olduğunu bildirmişdir. Hazırlıq iclasında iddiaçı da ərizə verərək iki uşağının təlabatını özünün qarşılayacağını, aliment tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlə faktiki ayrıldıqları vaxtdan birgə nikahdan doğulmuş uşaqları onun yanında yaşayır. Alimentlə bağlı tələbi yoxdur. Odur ki, nikahın vaxt verilmədən pozulması və birgə nikahdan doğulmuş uşaqlarının onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında saxlanılmasına razı olduğunu bildirərək nikahın vaxt verilmədən pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatlarından və məhkəməyə təqdim etdikləri ərizələrdən aydın olur ki, tərəflər ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də məhkəmədən barışıq üçün vaxt verilmədən nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və təqdim etdikləri ərizələrdən müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş Xədicə və Sadiq adlı iki uşaqları hazırda anasının (iddiaçının) yanındadır və uşaqların kimin yanında saxlanılması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Odur ki, nikah pozulduqdan sonra uşaqlar faktiki vəziyyətə uyğun olaraq anasının yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı onun yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmədiyindən, tərəflər arasında nikah pozularkən aliment tutulması məsələsi həll edilməməlidir. Bununla yanaşı, məhkəmə izah etməyi zəruri hesab edir ki, uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı istənilən vaxt aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddiaçı tərəfindən ilkin mediasiya sessiyası və dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 100 manatın əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 819 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 İddiaçı yanında qalsın. Cavabdeh məhkəmə xərcinin əvəzi qismində 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1733/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1733/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver