Məhkəmə qərarları › İş №2(125)-1738/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1738/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1738/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkün real bölgüsü, mümkün olmadıqda açıq hərrac yolu ilə satılması, satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin 1/2 hissəsinə olan mülkiyyət hüququnun həyata keçirilməsi üçün həmin hissənin ayrı giriş-çıxışının yaradılması imkanı ilə real bölünməsi, bu texniki cəhətdən mümkün olmadıqda Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahda olmuş, nikahları pozulmuşdur. Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onunla cavabdeh arasında, hər birinin 1/2 hissə üzərində payları müəyyən edilmiş və bu barədə o, mülkiyyətində olan sahəyə çıxarış almışdır. Lakin buna baxmayaraq hələ də mülkiyyətində olan sahədən istifadə etmək imkanından məhrumdur, ümumiyyətlə mülkiyyətində olan sahəyə daxil ola bilmir və cavabdeh hər dəfə ona müxtəlif maneələr yaradır, mülkiyyətindən istifadə etməsini əngəlləyir. Bunun da əsas səbəbi mülkiyyətində olan yaşayış evinin aralarında real bölgüsünün aparılmaması olmuşdur. O, cavabdehə evdən payına düşən pulun ona verilməsini təklif etmiş, lakin cavabdehlə aralarında razılaşma əldə edilməmişdır. Cavabdeh onu mülkiyyətində olduğu evə qəti surətdə buraxmır. Məhkəmədən Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)- 1281/2019 saylı qətnaməsi ilə (sədrlik edən hаkim K.Z.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Ordubadi küçəsi, 97 nömrəli mülkün ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva, Ə.İ.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)-1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsininb yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixli, Ş **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınbmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/567 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin bölünməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmiş, həmin yaşayış sahəsinin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün olmamışdır. İddiaçı ilə cavabdeh payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 97 saylı fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı və Cavabdeh paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu142319-a ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar