Məhkəmə qərarları › İş №e-2(007)-527/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-527/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-527/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı ilə Cavabdeh аrаsındа Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış, 22 sentyabr 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 1089 nömrə ilə qeyd edilmiş nikah pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, iddiaçı – İddiaçı və cavabdeh – Cavabdeh 22 sentyabr 2005- ci ildə 1089 nömrəli akt qeydinə əsasən Bakı şəhəri Sabunçu rayonu X2 X5 rəsmi nikaha daxil olub. Onların birgə nikahından 22 iyun 2006-cı il təvəllüdlü - X8 və 17 dekabr 2008-ci il təvəllüdlü – X6 anadan olub. Tərəflər evliliklərinin ilk zamanlarında nisbətən mehriban yaşasalar da, son bir neçə il ərzində onların ailə münasibətləri faktiki olaraq heçə enib. Cavabdehlə iddiaçının arasındakı anlaşmazlıqlar ailədaxili çoxsaylı mübahisələrə səbəb olub. Nəticə etibarı ilə, tərəflərin ər-arvad kimi birgə yaşaması və ailənin mövcudluğunu qoruyub saxlamaq faktiki olaraq qeyri-mümkündür. Odur ki, iddiaçı cavabdehə qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və alimentin ödənilməsi” tələbinə dair mübahisə üzrə üzrə mediasiyaya müraciət edib. Mediasiya prosesində tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01182 nömrəli barışıq sazişi bağlanıb. Həmin sazişə əsasən: - Tərəflər onlar arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat VVADQ Şöbəsində 1089 nömrəli reyestr qeydi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdırlar. - Cavabdeh onların birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmasına razılıq verir. Cavabdeh xx.xx.2008-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək 2025-ci ilin yanvar ayından başlayaraq hər ayın 1 dən 15 –ə qədər 235 manat məbləğində alimenti iddiaçıya məxsus bank kartına ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərdəm göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və o, mediasiya prosesində iştirak etmiş və barışıq əldə olunmuşdur. Mediasiya xərcləri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən, onunla Cavabdeh arasında xx.xx.2005-ci ildə 1089 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizələri nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 137345 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1089 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. - Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01182 saylı Barışıq Sazişindən görünür ki, tərəflər arasında nikahın pozulması, uşaqın ananın yanında qalması və alimentlə bağlı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanması üçün İddiaçı tərəfindən 150 manat, mediasiya xərcləri ödənilmişdir . - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8 və yetkinlik yaşına çatmayan - xx.xx.2008-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar, ümumi təsərrüfat aparmırlar. İddiaçı nikahın pozulmasını təkidlə xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onlar arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında təkidli olduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə nikahın pozulması zamanı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yanında qalması məsələsini həll edərkən, uşaqın yaş həddindən və mediasiya bağlanmış barışıq sazişindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olmasını, azyaşların ana himayəsində qalıb böyüməsinin onun mənafeyinə uyğunluğunu nəzərə alaraq hesab edir ki, birgə nikahdan doğulmuş uşaqın ananın yanında qalması məqsədəmüvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşağın kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında alimentlə bağlı barışıq sazişi bağlanmışdır, məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda alimentin tutulması üçün zərurət yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı halda tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrində nəzərdə tutulanlarla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh аrаsındа Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış və 1089 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, xx.xx.2008-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh аrаsındа Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış, 22 sentyabr 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydlər kitabında 1089 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci təvəllüdlü X6 anası İddiaçı yanında qalsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar