Məhkəmə qərarları › İş №2(125)-1779/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1779/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1779/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 1000 manat maddi və mənəvi ziyanın və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan divarın üstündə inşa edilmiş tikintilərin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşıdır. ünvan 1 ünvanda yerləşən mülk anası X1 mülkiyyətində olmuşdur. Cavabdehlə aralarında narazılıqlar olduğuna görə anası evin mülkiyyətçisi kimi məhkəməyə müraciət edərək mülkün 2 yerə bölünməsini xahiş etmiş və bir hissəsini qardaşına vermişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-93/2005 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-2691/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-93/2005 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-1683/2005 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK- 2691/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göygöl rayon DNK-nun xx.xx.2013-cü il tarixli, 2V-1-70 saylı vərəsəlik şəhadətnaməsi, xx.xx.2013cü il tarixli, 3M-1-110 saylı bölgü müqaviləsinə əsasən, ünvan 2 saylı mülklə bağlı onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX 01599024 seriyalı çıxarış verilmişdir. Məhkəmələrin qətnamələrindən sonra aradan barı çəkilmişdir. Lakin cavabdeh əvvəlki hərəkətlərini hətta aradan barı çəkildikdən sonra da icra etməyə başlamış, onlar tərəfindən müştərək olaraq çəkilmiş divarın üzərində tikinti həyata keçirmişdir. Həmin ara barı ümumi mülkdə olduğundan və hər iki şəxsin də mülkiyyətində olduğundan ondan təkbaşına olaraq istifadə etməsi yolverilməzdir. Lakin o, qardaşı ilə münasibəti korlamamaqdan ötrü onunla razılaşmışdır ki, cavabdeh həmin tikintini, yəni şiferi söksün, o isə divar hördürüb barını qaldırsın. Ancaq cavabdeh razı olmamış, o, gətirtdiyi daşları geri qaytarmışdır. Daha sonra yenidən cavabdehlə razılaşmıdır ki, dəmir konstruksiya ilə barını qaldırsın. Ancaq cavabdeh yenə də razı olmamış, o, aldığı tikinti materiallarını yenidən qaytarmış və hər dəfəsində ona maddi ziyan dəymişdir. Nəticədə həyətin görünüşü bərbad vəziyyətə düşmüşdür. Cavabdehin yoldaşı da onun evində işləyən ustalara nalayiq ifadələr işlətmişdir, buna görə də heç bir usta onun evində işləmək istəmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2588 nömrəli rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında olan sərhəd hasarının üzərində metal təbəqələrdən tikili inşa edildiyini, inşa edilmiş tikilinin həmin sərhəd hasarının üzərində inşa edildiyini və eyni zamanda həmin tikilinin inşa edilməsi zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsində (Yanaşı divarlar) qeyd olunan iki qonşu arasında notariat qaydasında təsdiq olunmuş razılığın mülki iş materiallarında öz əksini tapmadığını nəzərə alaraq, qanunvericiliyin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında olan sərhəd hasarı üzərində cavabdeh tərəfindən metal təbəqələrdən tikili inşa edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən metal təbəqələrdən inşa edilmiş tikili ona aid hissədə inşa edildiyi üçün o,özünə aid hissədən istifadə edə bilmir.Təyin olunmuş tikinti-texniki ekspertiza rəyindən də müəyyən olunmuşdur ki, savabdeh tərəfindən sərhəd hasarının üzərində metal təbəqələrdən inşa edilmiş tikili qanunvericiliyin tələblərinə riayət edilməməklə inşa edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sərhəd hasarı üzərində cavabdeh tərəfindən metal təbəqələrdən inşa edilmiş tikili cavabdehin öz hesabına sökülməlidir. İddia tələbinin maddi və mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki iddiaçı maddi və mənəvi zərərə görə 1000 manat pulun tutulmasını tələb etsə də, həmin zərərin nədə ifadə olunmasına dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sərhəd hasarı üzərində cavabdeh tərəfindən metal təbəqələrdən inşa edilmiş tikili cavabdehin öz hesabına sökülsün. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar