Məhkəmə qərarları › İş №2(125)-1737/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1737/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1737/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq yazılmış 1036 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh X3 İstismar İdarəsi əsl cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evində quraşdırılmış sayğacın qazdan istifadə ilə bağlı borc məbləğini mütəmadi olaraq vaxtında ödəmiş, 11 may 2022-ci il tarixdə onun ərizəsi əsasında evinə quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bu zaman sayğac sökülmüş, o, sayğacın sökülməsinə dair akta imza etmişdir. Sayğac sökülərkən heç bir müdaxilə aşkar edilməmişdir. Sonradan xx.xx.2022-ci il tarixli akt tərtib edilərək guya sayğaca müdaxilənin olduğu göstərilmişdir. Halbuki, sayğac onların ərizəsi əsasında dəyişdirilmişdir. Əgər sayğac dəyişdirilərkən qoruyucu qapaq gövdədən tamamilə aralanmış olsaydı bu görünərdi və bu barədə sayğac sökülərkən tərtib edilmiş 11 may 2022-ci il tarixli aktda qeyd edilərdi. Qaz idarəsinin məsul işçiləri tərəfindən mütəmadi olaraq sayğaca baxış həyata keçirilmişdir. Əgər sayğacda hansısa problem aşkar edilsəydi sayğacı dəyişdirməli olardı. Çünki, onun evinə quraşdırılmış sayğac mexaniki sayğac olmuşdur. Hər dəfə qaz idarəsinin məsul işçisi qazın istismarı ilə əlaqədar mövcud borcu hesablayıb ona qəbz təqdim etmiş və o da həmin qəbzdə göstərilən məbləği ödəmişdir. Belə qəbz hər ay, bəzən də ayda iki dəfə yazılmışdır. O, daima artıq məbləğdə qaz pulu ödəmişdir. Əgər həqiqətən də onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunsaydı, sayğacın dəyişdirilməsini tələb etməzdi. Onun ərizə yazaraq sayğacı dəyişməkdə məqsədi mexaniki sayğacın həddindən artıq pul yazması olmuşdur. O, kart vasitəsilə ödəniş etmək istəmiş, mənzilinə smart kartla işləyən sayğac quraşdırılmışdır. Hazırda 1036 manat borc qanunsuz və əsassız olaraq yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 11 may 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış mexaniki “G4” markalı, **********0 nömrəli sayğac “G4” markalı, **********471 nömrəli sayğacla əvəz olunmuş, əvəz olunmanın səbəbi kimi abonentin ərizəsi göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2022ci il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış abonent İddiaçı (abonent kodu **********01920) yaşadığı ünvanda quraşdırılmış G4 markalı, **********0 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, X3 İstismarı İdarəsinin rəisi tərəfindən ünvan 3 ünvanda, **********01920 nömrəli abonent İddiaçı tərəfindən vurulmuş ziyanın həcminin 8640 m3 təbii qaz olaraq hesablanması və həmin məbləğin ödənilməsi qərara alınmışdır. Abonent saldosu adlı sənəddən görünür ki, **********01920 nömrəli abonent İddiaçı üçün 2022-ci ilin dekabr ayına sərfiyyat 8640 m3, qalıq və aktlar üzrə borc 1036 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər G4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh, istehlakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi G4 markalı, **********0 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması barədə heç bir qeyd aparılmamış, sayğac abonentin ərizəsi əsasında əvəz edilməsi məqsədilə çıxarılmışdır. Sayğac çıxarıldıqdan yeddi ay sonra aparılmış yoxlama nəticəsində hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması müəyyən edilmişdir. Həmin laborato müayinədə iddiaçı iştirak etməmişdir. Odur ki sayğacda aşkar edilən nöqsanların nə vaxt və hansı qaydada baş verməsi də aydın deyildir. Yuxarıda istinad edilən normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən, cavabdeh Azəriqaz İB tərəfindən 8640 m3 itirilmiş təbii qaz üçün abonent İddiaçı 1036 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********01920) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036 (bir min otuz altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar