Məhkəmə qərarları › İş №2(125)-1768/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1768/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1768/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1600 manat maddi ziyanın və 3000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 1600 manat, mənəvi zərərə görə isə 3000 manat olmaqla, cəmi 4600 (dörd min altı yüz) manat məbləğində pulun və ödənilmiş 66,40 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, gözlərinin hər ikisində anadangəlmə Astiqmatik (spazmalı) zəiflik vardır. 2018-ci ilin may ayında pensiya təyin etdirmək məqsədilə Gəncə şəhər, Kəpəz rayon, DSMF-ə gedərək orada işləyən və ona pensiya təyin etdirmək imkanına malik olduğunu bildirən Cavabdeh müraciət etmiş və ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh pensiya təyin edilməsi üçün 1600 manat məbləğində pul vəsaiti lazım olduğunu bildirmiş və o, Cavabdeh 2018-ci ilin may ayında 800 manat, həmin ilin iyun ayında isə yenidən 800 manat olmaqla, cəmi 1600 manat məbləğində pul vermişdir. Cavabdeh 1-2 ay müddətində işin düzəlməsinə söz vermiş, lakin həmin müddət keçdikdən sonra iş düzəlmədiyi üçün o, dəfələrlə pulun geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh hər dəfə pulu qaytaracağına söz versə də onu get-gələ salmış, müxtəlif bahənələrlə pulu verməkdən imtina edərək, telefon zənglərinə cavab verməmiş və nəticədə pulu qaytarmamışdır. Cavabdeh tərəfindən pulun geri qaytarılmadığını gördükdən sonra hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh başqa şəxslərdən də pensiya işi düzəltmək məqsədilə pul aldığına görə barəsində cinayət işi açılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cavabdeh 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda Bakı şəhərində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Belə ki, onun dincliyi, rahatlığı pozulmuş, əsəb, stress, psixi sarsıntı keçirmiş, əhatəsində olan şəxslərin ona qarşı mənfi fikri formalaşmış və münasibətləri pisləşmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti ona təqdim edilməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir vəsatət və ya etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-15/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 311.3.1, 311.3.2, 311.3.3 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh ifadəsində İddiaçı da daxil olmaqla başqa şəxslərdən də pensiya təyin etmək müqabilində pul aldığını etiraf etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbinin Cavabdeh mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı keçirdiyi mənəvi sarsıntı nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia qismən təmin olunmalı cavabdehdən 1600 manat maddi ziyan və 200 manat mənəvi ziyan alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 38 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1600 manat maddi ziyan və 200 manat mənəvi ziyan və dövlət rüsumunun əvəzi olaraq 38 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar