Məhkəmə qərarları › İş №2(125)-1777/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1777/2023

14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1777/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı notariat ofisinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, miras evin əvvəlki vəziyyətinə qaytarılması, vərəsə tanınma, miras mülkdə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı notariat ofisinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməyinin səbəbini üzrlü sayaraq, uzadılması, Gəncə şəhəri 6 saylı notariat kontorunun 23.*9.2*22-ci il tarixli 2V-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 5 saylı paylı mülkün mərhum X7 adına olan ¼ hissəsinin əvvəlki vəziyyətə qaytarılması və mülkün həmin hissəsinə vərəsəliyin müəyyən edilərək onun da vərəsə tanınması və miras mülkdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun bacısıdır, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 5 saylı evin ¼ hissəsi anası mərhum X7 mülkiyyətində olmuşdur. X4 19.*8.2*19-cu il tarixdə, atası X8 isə 26.*9.2**1-ci ildə vəfat etmişdir. Anasının vərəsələri dörd nəfər övladı olmuşdur: Maraqlı şəxs1, Ələkbərova (Əliyeva) İlhamə Nəcəfqulu qızı, İddiaçı və Cavabdeh2. Bu barədə 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin 3*.*1.2*23-cü il tarixli arayışını ərizəsinə əlavə etmişdir. O, 28.1*.2*15-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, bacıları ilə arasında atasından qalmış mülkə görə münaqişələri olduğu üçün onlarla heç bir əlaqə saxlamamışdır. Bacıları onu aldadaraq atasından miras qalmış evdəki payından bacısı İlhamənin xeyrinə imtina ərizəsi aldıqdan sonra onu döydürüb evdən çıxarmışlar. Anası vəfat edəndə bacıları ona xəbər verməmiş, buna görə də o, 25.*8.2*22-ci ildə Gəncəyə qayıdanda anasının vəfat etdiyini bilmişdir. Bacıları ona demişlər ki, koronovirus pandemiyası vaxtında düşdüyü üçün və onsuzda yollar bağlı olduğundan gələ bilməyəcəyindən ona məlumat verə bilməmişlər. Amma sonra öyrənmişdir ki, bacılarının məqsədi, anasından qalmış evdən onun payını ələ keçirmək olmuşdur. Beləliklə üzrlü səbəbdən mirasın qəbulu müdətini ötürmüşdür, belə ki, iddiaçı qeyd edir ki, ərizəsinə əlavə etdiyi xarici pasportundakı qeydlərdən göründüyü kimi, o, 28.1*.2*15-ci ildə Azərbaycan Respublikasının sərhədini keçib, 25.*8.2*22-ci ildə ölkəyə daxil olmuşdur. Bildirir ki, o bacılarına demişdir ki, atasından miras qalmış evdən payını ona verməsələr də, anasından miras qalmış evdən payını alacaq. Cavabdeh2 23.*9.2*22-ci il tarixdə ondan xəbərsiz anasından qalmış evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gəncə şəhər 6 saylı notariat ofisinə müraciət etmişdir. Bu məqsədlə notariusa 2 saylı Gəncə Regional ”Asan xidmət” Mərkəzindən mərhum Əliyeva Tubənin ailə tərkibi haqqında aldığı saxta sənədi təqdim etmişdir. Belə ki, şöbənin 2*.*9.2*22-ci il tarixli arayışında onun adı göstərilməmişdir. Bundan başqa, Cavabdeh2 mirasın qəbulu barədə notariat ofisinə yazdığı 23.*9.2*22-ci il tarixli ərizəsində göstərmişdir ki, özündən başqa vərəsələr yalnız Maraqlı şəxs1 və Maraqlı şəxs2dır. İlahə və İlhamə mirası qəbul etmədikləri və vərəsəlik haqqında şəhadətnamə almaq istəmədikləri barədə notariusa ərizə vermişlər. Notarius isə “Elektron notariat” informasiya sistemi vasitəsi ilə mərhum anasının ailə tərkibi haqqında arayış əldə etməmişdir. Nəticədə, 23.*9.2*22-ci il tarixdə cavabdeh Gəncə şəhər 6 saylı notariat ofisində qeyriqanuni olaraq miras mülkə dair Cavabdeh2 reyestrdə 2V-184 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı qeyd edir ki, notariat kontorunda vərəsəlik işi açılanda ona xəbər verilməmişdir. Bundan başqa, Cavabdeh2 anası vəfat edəndən xeyli əvvəl Bakı şəhərinə köçmüş, orada qeydiyyatda olmaqla həmin şəhərdə yaşamışdır, o mirası faktiki qəbul etməmişdir, beləliklə o mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Cavabdeh vərəsəlik haqqında şəhadətnamə alandan sonra miras mülkdə qeydiyyata düşmüşdür. Hazırda Cavabdeh2 miras mülkdə X7 payına dair öz adına çıxarış almışdır. O bu barədə öyrənəndə cavabdeh və digər bacıları ilə danışıb miras mülkdən öz payını tələb etmişdir. Onlar bu barədə düşünəcəklərini desələr də, bu vaxtacan ona heç bir şey təklif etməmişlər, buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Bildirir ki, cavabdehin bir neçə yerdə evi var, amma iddiaçının yaşamaq üçün evi yoxdur. Cavabdeh və digər bacıları onu aldadaraq həm ata evindən, həm də anasının evindən miras payını ələ keçirmişlər. Məhkəmənin hazırlıq iclasında iş üzrə digər vərəsələr – Maraqlı şəxs1 və Maraqlı şəxs2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 2*1*-cu ilə kimi atasına məxsus başqa evdə yaşamışdır, 2*15-ci ildən X6 yaşayır, buraya yaşayış hüququ verilməsi üçün gəlsə də, öyrənmişdir ki, həmin payı bacısı öz adına keçirtdirib. İddiaçı onu da qeyd etdi ki, anası ilə ölümündən qabaqki son 3 il ərzində heç bir danışığı olmayıb. Hazırda Türkiyədə olan oğlu Röyal anasının öldüyünü bilirdi, lakin anası ölən vaxt iddiaçı infarkt keçirmişdir, bu səbəbdən Röyal iddiaçının anasının öldüyünü ondan gizlətmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbinə yazılı etiraz etmiş, bildirmişdir ki, iddiaçı heç bir üzürlü səbəb olmadan qanunla müəyyən edilmiş müddətdə mirası nə faktiki olaraq, nə də notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. İddiaçının oğlu Röyal tərəflərin analarının ölümü barədə ona xəbər vermişdir, yəni iddiaçının anasının ölümündən xəbəri olmuşdur. Lakin iddiaçı anası ilə maraqlanmayıb, dəfələrlə gəlib anası ilə görüşməyini iddiaçıya təklif etsə də, iddiaçı anasının qayğısına qalmamış, cəmi bir dəfə anası ilə danışmışdır. Onların guya pandemiya ilə əlaqədar analarının ölməsini iddiaçıya bildirməmələri barədə iddiaçının dedikləri yalandır. Çünki anaları 2*19cu ilin avqust ayında ölmüş, pandemiya isə 2*2*-ci ilin mart ayında başlamışdır. Bundan başqa, 2 saylı Asan Xidmət mərkəzində ailə tərkibi barədə arayış alan zaman elektron qaydada iddiaçının adı çıxmamışdır və o da güman etmişdir ki, iddiaçı yəqin ki, Rusiya vətəndaşıdır, ona görə də adı çıxmır. Bu səbəbdən o, notariusa müraciət edərkən iddiaçının adını ərizəsində qeyd etməmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, mərhum anaları həmişə evi İlahəyə verəcəyini deyirdi, anası ilə faktiki olaraq İlahə yaşayıb, iddiaçı orada yaşamayıb, Rusiyaya getməmişdən əvvəl də, sonradan da atasına məxsus olmuş və hazırda bacıları İlhamənin mülkiyyətində olan Gəncə şəhəri, Xəlibəy Xasməmmədov küçəsi, 16 saylı evdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iddia tələbinə etiraz edərək, anası ilə sözügedən mülkdə bacısı İlahənin yaşadığını, iddiaçının anasının ölümündən məlumatlı olduğunu, lakin Gəncəyə gəlmədiyini, anası ilə maraqlanmadığını, miras əmlakı qəbul etmədiyini əsas gətirərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 da, bacısı Kəmalə ilə razı olduğunu qeyd edərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, iddiaçının sözügedən mübahisəli əmlakda heç bir payı yoxdur. İş üzrə digər cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri 6 saylı notariat ofisinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər məhkəməyə ərizə göndərərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, bacısı, mərhum X13 tikdirdiyi, hazırda mübahisələndirilən evdə vəfat edib, həmin evdə 1* ildir ki, bacısının qızı İlahə yaşayır, sənədləşmə isə Kəmalənin adına aparılıbdır. Neçə illərdir ki, iddiaçını görmür. Bacısı Tubənın ölümü barədə iddiaçıya xəbər verilibdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki X13 19.*8.2*19-cu il tarixdə, Gəncə şəhərində, “ağciyər-ürək çatışmazlığının digər dəqiq formaları” səbəbindən ölmüşdür. X7 4 övladı var: Maraqlı şəxs1, Ələkbərova (Əliyeva) İlhamə Nəcəfqulu qızı, İddiaçı və Cavabdeh2. Sonuncuların ataları X8 26.*9.2**1-ci il tarixdə, Gəncə şəhərində, “xərçəngin intoksikasiyası” səbəbindən ölmüşdür. Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 5 saylı evin ¼ hissəsi mərhum X7 mülkiyyətində olmuşdur. İddiaçı 28.1*.2*15-ci ildə Azərbaycan Respublikasının sərhədini keçmiş, 25.*8.2*22-ci ildə Azərbaycan Respublikasına daxil olmuşdur. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3*.*1.2*23-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid 3*.*1.2*23-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən dörd övladı - Maraqlı şəxs1, X5, İddiaçı və Cavabdeh2 müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 dekabr 2*22-ci il tarixli, 22332**1*26* nömrəli iddiaçıya cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 8-ci dalan, 5 saylı fərdi yaşayış evinin 1/4 hissəsi X7 adına olmuşdur. Lakin, notariat ofisinin vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X7 bu əmlakda olan payı digər şəxsin adına keçmişdir. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən 23 sentyabr 2*22-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 19.*8.2*19-cu ildə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2 tanınmış və onun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65,1* kv.m olan fərdi yaşayış evinin miras qoyan X9 məxsus ¼ hissədən irs almaq hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, notariat işində olan Maraqlı şəxs1 tərəfindən 23 sentyabr 2*22-ci il tarixdə verilmiş, 227418***255* nömrə ilə Gəncə Şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Maraqlı şəxs1 bildirmişdir ki, X4 19.*8.2*19-cu il tarixdə vəfat etmişdir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik haqqında şəhadətnamə almaq istəmir. Maraqlı şəxs2 tərəfindən 23 sentyabr 2*22-ci il tarixdə verilmiş, 227418***2549 nömrə ilə Gəncə Şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Maraqlı şəxs2 bildirmişdir ki, X4 19.*8.2*19-cu il tarixdə vəfat etmişdir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik haqqında şəhadətnamə almaq istəmir. Cavabdeh2 tərəfindən tərəfindən 23 sentyabr 2*22-ci il tarixdə verilmiş, 227418***2551 nömrə ilə Gəncə Şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh2 bildirmişdir ki, ünvan 2 ünvanda yaşayan X4 19.*8.2*19-cu il tarixdə ölmüşdür, mirasın tərkibi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsindən miras qoyana məxsus hissə - ondan irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: Maraqlı şəxs1 və Maraqlı şəxs2. Mirasın tərkibinə daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2*.*9.2*22-ci il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid 2*.*9.2*22-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən üç övladı - Maraqlı şəxs1, X5 və Cavabdeh2 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2*1*11**311*- 1*3*1 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış *5.1*.2*22-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda *,*121 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 65,1 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlakın 1/4 hissəsi X1, 1/4 hissəsi X3 və 2/4 hissəsi Cavabdeh2 məxsusdur. 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 3-16-5/8-1*- 1***/23 nömrəli, 14.*6.2*23-cü il tarixli məktubunda göstərilir ki, 2*.*9.2*22-ci il tarixdə vətəndaş Cavabdeh2 vətat etmiş anası T.Əliyevanın ailə üzvləri barəsində arayışın verilməsi ilə bağlı şöbəyə müracət etmişdir. Onun ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 2*.*9.2*22ci ilədək aparılmış, övladı kimi Cavabdeh2 aşkar edilmişdir. Ərizəçinin təqdim etdiyi doğum haqqında şəhadətnamələrə əsasən əlavə olaraq övladları kimi Maraqlı şəxs1, X5 arayışıa qeyd edilmişdir. Lakin vətəndaş İddiaçı barəsində yoxlama zamanı heç bir məlumat aşkar edilmədiyindən və bacısı Cavabdeh2 tərəfindən onun barəsində doğum haqqında şəhadətnamə təqdim edilmədiyindən onun mərhumənin övladı kimi qeyd edilməsi imkan xaricində olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan və ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda *,*121 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 65,1 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi tərəflərin anası - mərhum X9, ¼ hissəsi Cavabdeh2, digər hissələr isə başqa şəxslərə məxsus olmuşdur. Tubə Əliyeva 19.*8.2*19-cu il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız Cavabdeh2 qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilmiş və həmin şəhadətnaməyə əsasən mülkə dair həmin hissə üzrə də sonuncunun paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı miras açılan vaxt, yəni anası ölən zaman Rusiya Fedarasiyasında olduğunu, anasının ölümündən məlumatının olmadığını, bu səbəbdən mirası qəbul edə bilməməsini əsas gətirərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılıb uzadılmasını, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın etibarsız sayılmasını və miras əmlakda payının müəyyən edilməsini tələb edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan X13 19.*8.2*19-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçı mirasın açıldığı vaxt başqa ölkədə olduğunu, anasının ölümündən xəbəri olmadığını, bu səbəbdən mirası qəbul edə bilmədiyini bildirsə də bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının başqa ölkədə olması mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının başqa ölkədə olması onu digər hüquqlarından məhrum etməmişdir, o başqa ölkədə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Digər tərəfdən, iddiaçı anasının ölümündən xəbərinin olmadığını onunla əsaslandırmışdır ki, anası ilə ölümündən qabaqki son 3 il ərzində heç bir danışığı olmayıb, hazırda Türkiyədə olan oğlu Röyal anasının öldüyünü bilirdi, lakin anası ölən vaxt iddiaçı infarkt keçirdiyindən Röyal anasının öldüyünü iddiaçıdan gizlətmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bu qeyd etdiklərini təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin təqdim etdiyi, mərhumun bacısı olan şahid ifadəsində bildirmişdir ki, bacısı Tubənın ölümü barədə iddiaçıya xəbər verilibdir. Bundan başqa, məhkəmə iddiaçının ölkədən kənarda olduğu müddəti üzrlü hesab etsə belə, işin mübahisələndirilməyən halından görünür ki, iddiaçı Azərbaycan Respublikasına 2*22-ci ilin avqust ayının 25-də gəlmiş, lakin notariat ofisinə 15.12.2*22-ci il tarixdə, məhkəməyə isə mövcud iddia tələbi ilə *8.*2.2*23-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ölkəyə daxil olduqdan sonra mirasın 19.*8.2*19-cu il tarixdə açıldığını bilmiş, lakin üç ay ərzində mirasın qəbulu ilə bağlı müvafiq qaydada müraciət etməmişdir. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas kimi həm də həmin şəhadətnamə verilərkən onun barəsində notariat ofisinə məlumat verilmədiyinə istinad etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, bu hal mövcud olmuş olsa belə həmin şəhadətnamə bu əsas üzrə, miras əmlakı qəbul etdiyini sübuta yetirə bilməyən iddiaçının iddiası əsasında etibarsız hesab edilə bilməz. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməyinin səbəbini üzrlü sayaraq, uzadılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddiaçı ümumiyyətlə hər hansı üzürlü səbəb göstərməmiş, əksinə müddəti ötürmədiyini əsaslandırmağa çalışmışdır ki, bu dəlilin də əsassız olması məhkəmə tərəfindən yuxarıda qeyd edilənlərlə kifayət qədər əsaslandırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli evə dair Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.*.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, sözügedən evin 1/4 hissəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evin 1/4 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli miras əmlaka dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməməlidir. Məhkəmə, həmçinin iddianın miras əmlakda payın müəyyən edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də mübahisənin əsasını təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı notariat ofisinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, miras evin əvvəlki vəziyyətinə qaytarılması, vərəsə tanınma, miras mülkdə payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar